Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Le journal de montreal": Azərbaycan Prezidenti rəsmi Parisi Qafqazda "yeni müharibə"nin tərəfdarı olmaqda ittiham edib

Fransız nəşri Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alan Fransanın Cənubi Qafqazda "yeni müharibə" yaratmaq barədə fikirlərini dərc edib: "Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda - Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyillərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır". Qeyd edilib ki, beynəlxalq konfransın iştirakçılarına ünvanlanmış müraciətdə Fransanın Qafqazda dağıdıcı rolu pislənilib.

"The Peninsula Qatar": Qətər və Azərbaycan əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalayıblar

Noyabrın 21-də İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində Qətər Hökuməti ilə Azərbaycan Hökuməti arasında birgə əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumunu Qətərin əmək naziri dr. Əli bin Smaikh Al Marri və Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev imzalayıblar. Qeyd edək ki, memorandum məhsuldar əməkdaşlıq strategiyasını təkmilləşdirmək üçün nəzərdə tutulmuşdur.

"Ukrinform":Azərbaycan Ukraynaya növbəti dəfə humanitar enerji yardımı edib

Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci partiyası göndərilib. "Ukrinform" xəbər verir ki, humanitar yüklərə 900 min metrdən çox elektrik kabeli və naqilləri, həmçinin 18 transformator və transformator yarımstansiyası daxildir.

"Anadolu Agentliyi": Azərbaycan Ermənistanı sülh danışıqlarında "lazımsız gecikmələrdən" çəkinməyə çağırır

"Anadolu Agentliyi" xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı ilə bağlı mətbuata açıqlama verib.

"Sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir. Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir.

Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır. Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik", - Azərbaycan XİN-dən bildirilib.

"Reuters":Azərbaycan bildirir ki, Fransa Ermənistanı silahlandırmaqla yeni regional müharibəyə zəmin yaradır

"Reuters" xəbər saytı Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Bakıda keçirilən "Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişaf" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti haqqında xəbər yayımlayıb. Yazıda ölkə başçımızın müraciətindəki: "Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda - Cənubi Qafqazda sabitliyi pozur, separatizm meyillərini və separatçıları dəstəkləyir" kimi sözləri yer alıb.

"Turkic World": Azərbaycanın "Abşeron" yatağından hasil edilən təbii qaz Türkiyə və Avropa bazarlarına yönəldilə bilər

"Turkic World" xəbər saytı məlumat verir ki, "Abşeron" yatağının işlənilməsinin növbəti mərhələsində qaz Türkiyə və Avropaya yönəldilə bilər. Bu barədə "TotalEnergies-Azerbaijan" şirkətinin baş direktoru Emmanuel de Guillebon Neft Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə Bakıda keçirilən 10-cu Yubiley Xəzər Texniki Konfransında çıxışı zamanı bildirib.

"Hazırda yataqdan hasil edilən qaz ölkə daxilində satılır, lakin layihənin növbəti mərhələsində həcmlərin artacağını nəzərə alsaq, ixrac üçün Türkiyə və Avropa bazarları nəzərdən keçirilir. Qeyd olunan bazarlarda tələbatın olub-olmaması sual altında deyil, əsas məsələ, qazın lazımi bazarlara çatdırılması və nəqlidir", - deyə o əlavə edib.

Bakıdan təqribən 100 kilometr cənub-şərqdə, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron qaz-kondensat yatağı JOCAP (Absheron Petroleum-un Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunur. "Abşeron" yatağından ilk qaz bu il iyul ayının əvvəlində hasil edilib.

"Abşeron" yatağının işə salınması Azərbaycanın neft-qaz sektorunda "Şahdəniz-2"dən sonra ən böyük layihədir.

"Respublika".