Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
Region

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Aqrar Sığorta Fondu son günlər hava şəraitinin kəskin dəyişməsi və təbiət hadisələrinin artması ilə əlaqədar olaraq sığortalı fermerlərə müraciət edib.

"Respublika" xəbər verir ki, müraciətdə əkinlərini və təsərrüfatlarını sığorta etdirmiş fermerlərdən təbiət hadisələrinin təsərrüfatlara vurduğu zərər barədə operativ şəkildə Aqrar Sığorta Fonduna məlumat vermək xahiş olunur.

Təsərrüfatlara zərər dəyməsi barədə müraciətlərin vaxtında edilməsi dəymiş zərərin qısa zamanda və dəqiq dəyərləndirilməsinə imkan verir, həmçinin hadisələrin araşdırılması və ödənişlərin həyata keçirilməsi prosesini sadələşdirir.

Mayın 4-dən başlayaraq Fondun Çağrı mərkəzinə 10 rayon üzrə 30 müraciət daxil olub. Müraciətlər Kürdəmir, Beyləqan, Ağcabədi, Biləsuvar, Zərdab, Quba, Qusar, Xaçmaz, İmişli, Tovuz rayonlarında fəaliyyət göstərən fermerlər tərəfindən ünvanlanıb və arpa, buğda, pambıq əkinləri, alça və gilas bağlarını əhatə edir.

Hazırda fermerlərin müraciətlərinə əsasən hadisədən zərər çəkən təsərrüfatlara aqrar sığorta ekspertləri ezam olunur. Aqrar sığorta ekspertləri sığortalanmış təsərrüfatlara dəyən zərəri müəyyənləşdirmək üçün ilkin qiymətləndirmə həyata keçirəcəklər.