Ukraynalı jurnalistlər mükafatlandırıldı
Diaspora

Ukraynalı jurnalistlər mükafatlandırıldı

Vətən müharibəsi günlərində dost Ukrayna Azərbaycanı dəstəkləmiş, torpaqlarımız işğaldan azad olunduqdan sonra ukraynalı jurnalistlər ölkəmizdə olmuş, ermənilərin vandalizm hərəkətlərinin, tarixi ədalətin zəfər çalmasının şahidi olmuşlar.  Eyni zamanda  media əməkdaşları Naxçıvana da səfər etmişlər.

Ukraynalı jurnalistlər ölkələrinə döndükdən sonra ermənilərin 30 il ərzində işğal olunmuş ərazilərdə kənd və qəsəbələri dağıdıb, talan etmələri barədə mətbuatda, radioda və eləcə də müxtəlif televiziya kanallarında silsilə  məqalələr, verlişlər hazırlamış, Azərbaycan həqiqətləri dünya xalqlarına çatdırılmışdır.

Bu günlərdə Azərbaycanın İctimai-siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşları Ukraynanın paytaxtı qədim Kiyev şəhərində olmuş, Azərbaycanın haqq işini dəstəkləyən, müzəffər Azərbaycan ordusunun inamlı qələbəsini obyektiv işıqlandıran media əməkdaşları ilə yaddaqalan görüş keçirilmişdir.

5-ci kanalın baş direktoru Vladimir Menelskiy, Əməkdar jurnalist, teleaparıcı Nadya Baziv, Ukrayna Milli İctimai Televiziya və Radio Şirkətinin aparıcısı Gergi Spasakukotskiy və başqaları alqış sədaları altında Azərbaycanın İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin təsis etdiyi “Zəfər Media” mükafatlarına  layiq görülmüşlər.

Tədbirdə Mərkəzin sədri Samir Adıgözəlli çıxış edərək vurğuladı ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərimiz yenidən qurulacaq, bərpa işləri aparılacaq, ukraynalı jurnalistlər yenidən Azərbaycana səfər edəcək, işğaldan azad olunmuş ərazilərə həyat verən insanlardan yazacaqlar.

“Zəfər Media” mükafatının təqdim olunması mərasimində Ukrayna Azərbaycanlıları Konqresinin sədri, “Tərəqqi” medallı Rövşən Tağıyev, “Respublika” qəzetinin Ukrayna və Şərqi Avropa ölkələri üzrə müxbiri Möhsüm Qədiroğlu çıxış ediblər.

Q.ASLAN.

“Respublika”.