COP29-un yaratdığı imkanlar
İqtisadiyyat

COP29-un yaratdığı imkanlar

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyası 2024-cü ildə Bakıda keçiriləcək. COP29-da iqlim dəyişikliyi, ənənəvi və alternativ enerji resurslarının gələcək istehsalı, istehlakı ilə bağlı ciddi sənədlərin qəbul ediləcəyi gözlənilir.

Tədbirdə iştirak etmək üçün ölkəmizə təqribən 120-yə yaxın dövlətin rəsmi nümayəndələrinin, o cümlədən on minlərlə insanın gələcəyi gözlənilir. Bu nüans tədbirin mötəbərliyindən xəbər verir. Sözsüz ki, tədbir keçirilən günlərdə dünyanın diqqəti ölkəmizə yönələcək. Bu baxımdan, toplantının Azərbaycanda keçirilməsi ölkəmizin nailiyyəti kimi qiymətləndirilə bilər.

2020-ci ildə 44 günlük müharibədə Azərbaycan Ermənistanın işğal altında saxladığı torpaqlarını azad etdi. 2023-cü ilin 19 sentyabrında Qarabağda aparılan 23 saatlıq lokal antiterror tədbirlərlə regionda dayanıqlı və qalıcı sülhə imkan verməyən separatçı, terrorçu dəstələr tərk-silah edildi. Bundan sonra erməni lobbisinin dəstəyi ilə dünya ölkələrində Azərbaycana qarşı əks-təbliğat gücləndi. Azərbaycanı absurd şəkildə "etnik təmizləmə"də, "sülhə mane olmaqda" suçlandırdılar. Bu cür əsassız ittihamlar bu gün də davam edir. Halbuki Azərbaycan dövləti öz güclü ordusunu ilə 30 il həllini gözləyən, nüfuzlu beynəlxalq təşkilatların çözə bilmədiyi bir problemi-Qarabağ münaqişəsini həll edib. Sülhə isə Ermənistandakı revanşa ümidli qüvvələr mane olur. Ermənistan 30 il Azərbaycan torpaqlarını işğalda saxlayıb, ölkəmizin meşə zolaqları, filiz yataqları talan edilib, su resurslarımız çirkləndirilib, Şərqi Zəngəzur və Qarabağ ərazilərinə 1 milyon 500 mindən çox mina basdırılıb. Bütün bunlar işğaldan azad edilmiş bölgələrdə həyatın canlanmasına mane olan, böyük qayıdışı gecikdirən məsələlərdir. Daha ədalətli olardı ki, dünya birliyi Qarabağı 30 il xaraba qoymuş, mina ilə çirkləndirmiş erməni tərəfini ittiham etsin. Azərbaycana qarşı beynəlxalq qara əks-təbliğat kampaniyasının getdiyi bir zamanda COP29-un Bakıda keçirilməsinə dair qərarın qəbul edilməsi ciddi siyasi, diplomatik uğurdur. COP29 Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə bir daha çatdırılması, həmçinin ölkəmizin iqtisadiyyatı, turizmin inkişafı üçün mühüm əhəmiyyətə malik olacaq. Biz bu toplantının yaratdığı imkanlardan maksimum faydalanmalıyıq. Xarici dillərdə videoçarxlar, stendlər hazırlamalı, toplantı iştirakçılarına Azərbaycana qarşı mina terroru, çay və digər su hövzələrimizin çirkləndirilməsi ilə bağlı geniş məlumatlar verməliyik.  

Qeyd edək ki, 1995-ci ildən hər il təşkil edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub. "Yaşıl iqtisadiyyat"a və alternativ enerji resurslarına keçid hazırda əksər dövlətlərin elan etdiyi və bəşəriyyət qarşısında duran əsas məqsədlərdən biridir.

Qlobal istixana effekti yaradan qazların emissiyalarının cəmi 0,15 faizi Azərbaycanın payına düşür. Ölkəmizin əsas hədəfi 2030-cu ilə qədər istixana effekti yaradan qazların emissiyalarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmaqdır. Azərbaycan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və tikinti-quruculuq işlərində ekoloji texnologiyalara, həmçinin "ağıllı" və "yaşıl" yanaşmalara əsaslanan layihələrə üstünlük verir.

Azərbaycan hökuməti işğaldan azad edilmiş bölgələri "Yaşıl enerji" zonası elan edib. Lakin həmin bölgələrdə mina təhlükəsi geniş tikinti-quruculuq işlərinə mane olur. Bu regionun su resursları çirkləndirilib. Bölgənin flora və faunasına, meşə zolaqlarına, bütövlükdə, ekosisteminə qarşı vandalizm aktları həyata keçirilib. Bütün bunlar barədə geniş və effektli təbliğat işlərinin aparılmasına ehtiyac var.

Elman CƏFƏRLİ,

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə

İctimai Birliyinin sədri.