Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

The times of İsrael: İsrail müdafiə naziri Qallant Bakıya səfərində Azərbaycan Prezidenti ilə əlaqələrin genişləndirilməsini müzakirə edib

The times of İsrael xəbər saytı müdafiə naziri Yoav Qallantın Bakıya səfəri haqqında xəbər yayımlayıb. Bildirilib ki, o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Qallant və Əliyev son regional və qlobal hadisələri, o cümlədən strateji əlaqələri və ümumi çağırışlara qarşı əməkdaşlığı gücləndirmək yollarını müzakirə ediblər: "Nazir Qallant Azərbaycanın İsraildə səfirliyinin açılmasına, ölkələr arasında əlaqələrin dərinləşdirilməsinə rəhbərlik etdiyinə və şəxsi öhdəliyinə görə Prezidentə minnətdarlığını bildirdi. Müzakirələr Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bu il liderlər arasında keçirilmiş əvvəlki görüşə əsaslanır", - deyə məlumatda əlavə edilib.

Qallantın Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və digər yüksəkrütbəli müdafiə rəsmiləri ilə də görüşü baş tutub. Onu aparat rəhbəri Şaçar Katz, Hərbi katib Guy Markizeno və nazirliyin Siyasi-Hərbi Bürosunun direktoru Dror Şalom müşayiət edib.

 

ABŞ Dövlət Departamenti: Dövlət katibi Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Dövlət katibi Antoni Blinken iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb və ABŞ-ın Ermənistan-Azərbaycan sülh müzakirələrinə davamlı dəstəyini və danışıqlarda kreativlik, çeviklik və kompromislərə ehtiyac olduğunu bildirib.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat verib. Dövlət katibi Blinken Laçın dəhlizi ilə kommersiya, humanitar və şəxsi avtomobillərin pulsuz tranzitinə ehtiyac olduğunu vurğulayıb. O, hər iki tərəfin davamlı və ləyaqətli sülhə doğru danışıqların davam etdirməsinin vacibliyini də qeyd edib.

 

The Jerusalem Post: Yoav Qallant təhlükəsizlik problemləri ilə bağlı əməkdaşlıq barədə Azərbaycan Prezidenti ilə görüşüb

İyulun 13-də İsrailin  müdafiə naziri Yoav Qallant ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü İsrailin Bakıdakı səfirliyinə olan terror cəhdinin fonunda keçirilib. Bu barədə, The Jarusalem Post xəbər yayımlayıb. Qallantın açıqlamasına istinadən xəbər saytı bildirir ki, iki rəsminin regional hadisələri və ümumi təhlükəsizlik problemlərinin öhdəsindən gəlmək üçün strateji əlaqələri birlikdə necə gücləndirə biləcəkləri müzakirə edilib. Bundan əlavə, onlar texnoloji əlaqələrin genişləndirilməsinə sadiq olduqlarını da bildiriblər.

 

"Reuters": Yanvar-iyun aylarında Azərbaycanda neft-kondensat hasilatı 15,2 milyon ton olub

İngiltərənin məşhur "Reuters" agentliyi Azərbaycanın energetika naziri Pərviz Şahbazovun şəxsi tviter hesabındakı paylaşımı barədə məlumat yayımlayıb. Məlumatda 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda neft-kondensat hasilatının 15,2 milyon ton olduğu bildirilib. Nazir, həmçinin 2023-cü ilin birinci yarısında ölkəmizin dünya bazarlarına 12,7 milyon ton neft-kondensat ixrac etdiyini də diqqətə çatdırıb.  Bundan başqa, Azərbaycan hökumətinin 2023-cü ildə ölkədə neft hasilatını 31 milyon 222,3 min ton həcmində proqnozlaşdırdığı da məlumatda öz əksini tapıb.

 

“Hraparak”: Azərbaycanın Xankəndi şəhəri

İyulun 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə görüşü olub. Bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı, Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın sərhəd-buraxılış məntəqəsində yaranmış son vəziyyət, habelə BQXK-nın Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub. Nazir Ceyhun Bayramov Laçın sərhəd-buraxılış məntəqəsindəki son vəziyyətlə əlaqədar bildirib ki, 15 iyun tarixində məntəqənin atəşə tutulması ilə yanaşı, erməni əsilli sürücülərin Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində qaçaqmalı məhsullarını Azərbaycana gətirmək səyləri Ermənistan tərəfinin Azərbaycanın suverenliyinə müdaxilə edən cəhdlərdən və qeyri-qanuni fəaliyyətdən əl çəkmək niyyətində olmadığını göstərir. Aparılmış müzakirələr zamanı, zəruri qaydalara riayət etməklə, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsinin mümkünlüyü nazir Ceyhun Bayramov tərəfindən bildirilib. Erməni sakinlərin tədarük ehtiyaclarına gəldikdə, Azərbaycan tərəfinin Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu bir daha xatırlanıb. Görüş zamanı, həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında da  fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, rəsmi görüş zamanı tarixi Azərbaycan şəhərinin Xankəndi adlandırılması Ermənistan mətbuatında qıcıq yaradıb.

 

"Anadolu Agentliyi": Türkiyənin milli müdafiə naziri Azərbaycan Prezidentinin köməkçisi Xalid Əhədovla görüşüb

Azərbaycan Prezidentinin köməkçisi Xalid Əhədov Türkiyədə səfərdədir. O, Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşüb. Bu barədə "Anadolu Agentliyi" məlumat yayıb. Bildirilib ki, onlar  müdafiə sahəsindəki ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

Türkiyəli nazir qeyd edib ki, Türkiyə müdafiə sahəsindəki təcrübəsini bundan sonra da Azərbaycanla bölüşməyə davam edəcək. Gülərin sözlərinə görə, ölkəsi can Azərbaycanın yanındadır.

"Respublika".