Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Anadolu Ajansı": Azərbaycan Ermənistandan beynəlxalq hüququn universal prinsiplərinə hörmətlə yanaşmasını gözləyir

"Anadolu Ajansı" yazır ki, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Bakının Ermənistandan beynəlxalq hüququn universal prinsiplərinə hörmətlə yanaşmasını gözlədiyini bildirib: "Azərbaycan Ermənistanla sülh danışıqlarının təşəbbüskarıdır və sülh sazişinin imzalanmasında maraqlıdır. Biz Ermənistandan yalnız beynəlxalq hüququn universal prinsiplərinə hörmətlə yanaşmasını gözləyirik", - deyə səfir "Anadolu Agentliyinə" müsahibəsində bildirib. O deyib ki, Azərbaycan və Ermənistanın sərhəd komissiyaları arasında 5 görüş keçirilib. Bakı vasitəçiliyə açıqdır, lakin hər iki ölkə birbaşa, ikitərəfli danışıqlar aparmağa qadirdir. O həmçinin bildirib ki, Ermənistanla danışıqlarda əsas məsələlərdən biri də regionda nəqliyyat-kommunikasiya dəhlizlərinin açılmasıdır.

"İzvestiya":Azərbaycan və Türkiyəyə doğru yeni addımlar atılır

"İzvestiya" yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyəyə doğru yeni addımlar atır. Belə ki, o, Ermənistanın qonşuları ilə münasibətləri inkişaf etdirməsi və yaxşılaşması üçün ölkəyə yeni Konstitusiyanın lazım olduğunu deyib. Qeyd edək ki, Azərbaycan tərəfindən bildirilib ki, sülh üçün Ermənistan konstitusiyasına dəyişiklik edilməlidir.

"Pakistan Observer": Pakistandan Azərbaycana səfər vizası tələb olunur

Pakistan vətəndaşlarından Azərbaycana turizm məqsədilə gəlmək üçün ziyarət vizası tələb olunur.

Bu barədə "Pakistan Observer" xəbər saytı məlumat yayıb. Azərbaycan hökuməti müxtəlif ölkələrin, o cümlədən Pakistan vətəndaşlarına elektron səfər vizalarının verilməsi üçün onlayn xidmətə başlayıb.

"Vestnik Kavkaza": Azərbaycanda Ermənistanın dağ-mədən xəritəsi hazırlanır

Azərbaycanda Ermənistanın dağ-mədən xəritəsi hazırlanır. "Vestnik Kavkaza" xəbər verir ki, bunu Azərbaycan Kartoqraflar İctimai Birliyinin sədri Müqabil Bayramov deyib.

O bildirib ki, xəritənin 40 faizi hazırdır: "Xəritə iki formatda hazırlanır. Bu xəritələr vasitəsilə bilmək olacaq ki, Ermənistanın harda faydalı qazıntıları var. Xəritə Ermənistanın Azərbaycanla sərhədində olan dağ-mədən sənayesinin yerlərini deyil, bütün Ermənistan ərazisini əhatə edəcək. Eyni zamanda  xəritədə ekoloji məlumatlar da yerləşdiriləcək. Hansı çaylar hansı maddələrlə çirkləndirilir və hara axıdılır.

Xəritənin təqdimatı dörd aydan sonra planlaşdırılır. Xəritə Azərbaycan, ingilis və erməni dillərində olacaq. Azərbaycan toponimləri ilə hazırlanacaq xəritələri ölkəmizdə keçiriləcək COP29 tədbirinin iştirakçılarına paylamağı da düşünürük".

"Eurasia.net": BP indiyədək dünyada həyata keçirdiyi ən böyük seysmik tədqiqat proqramına AÇG-də başlayıb

"Eurasia.net" xəbər saytı BP-nin ən böyük seysmik tədqiqat proqramı barədə məlumat yayımlayıb. Məlumata görə, BP şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi yanvarın 20-də AÇG yatağında yeni dördölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlayıb. AÇG yatağının hazırkı məhsuldar layları olan Balaxanı və Fasilə dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadratkilometr, qəbuledicilərin altında isə 507 kvadratkilometrlik bir ərazini əhatə edəcək. Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddəti isə beş il (2024-2028) planlaşdırılır.

Bu uzunmüddətli proqramın planlanmasına ötən ildən başlanıb. Proqram çərçivəsində dənizdibi qovşaqlardan, həmçinin bir qoşa mənbəli gəmidən ("Murovdağ") və bir qovşaq gəmisindən ("Quba") istifadə etməklə beş il ərzində beş monitorinqin aparılması nəzərdə tutulur.

"Respublika".