Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Anadolu Agentliyi": Qarabağda beynəlxalq missiya yalnız Azərbaycanın razılığı ilə mümkündür

"Kreml ABŞ-ın Qarabağla bağlı müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür".

Türkiyənin nüfuzlu "Anadolu Agentliyi" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, jurnalistin Qarabağda vəziyyətin nizamlanması üzrə ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi Rusiya ilə bu mövzuda təmasların olub olmadığı barədə sualını cavablandırıb.

"Xeyr, biz hələlik burada heç bir konkretlik görmürük. Bundan başqa, hər hansı missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər", - deyə o vurğulayıb.

"BalcaniCaucaso": Azərbaycan və Ermənistan danışıqlara hazırlaşır

"BalcanıCaucaso" lokal antiterror tədbirlərindən sonra bölgədəki sabitliyin bərqərar edilməsi üçün keçiriləcək Qranadadakı görüşlə bağlı məlumat yayımlayıb. Qeyd edilib ki, 20 sentyabr atəşkəs razılaşmasından sonra indi diqqət oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin (APS) sammitinə yönəlib. Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin Fransa, Almaniya və Avropa Şurasının da iştirak edəcəyi danışıqlar üçün görüşəcəyi gözlənilir.

"ABC news": Azərbaycan lokal antiterror tədbirləri zamanı 192 hərbçisinin həlak olduğunu bildirib

 "ABC news" Azərbaycanın Səhiyyə Nazirliyinə istinadən xəbər verib ki, ötən həftə keçirilən lokal antiterror tədbirləri zamanı ümumilikdə 192 Azərbaycan hərbçisi şəhid olub, 511 hərbçi isə yaralanıb.

Antiterror tədbirləri Azərbaycana 30 ilə yaxın separatçıların idarə etdiyi bölgəyə tam nəzarəti bərpa etməyə imkan verdi. On minlərlə etnik erməni - region əhalisinin üçdəbirindən çoxu artıq buranı tərk edib. Qeyd edib ki, separatçı qoşunların silahı yerə qoymağa razılıq verməsindən sonra tədbirlər dayandırılıb.

"Al-Monitor": Ərdoğan: İran Türkiyəni Azərbaycanla birləşdirən quru dəhlizinə "pozitiv baxır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı bildirib ki, İran indi Türkiyəni Ermənistan vasitəsilə Azərbaycanla birləşdirən nəqliyyat dəhlizinin yaradılması üzrə Türkiyə-Azərbaycan birgə planına müsbət  yanaşır.

Bu barədə "Al-Monitor" xəbər saytı məlumat verib. Naxçıvandan qayıdarkən Rəcəb Tayyib  Ərdoğan ölkəsinin Ankaranın Azərbaycan və Mərkəzi Asiya ilə ticarət əlaqələrini gücləndirməyə çalışdığı dəhliz yaratmaq əzmində olduğunu bir daha vurğulayıb: "Bu dəhlizin yaradılması Türkiyə və Azərbaycan üçün çox vacibdir. Bu, strateji məsələdir və tamamlanmalıdır". Çərşənbə axşamı Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Ərdoğan mesajlarını təkrarlayıb. O əlavə edib ki, Türkiyəni dəmir yolu və avtomobil yolu layihələri vasitəsilə Azərbaycanla əlaqələndirmək planlarına İran da daxil olacaq: "Qonşumuz İranı da əhatə edəcək birgə layihələr vasitəsilə biz regionumuzu sülh və firavanlıq mərkəzinə  çevirmək istəyirik. Biz heç kimi kənarlaşdırmadan bu prosesi irəli aparacağıq. Biz ən qısa zamanda Zəngəzur dəhlizini yaradacağıq. Biz Naxçıvan vasitəsilə dost və qardaş Azərbaycanla fasiləsiz avtomobil və dəmir yolu əlaqəsinə malik olacağıq", - deyə Ərdoğan əlavə edib.

"Al Jazeera": Qarabağda sülh mümkündürmü?

"Al Jazeera" xəbər saytı Azərbaycanın keçən həftə Qarabağda keçirdiyi bir günlük antiterror tədbirləri sonrası regiondakı etnik ermənilərin köçü haqqında yazıb. Xəbərdə Prezident İlham Əliyevin "ermənilər bizim vətəndaşlarımızdır" sözləri yer alıb və Azərbaycanın erməni sakinlərin hüquqlarını qorumağı öhdəsinə götürdüyü, təcili humanitar problemlərin həllini təmin etdiyi və etnik erməni icmasının nümayəndələri ilə dialoqlar aparması barədə açıqlamaları qeyd olunub.