Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Pakistan Observer": Azərbaycan və Dünya Bankı Bakı şəhərinin 2040-cı ilə qədər İnkişaf Baş Planını müzakirə edib

Azərbaycan və Dünya Bankı Bakı şəhərinin 2040-cı ilə qədər Baş İnkişaf Planını müzakirə edib.

Bu barədə "Pakistan Observer" xəbər saytı məlumat yayıb. Məlumata görə, Komitənin sədri Anar Quliyev Dünya Bankının Avropa və Mərkəzi Asiyanın Davamlı İnkişaf üzrə regional direktoru Sameh Vahba ilə görüşüb. Görüşdə A.Quliyev Azərbaycanın şəhərsalma sahəsində indiyədək keçdiyi yoldan, son illər bu sahədə həyata keçirilən köklü islahatlardan, əldə olunan nailiyyətlərdən və qarşıya qoyulan mühüm məqsədlərdən geniş danışıb. S.Vahba da öz növbəsində Bakının Baş Planının təsdiq edilməsi, eləcə də bu şəhərdə beynəlxalq tədbirlərin keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

"Anadolu Agentliyi": TBMM sədri Qanlı Yanvar qırğınında həlak olanların xatirəsini yad edib

Türkiyə parlamentinin spikeri  Numan Kurtulmuş Qanlı Yanvar qırğınında həlak olanların xatirəsini yad edib. Bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Kurtulmuş sosial şəbəkədəki yazısında bu sözlərə yer verib:

"Yaxın tarixin ən ağrılı hadisələrindən biri olan Qanlı Yanvar qətliamında qətlə yetirilən azərbaycanlı qardaşlarımızın, o cümlədən qadın, uşaq və qocaların xatirəsini yad edir, onların ağrılarına şərik oluram. 20 Yanvarı unutmayacağıq. Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş qəhrəmanların unudulmasına imkan verməyəcəyik. Biz Azərbaycanın yanındayıq. "Bir millət, iki dövlət" anlayışı ilə bundan sonra da sevincimizdə, kədərimizdə birləşəcəyik", - deyə paylaşımda bildirilib.

"Vestnik Kavkaza": Keçmiş məcburi köçkünlərin doğma Füzuliyə qayıdışı davam edir

Azərbaycanda ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 22-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.

"Vestnik Kavkaza" məlumat verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 106 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 440 ailə, 1625 nəfərin daimi məskunlaşması təmin edilib.

"Kavkazskiy Uzel": Azərbaycan sakini mina partlaması nəticəsində xəsarət alıb

"Kavkazskiy Uzel" yazır ki, yanvar 21-də saat 13:30 radələrində Ağdam rayonu ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub. Hadisə nəticəsində Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Abışov Faiq Səyyad oğlu ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib.

"TASS": Azərbaycan Rusiyada Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır

Rusiyanın məşhur "TASS" agentliyi Sergey Lavrovun 2023-cü ildə ölkə diplomatiyasının yekunlarına dair mətbuat konfransı zamanı söylədikləri barədə məlumat yayımlayıb. Məlumatda Lavrovun Azərbaycanın Rusiyada Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğu barədə fikirləri yer alıb. Rusiyanın xarici işlər naziri bildirib ki, ancaq bəzi Qərb dövlətləri bu sazişin öz ərazilərində bağlanmasını istəyirlər: "Bu bir həqiqətdir ki, bizim qərbli həmkarlarımız sülh müqaviləsinin yalnız onların ərazisində imzalanmasını istəyirlər. Azərbaycanın sülh müqaviləsini Rusiya ərazisində imzalamağa hazır olması da faktdır. İrəvanın buna nə dərəcədə hazır olduğunu bilmirəm. Ermənistan paytaxtına çoxdan müvafiq siqnallar göndərilib".

"Respublika".