Şərqdə ilk qadın bəstəkar
Mədəniyyət

Şərqdə ilk qadın bəstəkar

Üzeyir Hacıbəylinin ilk tələbələrindən olan Ağabacı Rzayeva 1912-ci il dekabrın 15-də Bakıda anadan olub. Həzin, məlahətli bəstələri ilə həssas və zövqlü dinləyicilərin, eləcə də sənətsevərlərin yaddaşında əbədi iz salan, əsərləri sənət xəzinəmizin incisi sayılan Ağabacı Rzayeva Azərbaycanın ilk qadın bəstəkarıdır.

Uşaqlıqdan onu əhatə edən musiqi və musiqiçilər mühiti bütün yaradıcılığına sirayət edib. A.Rzayeva 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə daxil olub. Əvvəlcə Üzeyir Hacıbəylidən, daha sonra Qara Qarayevdən bəstəkarlıq dərsləri alıb. 1942-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçildikdən sonra daha məsuliyyətli, daha məhsuldar işləməyə başlayan bəstəkar bir-birinin ardınca mahnı-romanslar yazır. 40-cı illərin mahnı-romansları arasında Mirvarid Dilbazinin sözlərinə yazılmış “Partizan oğlu”, “Qəhrəman ananın qəhrəman oğlu” və digər bəstələrini göstərmək olar. 1944-cü ildə Tbilisi şəhərində keçirilən Zaqafqaziya Respublikalarının musiqi ongünlüyündə o vaxt Azərbaycanın gənc bəstəkarları olan Qara Qarayev, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Fikrət Əmirovla birlikdə A.Rzayevanın da əsərləri böyük müvəffəqiyyətlə səslənmişdir. Onun orkestr üçün yazdığı “Yallı” instrumental əsəriylə yanaşı, görkəmli müğənnimiz Bülbülün ifasında mahnı-romanslarından “Gözləyirəm sevgilim”, Gözlərin”, Dilbərim” ifa olunmuş və böyük müvəffəqiyyət qazanmışdır.

Onun yazdığı hər bir romans, hər bir mahnı ilk ifasından xalq tərəfindən sevilib, dillər əzbəri olub. “Muğan qızı”, “Tarla dilbəri”,Neftçi Qurban”,Çoban Qara” əmək adamlarını, neftçiləri, tarla qəhrəmanlarını əks etdirən mahnılarıdır. A.Rzayeva 10 mart 1964-cü il “Sovet kəndi” qəzetində yazırdı: “Mən bu mahnıları yazmazdan əvvəl ayrı-ayrı kəndlərə gedir, kolxozçuların həyatı ilə yaxından tanış oluram. Əlbəttə ki, bu da əsərlərimə öz müsbət təsirini göstərir. Yaxşı yadımdadır, rayonların birində qoyunçuluq fermalarında çobanlarla görüşüb, qoyun-quzuların içində gəzib, təmiz dağ havasını udandan sonra yazdığım “Çoban Qara” mahnısı daha real, daha təsirli çıxdı”. O, qəhrəman neftçilərimizi də unutmayıb. 50-ci illər yaradıcılığına nəzər salanda bəstəkarın neftçilərə həsr olunmuş bir sıra silsilə mahnıları diqqəti cəlb edir. “Neftçilər”, “Bizim Fərman”, “Məzəli neftçi”, “Neftçi Qurban” bu qəbildən olan mahnılardır. Mahnılarını yazarkən şairlərlə birlikdə işləməyi xoşlayan bəstəkar, bir sıra mahnılarına özü şeir yazmışdı. Məsələn, “Durna qatarlı qızlar”, “Bizim sahə milisi”.

A.Rzayevanın yaradıcılığında lirik mahnılar daha çox yer alıb. Onların arasında dillər əzbəri olan “Evimizə gəlin qəlir”, “Toy mahnısı”,Telli sazım”,Kəklik”,Şuşanın yolları” və başqalarını göstərmək olar. A.Rzayeva ictimai xadim kimi də fəaliyyət göstərmişdir. Azərbaycanın rayonlarında keçirilən Xalq yaradıcılığına baxışlarda, olimpiadalarda münsiflər heyətinin üzvü kimi iştirak etmiş, xalq istedadlarını üzə çıxarmış, onların Bakıda təhsil almalarına köməklik göstərmişdir.

Üç dəfə – 1950, 1953, 1955-ci illərdə Bakı Sovetinə deputat seçilmiş,1963-cü ildə isə Ali Sovetin deputatı olmuşdur. Arxiv materiallarından bəlli olur ki, A.Rzayeva bir deputat kimi çox fəal olub. Buna sübut ona ünvanlanan seçici məktublarıdır. Deputata olunan müraciətlərin heç biri diqqətdən kənarda qalmayaraq öz həllini tapıb.

O, 1960-cı ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görulüb, 1972-ci ildə anadan olmasının 60 illiyi münasibətiylə “Şərəf nişanı” ordeni ilə təltif olunub.

O, 1975-ci il iyulun 5-də 63 yaşında Bakıda dünyasını dəyişib.

Bayram SALMANOV,

"Respublika".