Azərbaycan etibarlı enerji təminatçısıdır
İqtisadiyyat

Azərbaycan etibarlı enerji təminatçısıdır

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Müstəqilliyin ilk illərində Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən biri məhz enerji siyasəti idi. Azərbaycanın enerji siyasətinin bir neçə istiqaməti mövcuddur ki, bunlardan ikisi xüsusi qeyd edilməlidir. Birincisi, Azərbaycanın öz daxili enerji təhlükəsizliyinin təmini, ikincisi isə digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfədir. Bu baxımdan həm Azərbaycanın enerji ehtiyatlarının hasilatı, həm də bu ehtiyatların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması böyük əhəmiyyət kəsb edir.

XXI əsrin ilk illərində ölkəmizdə aparılan genişmiqyaslı islahatların daha da dərinləşdirilməsi, cəmiyyətimizin daha yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratmışdır. Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi müasir meyarlara uyğun yenidən qurulmuşdur.

Xəzər hövzəsi regionunun dünya üçün mühüm karbohidrogen mənbəyi olması Avropanın diqqətindən yayınmır. Qərb analitikləri qeyd edirlər ki, Xəzər hövzəsində böyük neft şirkətlərilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır və Qərbin enerji daşıyıcılarının istismar edilməsində Azərbaycanla əməkdaşlıq etməsi yüksək qiymətləndirilir.

Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb. Avropa İttifaqının gələcəkdə də qaz istehlakı idxal hesabına artmaqda davam edəcək və bu tələbatın ödənilməsində Xəzər regionu, xüsusən də Azərbaycan böyük rol oynayacaqdır. Xəzər regionunun dünya enerji məkanındakı yeri və rolu günü-gündən artır. Bu, həm də onunla bağlıdır ki, Xəzər hövzəsi ölkələri enerji resursları həcminə görə dünyanın ən əhəmiyyətli ikinci (Fars körfəzi regionundan sonra) geoiqtisadi bölgəsi hesab olunur, həm də Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ən təhlükəsiz enerji məhsullarının dünya bazarlarına, istehlakçılara çatdırılmasında marşrutdur.

Son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində böyük layihələr imzalanmışdır. Burada “Şahdəniz-2”, TANAP və TAP layihələrini xüsusilə vurğulamaq olar.

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev bununla əlaqədar bildirmişdi: “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Eyni zamanda, dövlətimizin başçısı “Şahdəniz” layihəsinin Avropanın enerji xəritəsini dəyişəcəyinə əmin olduğunu bəyan etmişdir.

Azərbaycanın xarici siyasətində enerji amili öz əhəmiyyətli mövqeyini qorumaqda davam edir. Müxtəlif liderlərin hakimiyyətləri dövründə ölkənin ümumi xarici siyasət strategiyasında ciddi dəyişikliklər nəzərə çarpsa da, Azərbaycanın enerji siyasəti 25 il boyunca əsasən eyni hədəflərə yönəlmişdir. Azərbaycan bu siyasət nəticəsində hazırda öz enerji təhlükəsizliyini təmin edə bilir, eləcə də bəzi digər dövlətlərin enerji təhlükəsizliyində də əsas rol oynayır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Avropa Parlamentinin Parisdəki ofisində “Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş” mövzusunda beynəlxalq konfransda çıxışında bildirmişdir: “Azərbaycan hələ 150 il öncə sənaye üsulu ilə neft hasil edən ilk ölkə olub. 1901-ci ildə dünya neftinin 50 faizi bizim ölkədə hasil edilirdi. İlk neft bumu digər əsas iştirakçılarla yanaşı, Nobel qardaşları, Şell-Transport və Rotşild Banking House şirkətlərinin iştirakı ilə baş tutdu. İkinci Dünya müharibəsində Azərbaycan Sovet İttifaqının neft təchizatının ümumi həcminin 70 faizdən çoxunu təkbaşına təmin edirdi və bu, faşizm üzərində Qələbəyə böyük töhfə oldu”.

Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır və enerji təhlükəsizliyi məsələsinə yanaşmamız ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı, birləşdirməli, rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli, qarşılıqlı faydaya aparmalıdır. Bu, ölkəmizin dəyişməz enerji fəlsəfəsidir.

Aiza ŞABANOVA,

“Respublika”.