Yeni ştam təhlükəlidirmi?
Gündəm

Yeni ştam təhlükəlidirmi?

Birləşmiş Ştatlarda koronavirusun (COVID-19) yeni "JN1" ştamı sürətlə yayılır. Bu ölkədə yeni ştama yoluxma sayı son iki həftədə iki dəfə artıb. ABŞ-da virus infeksiyasına yoluxanların 44 faizində məhz "JN1" aşkarlanıb. Bu da Ümumdünya Səhiyyə Təşkilatının diqqətini çəkib. Qurumdan verilən məlumatda bildirilir ki, bu ştam öncədən məlum olan "Omikron XBB.1.5"in alt növlərindəndir və "Pirola" (BA.2.86) ştamından yalnız yoluxuculuq sürətinə görə fərqlənir. Səhiyyə Təşkilatı "JN1"in hələlik daha ağır xəstəliklərə səbəb olacağını təsdiqləmir.

Səhiyyə işçiləri və ictimaiyyət arasında narahatlığa baxmayaraq, səlahiyyətlilər hazırda bunun ictimai sağlamlıq üçün minimal risklər yaratdığını vurğulayırlar. Bu infeksiyaya yoluxmuş şəxslər hərarət, burun axması, boğaz ağrısı və baş ağrısı kimi əlamətlərlə qarşılaşa bilər. Əksər xəstələrdə adətən dörd-beş gün ərzində aradan qaldırılan yüngül yuxarı tənəffüs simptomları müşahidə edilir. Bunlar əvvəlki ştamların simptomları ilə üst-üstə düşsə də, iştahsızlıq, davamlı ürəkbulanma, həddindən artıq yorğunluq və potensial mədə-bağırsaq problemləri kimi spesifik xüsusiyyətlər də diqqət çəkir. Son dövrdə bəzi ölkələrdə yoluxma hallarının sayında kəskin artım müşahidə olunsa da, daha az ölüm halları qeydə alınır. Amma bu fakt arxayınlıq yaratmamalıdır. İctimai sağlamlıq tədbirlərinə riayət etmək - əllərin yuyulması, sosial məsafənin qorunması və maskadan istifadə vacibdir. İnfeksiyanın simptomları olan insanlar evdə qalmalı, vəziyyətləri pisləşdikdə həkimə məlumat verməlidirlər.

Virusun bu alt növünün Azərbaycanda yayılması barədə heç bir məlumat yoxdur. Lakin xüsusən də bayram günlərində vətəndaşlarımızın digər ölkələrə səyahəti və geri dönüşü ilə əlaqədar ştamın ölkəmizə gətirilməsi istisna deyil. Bununla belə, hesab edirəm ki, gələcəkdə ölkədə yeni ştam yayılsa da bu, səhiyyəmiz üçün böyük risk təşkil etməyəcək. Hazırda Azərbaycanda epidemik vəziyyət qənaətbəxşdir, yeni yoluxma hallarının sayı minimaldır və əhəmiyyətli artımlar müşahidə edilmir.

Təyyar EYVAZOV,

Səhiyyə Nazirliyinin

mütəxəssis-eksperti,

infeksionist.