Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər
Elm və təhsil

Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları - Akif Quliyev, Vüsal Həsənov, Lola Hüseynova, Şahin Səlimbəyov, Lamiyə Həbibova Serbiyanın Valevo əyalətinin Petniça kəndi ərazisinə məhkəmə arxeologiyası və antropologiyası üzrə təlimlərdə iştirak ediblər.

İnstitutdan "Respublika"ya bildirilib ki, təlimlərə, həmçinin BQXK, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin mütəxəssisləri qatılıblar.

İki həftə ərzində Serbiyanın Məhkəmə Arxeologiyası və Məhkəmə Antropologiyası Mərkəzinin mütəxəssisləri Maria Duriç, Andrey Staroviç, Daniela Doniç, Vladimir Peçikoza, İqor Vaduveskoviç, Kseniya Zeliç, Slobodan Nikoliç azərbaycanlı həmkarları ilə təcrübələrini bölüşüblər.

Azərbaycanlı mütəxəssislər Petniça Elmi Mərkəzində məhkəmə arxeologiyası üzrə qazıntı işləri apararaq skeletlərin ekshumasiyasını həyata keçiriblər. Növbəti mərhələdə qazıntılar zamanı aşkar edilmiş antropoloji materialların və digər artefaktların laborator şəraitdə tədqiqi, sənədləşmə, skeletlərin idenfikasiyası, fotoların düzgün çəkilməsi, hesabatların standartlara uyğun yazılması işləri aparılıb. Sonra tədqiqat işlərinin nəticələrinə dair hesabat hazırlayaraq təqdimat keçiriblər. Hesabat serbiyalı alimlər tərəfindən müsbət dəyərləndirilib.

Sonda təlimlərdə iştirak etmiş mütəxəssislərə beynəlxalq sertifikatlar təqdim olunub.