Sağlam həyat
Maraqlı

Sağlam həyat

Belə vərdişlər yuxuya mane olur

Türkiyəli mütəxəssislər belə qənaətə gəliblər ki, yatmazdan əvvəl qəlyanaltı, spirtli içkilər və hətta bir stəkan su belə yuxu rejimini poza bilər.

Mütəxəssislər hesab edir ki, son yemək yatmazdan iki saatdan gec olmayaraq tamamlanmalıdır. Alimlərin fikrincə, mədədəki qidaların yarısını bağırsaqlara göndərmək üçün orqanizmə 90 dəqiqə lazımdır. Erkən yatmaq mədə yanmasına və ya turşu reflüsinə səbəb ola bilər. Bundan əlavə, gecələr oyanıb ayaqyoluna getməmək üçün yatmazdan əvvəl su içmək vərdişindən də əl çəkmək tövsiyə edilir.

Mütəxəssislər günortadan sonra qəhvədən imtina etməyə çağırır, çünki onun bədənə təsiri səkkiz saata qədər davam edir. Eyni zamanda onların fikrincə, qəhvə çoxlarının inandığı kimi, enerji vermir, ancaq yorğunluq hissini boğur. Tədqiqatçılar izah edirlər ki, adenozin beyindəki reseptorla bağlanan və yuxululuğa yol açan molekul olduğu üçün kofein reseptora daxil olur və bu əlaqəni bloklayır. Qəhvədən əlavə, yatmazdan əvvəl spirtli içki qəbulu da məsləhət görülmür. Mütəxəssislərin sözlərinə görə, spirt REM və qeyri-REM yuxu dövrlərini pozur və zaman keçdikcə insan özünü çox yuxulu hiss edir, lakin yuxuya gedə bilmir.

Yuxuya mane olan digər pis vərdişlərdən biri də isti otaqda yatmaqdır. Tədqiqatçılar, yuxuya getmək üçün bədənin soyuq olmasını, ən əlverişli şəraitin sərin, qaranlıq və sakit otaqda olduğunu söyləyirlər.

 

Üzümü çəyirdəkli yeyin ki...

Yay aylarının vazkeçilməz meyvələrindən biri olan üzümü yeyərkən bəzilərimiz tumunu ayırır və ya çəyirdəksiz yeyirik. Lakin üzümü bu şəkildə yedikdə toxumunun faydalarından yararlanmaq mümkün olmur. Belə ki, indiyə qədər aparılan araşdırmalarla üzüm toxumunun bir çox sağlamlıq problemlərinə faydalı olduğu sübut olunub.

Üzüm çəyirdəyi tərkibindəki sağlam yağlar sayəsində oynaqlarda artrit (oynaqlarda yaranan xəstəliklərin kollektiv adı) əmələ gəlməsinin qarşısını alır.  O, həmçinin artritin səbəb olduğu şişlik və ağrıları aradan qaldırır. Bilavasitə meyvənin çəyirdəyindəki E vitamini və yağ turşuları dəri sağlamlığını dəstəkləyir. Kollagen istehsalına töhfə verən üzüm çəyirdəyi qırışlardan qoruyur. Ondan istifadə etməklə dəridə sızanaqların yaranmasının da qarşısını almaq mümkündür. Bu səbəbdən də dərinin daha hamar və gənc görünməsi üçün üzüm çəyirdəkli yemək tövsiyə olunur.  Bundan əlavə, üzüm çəyirdəyinin tərkibində dəri üçün faydalı olan E və C vitaminləri ölü hüceyrələrin bərpasını da təmin edir. Bu isə yaraların daha tez sağalmasına kömək edir. Araşdırmalar göstərir ki, meyvənin toxumu, həmçinin  ürək xəstəliklərindən qorunmaq üçün də effektiv vasitədir. Çəyirdəyin tərkibindəki bir çox komponentlər bədəndəki pis xolesterolun səviyyəsini aşağı salır, infarkt və insult riskini xeyli azaldır.

 

Nənə və babalara müjdə

Almaniyalı elm adamları  nəvə sahibi olmağın fiziki və ruhi sağlamlıq üçün faydalı olduğunu aşkar ediblər. Belə ki, Almaniyanın nüfuzlu qurumlarından olan Yohanes Qutenberq Universitetində aparılan bir araşdırma zamanı nəvə sahibi olmağın yaşlı insanların sağlamlıq vəziyyətinə müsbət təsir etdiyi ortaya çıxıb. Bu barədə "Sözcü" veb saytı məlumat yayıb.

Araşdırmada 14.810 nəfərin sağlamlıq vəziyyəti təqib edilərkən nəvə sahibi olanların ruhi və fiziki cəhətdən daha sağlam olduğu müəyyən edilib. Araşdırma nəticəsində məlum olub ki, nəvəsi olan insanların depressiyaya düşmə ehtimalı daha azdır.

50 ilə 80 yaş arasında olan şəxslərin üçdə birinin nəvəsi olduğu açıqlanarkən araşdırma aparan elm adamlarından Reyn van Ewjik: "Yaşlı vaxtlarda nəvə sahibi olmaq insanın həyatına yeni bir məna qata, yeni rol və daha çox sosiallaşma imkanları yarada bilər". "Kitab oxumaqdan tutmuş uşaq arabası gəzdirməyə qədər bütün nənə və babalar bundan faydalana bilər", - deyə Ewjik şərh edib.

Bununla belə nənə və babaların nəvələri sayəsində daha fəal olduqları bildirilsə də, uşaqların qayğısına qalmaqda həddindən çox məsuliyyət daşıyan, valideynlərinə kömək edən yaşlıların sağlamlıq vəziyyətinin az kömək edənlərə nisbətən pis olduğu ortaya çıxıb.

 

Ürək sağlamlığının sirri bu qidada imiş

Qozun insan orqanizminə faydaları saymaqla bitmir. Tərkibi mineral maddə və vitaminlərlə zəngin, yüksək kaloriyə malik olan bu çərəz sağlamlığımız üçün çox xeyirli qidalardan biri hesab edilir. Bu yaxınlarda isə amerikalı alimlər qozun xüsusilə ürək üçün ən faydalı məhsul olduğunu açıqlayıblar. Bu barədə, Harvard Xalq Sağlamlıq Məktəbinin tibb elmləri doktoru Marta Guaş Ferre "Lavanguardia" portalına məlumat verib.

Elm adamlarının fikrincə, bu məhsulun tərkibi digər çərəzlərdən fərqli olaraq, daha çox alfa-linolenik turşu ehtiva edir. "Müxtəlif araşdırmalar qozun lipid profilini yaxşılaşdıraraq ürək xəstəliklərindən qoruya biləcəyini göstərib", - deyə ekspert əlavə edib. Bundan əlavə, mütəxəssis məhsulun antioksidant və iltihab əleyhinə xüsusiyyətlərini də vurğulayıb.

Həmçinin bildirilib ki, qoz beynin inki

şafında və neyronlar arasında əlaqələrin gücləndirilməsində əsas rol oynayan omeqa-3 yağ turşuları ilə də zəngindir. Bu, neyropsixoloji yetkinliyin baş verdiyi yeniyetməlik dövründə xüsusilə vacibdir.

Mütəxəssislər faydalarından yararlana bilmək üçün gündəlik yeyiləcək qozun miqdarını da müəyyənləşdiriblər.  Belə ki, gün ərzində 51 qram qoz yeməklə faydalarından maksimum səviyyədə yararlana bilərsiniz.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".