Hər günü bir tarix idi...
Gündəm

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 9-cu günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

 

5 oktyabr

  • Səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən ölkəmizin ərazisinə raket buraxılışını qeydə alıb.
  • Qoşunlarımızın zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2, 41-ci artilleriya alayının 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 63-cü tank taborunun daha 3 tankı məhv edilib. Müdafiə Nazirliyi döyüşlərdə Ermənistan ordusunun atıb qaçdığı və bölmələrimizin məhv etdiyi silah və texnikalarının fotoşəkillərini yayıb.
  • "Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib.
  • Prezident İlham Əliyev Türkiyənin "TRT Haber" televiziya kanalına müsahibə verib. Ölkə başçısı deyib: "Bu günə qədər qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Azərbaycan Ordusu uğurla irəliyə gedir. Bir çox yaşayış məntəqələri, bir şəhər, bir neçə kənd işğaldan azad edildi. Hazırda müxtəlif istiqamətlərdə şiddətli döyüşlər gedir. Bildiyiniz kimi, dünən Cəbrayıl şəhəri işğaldan azad edildi və Cəbrayıl rayonunun bir neçə kəndi də işğaldan azad edildi. Ümid edirəm ki, bundan sonra da Azərbaycan Ordusu öz missiyasını uğurla icra edəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bizim əsas məqsədimiz bundan ibarətdir".
  • Aprel döyüşlərində düşmənin 6 tankını məhv etdiyinə görə "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüş gizir Tahir Misirxanov Vətən müharibəsinin başlanmasından bəri Ermənistan ordusunun daha 11 zirehli texnikasını sıradan çıxarıb.
  • Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində həlak olmuş mülki şəxslərin sayı 25-ə, xəsarət alanların sayı isə 127-yə çatıb. Bundan başqa, 316 evə və 56 mülki obyektə ciddi ziyan dəyib. Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı 19 cinayət işi açılıb. Ermənistan Ağcabədini atəşə tutub, yaralananlar olub. Düşmənin 4 "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.
  • Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 "Qrad"ı sıradan çıxarılıb. Bundan əlavə, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də Azərbaycan Ordusunun sərrast atəşi ilə məhv edilib. Müdafiə Nazirliyi işğaldan azad edilmiş Talış kəndinin videogörüntülərini yayıb.

"Respublika".