Beynəlxalq əməkdaşlığın yüksələn mərhələsi
İqtisadiyyat

Beynəlxalq əməkdaşlığın yüksələn mərhələsi

İqtisadiyyat Nazirliyində

İyunun 5-də iqtisadiyyat naziri Mikayıl Cabbarovun "Saipem" şirkətinin icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşündə ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan energetika layihələrinin önəmi qeyd edilib, "yaşıl enerji" və dekarbonizasiya sahələrində ölkəmizdə həyata keçirilən tədbirlər, SOCAR-la beynəlxalq tərəfdaşlar arasında olan layihələr barədə məlumat verilib.

Vurğulanıb ki, Azərbaycanın biznes və investisiya mühitinin əlverişliliyi, xarici şirkətlərin bu baxımdan ölkəmizə olan yüksək marağı regional və qlobal miqyasda mühüm layihələri gerçəkləşdirməyə imkan verir. Tərəflər enerji tərəfdaşlığının mövcud vəziyyəti və birgə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

***

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.

Görüşdə ölkəmizdə enerji səmərəliliyinin, bərpaolunan enerji mənbələrinin artırılması, ənənəvi yanacaq növlərindən istifadənin azaldılmasına diqqət yetirilməsi və digər nəticələr baxımından qazanılan uğurlar diqqətə çatdırılıb.

Tərəflər Azərbaycanın alternativ enerji resurslarından istifadənin intensivləşdirilməsi işində fəal iştirakı, COP29 tədbirindən gözləntilər və iqlim dəyişikliyini tənzimləyən proqramların maliyyələşdirilməsi mexanizmləri barədə fikir mübadiləsi aparıblar.

***

İqtisadiyyat Nazirliyində Dünya İqlim Fondunun icraçı direktoru ilə görüş keçirilib. Həmin görüşdə COP29-a hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovla Dünya İqlim Fondunun icraçı direktoru Yens Nilson arasında görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin "yaşıl" iqtisadiyyatın inkişafına, qlobal iqlim problemlərinin həllinə verdiyi önəmin göstəricisi olduğu vurğulayıb. COP29 çərçivəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın diqqət mərkəzində olduğu bildirilib, ölkəmizdə "yaşıl enerji"nin təşviqi və qlobal iqlim dəyişmələrinin təsirlərinin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət göstərildiyi qeyd edilib.

Bayram SALMANOV,

"Respublika".