Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Səsləri deşifrə edən ağıllı eynək

Böyük Britaniyaya məxsus "XRAI Glass" şirkəti eşitmə qüsuru olan insanlar üçün səsləri alt yazıya çevirə bilən ağıllı eynək hazırlayıb. Yeni hazırlanan proqram sayəsində eynək istifadəçiləri səsləri yazılı olaraq oxuya biləcəklər.

Ağıllı eynəklər səsləri istifadəçinin eynəyinin ekranında əks etdirir. Altyazılar vasitəsilə söhbətlər oxuna bilir. Bundan əlavə, proqramın səs tanıma sistemi vasitəsilə isə danışan şəxsin kimliyini müəyyən etmək olur.

Şirkətin direktoru Dan Scarfe yenilikçi texnologiya ilə eşitmə qüsuru olan insanların yaşamının asanlaşacağına ümid edir. Həmçinin o, bu ideyanın onun ağlına keçən il ailəsi ilə birlikdə Milad bayramını qeyd edərkən gəldiyini söyləyib. Eşitmə qüsuru olan 97 yaşlı babasının ailənin digər üzvləri ilə ünsiyyət qurmaqda çətinlik çəkdiyini görən Scarfe həmin gündən etibarən problemin həlli yollarını axtarmağa başladığını bildirib.

Qeyd edək ki, şirkətin növbəti hədəfi tətbiqin yalnız ingilis dilində deyil, digər dillərdə də istifadə edilməsini təmin etməkdir.

İnformasiya "Nature Communication" jurnalında dərc edilib.

 

Hamilələrə şad xəbər...

Massaçusets Texnologiya İnstitutunun alimləri hamilə qadınları sevindirəcək möhtəşəm bir yeniliyə imza atıblar. Belə ki, elm adamlarının ərsəyə gətirdikləri kiçikölçülü ultrasəs cihazı vasitəsilə analar istədikləri zaman bətnlərindəki körpəni anbaan izləyə biləcəklər.

Mühəndislərin poçt markası ölçüsündə hazırladıqları geyilə bilən cihaz 48 saata qədər vücudun dərinliklərində baş verənləri davamlı olaraq görüntüləyə bilir. Hazırda alimlər cihazın əldə etdiyi nəticələri təhlil edə və smartfon proqramına göndərə bilən süni intellekt üzərində çalışırlar. Qeyd edək ki, yeni texnologiya hazırda istifadə edilən Ultrasəs Müayinə Cihazlarında (USM) olduğu kimi, kabellər vasitəsilə kompüterə qoşularaq işlədilir. Lakin mütəxəssislər onun simsiz işləyə bilməsi üçün çalışmalarına davam edirlər.

Bundan əlavə, qalınlığı 3 millimetr olan cihazdan xərçəng xəstələrində şişləri izləmək, xəstəliyin diaqnozunu və müalicəsini sürətləndirmək məqsədilə də istifadə edilə bilər.

"Hamilələrin görüntülənməsində potensial olaraq ultrasəs stikkerlərdən istifadə edilə bilər. Bununla belə körpənin təhlükəsizliyini təmin etmək baxımından baxış tezliyi həftədə bir dəfədən çox olmamalıdır. Cihaz vasitəsilə həmçinin bütün daxili orqanları da izləmək mümkündür. Geyilə bilən texnologiyada yeni dövr açacağımıza inanırıq", - deyə tədqiqatçılardan Xuanhe Zhao qeyd edib.

"Science" jurnalında yayımlanan araşdırmada kiçikölçülü cihazlar 15 könüllü üzərində sınaqdan keçirilib. Cihaz 48 saat ərzində iştirakçıların müxtəlif bədən nahiyələrinə taxılıb. Bu müddət ərzində respondentlər velosipedsürmə, ağırlıqqaldırma, qaçış kimi müxtəlif fəaliyyətlər həyata keçiriblər. Kiçik cihaz məşq zamanı ürəyin formasının necə dəyişdiyini və su içildikdə belə, mədənin necə şişib-kiçildiyini göstərə bilib.

 

Günəşdən teleskop kimi istifadə ediləcək

NASA Günəşin cazibə qüvvəsi ilə meydana gələn təbii bir teleskopla daha çox uzağı görməyi planlaşdırır. Ekzoplanetləri müşahidə etmək üçün yeganə çıxış yolunu Günəşdə görən elm adamları hətta bu vasitə ilə yadplanetliləri də tapa biləcəklərini iddia edirlər.

Ekzoplanetləri birbaşa müşahidə etmək olduqca çətindir. Əgər bizdən 100 işıq ili uzaqlığında olan bir yadplanetli Yer kürəsini müşahidə etmək istəsəydi, ona güzgüsünün diametri 90 kilometr olan teleskop lazım olardı. Ancaq istehsalı mümkün olmayan və belə bir teleskopa ehtiyac duymadan nəinki kiçik ekzoplanetləri müşahidə etmək, hətta onları xəritələşdirmək belə mümkün ola bilər. Bu metodun təməlində isə Günəşi nəhəng bir obyektivə çevirmək planı durur. Belə ki, ondan uzaq obyektlərin böyüdülmüş şəkillərini görüntüləmək üçün teleskop obyektivi kimi istifadə edilə bilər. Məhz bu məqsədlə NASA Günəş Qravitasiya Lensi layihəsinə start verib.

Belə bir missiya ekzoplanetin səthinin görüntüsünü kifayət qədər təfərrüatı ilə təmin edə bilər. Lakin missiyanın həyata keçirilməsi üçün bir çox problem var. Ən əsası isə sistemin işləməsi üçün Günəşin lensi və teleskopun qalan hissəsi Yerlə Günəş arasındakı məsafənin 650 qatı və ya 650 astronomik vahid (AU) olmalıdır.

Bu sürətə çatmaq üçün isə komanda günəş yelkənindən istifadə etməyi, kosmik gəmini Günəşə kifayət qədər yaxınlaşdırmağı və daha sonra onu yüksək sürətlə uçurmağı planlaşdırır.

Qeyd edək ki, layihəyə start verilməsi üçün külli miqdarda maliyyə vəsaiti lazımdır. Əgər kifayət qədər vəsait toplanarsa ilk uçuşun 2034 -cü ildə həyata keçirilməsi planlaşdırılır.

İnformasiya "Forschung und Wissen" jurnalında yayımlanıb

 

Ölü hörümçək robota çevrildi

Hər keçən gün elm dünyasındakı qeyri-adi, ağlasığmaz yeniliklərin sayı durmadan artmaqdadır. Bu dəfə də, amerikalı alimlər cansız hörümçəyi hərəkətə gətirməklə həyəcanverici bir yeniliyə imza atıblar. Belə ki, tədqiqatçılar ölən həşəratların hüceyrə fəaliyyətinin bir müddət daha davam etməsini təmin edən nekrobiotik qoldan ilhamlanaraq, hörümçək robot hazırlayıblar. Bu yeniliyin tullantıların daşınması baxımından potensial çıxış yolu olduğuna inanılır.

Rice Universitetinin mühəndisləri bəzi ölmüş hörümçəklərin cansız bədənlərinə axan qan yerinə hidravlik təzyiq sistemi tətbiq ediblər. Daha sonra isə ölü həşəratlar hidravlik kameraya yerləşdirilib. Bir müddətdən sonra cəsədlərin bütün ayaqlarında hərəkətlilik müşahidə olunub və onlara "nekrobot" adı verilib.

Qeyd edək ki, təcrübə zamanı ən geniş yayılmış canavar hörümçəkləri növündən istifadə olunub. Çünki bu növ hörümçəklər özlərindən daha ağır əşyaları daşıya bilmə və ayaqlarındakı kiçik tüklər vasitəsilə isə obyektləri daha asan tuta bilmə bacarığına malikdirlər. Təcrübə zamanı alimlər onların bu bacarıqlarının yenidən bərpasına nail olublar.

Tədqiqatçılar nekrobotların həssas elektrik hissələrinin və tullantıların daşınmasında istifadə ediləcəyinə ümid edirlər. Üstəlik onların ölü olmaları kövrək əşyalara zərər vermədən daşımaq üçün olduqca sərfəlidir. Elm adamları bu yeniliyin digər heyvanların da nekrobotlarının hazırlanması üçün ilham verəcəyini söyləyirlər.

İnformasiya "TechXplore" veb saytında yayımlanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".