Niderlanddakı Azərbaycan icması Amsterdam və Almeloda ermənilərin təxribat xarakterli yürüşlərinin ləğvini tələb edib
Diaspora

Niderlanddakı Azərbaycan icması Amsterdam və Almeloda ermənilərin təxribat xarakterli yürüşlərinin ləğvini tələb edib

Haaqa şəhərində fəaliyyət göstərən Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyəti erməni icmasının “Azad Artsax” adlı təxribat xarakterli yürüşlərinin ləğv olunması tələbi ilə Almelo və Amsterdam şəhər meriyalarına müraciət edib.

Cəmiyyətin sədri Firəngiz Bağırovanın adından hər iki şəhər merinə ünvanlanan müraciətdə bildirilib ki, erməni icmasının 27 və 28 yanvar 2024-cü il tarixlərində “Azad Artsax” adı ilə keçirməyə hazırlaşdığı yürüş yolverilməzdir. Nəzərə çatdırılıb ki, Almelo və Amsterdam bələdiyyələrinin mövcud olmayan “dövlət”in müdafiəsi ilə bağlı yürüşlərin keçirilməsinə icazə verməsi təkcə Niderlandın erməni icmasının təxribatı deyil, həm də qeyri-qanuni hərəkətdir.

Bu icazənin verilməsi Niderlandın iki ölkə arasında gərgin münasibətlərə müdaxiləsi kimi qiymətləndirilib. Xəbərdarlıq edilib ki, bu davranış Niderlanddakı Azərbaycan və erməni icmaları arasında iğtişaşların yaranma ehtimalını çox yüksəldə bilər: “Biz başa düşə bilmirik ki, faktları bilmədən bu cür hərəkətləri adətən münaqişə ilə bağlı məsələlərə neytral münasibəti ilə tanınan Niderland niyə və necə dəstəkləyir? Odur ki, Niderlandda yaşayan iki icma arasında gərginliyin və bundan sonra baş verə biləcək iğtişaşların qarşısını almaq üçün planlaşdırılan nümayişlərin dayandırılmasını tələb edirik”.

“Respublika”.