Xaricdə yaşayan soydaşlarımıza qayğı
Diaspora

Xaricdə yaşayan soydaşlarımıza qayğı

Dövlətimiz istər ölkə daxilində, istərsə də ölkə xaricində yaşayan soydaşlarımıza daim diqqət və qayğı ilə yanaşmışdır. Xaricdə yaşayan soydaşlarımızın vətən ilə əlaqələrinin möhkəmləndirilməsi, həmçinin həmyerlilərimiz arasında birliyin təmin olunması məqsədilə Dünya Azərbaycanlılarının Qurultayı kimi yüksək səviyyəli tədbirin keçirilməsinin qərara alınması da bunu bir daha təsdiqləmişdir. Xüsusi vurğulamaq lazımdır ki, bu cür mötəbər tədbirin çağırılması istiqamətində ilk təşəbbüs ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Günümüzə qədər ümumilikdə, 2001, 2006, 2011, 2016 və 2022-ci illərdə 5 qurultay keçirilmişdir.

Dünya Azərbaycanlılarının Qurultayı ilk dəfə 2001-ci ilin 9-10 noyabr tarixlərində ulu öndərin "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" 23 may 2001-ci il tarixli 724 nömrəli Sərəncamına əsasən baş tutmuşdur. Tədbir çərçivəsində Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş, ulu öndər Heydər Əliyev Şuranın sədri vəzifəsinə təyin edilmişdir. Qurultay xaricdəki soydaşlarımızın vahid azərbaycançılıq ideyası ətrafında birləşməsində müstəsna rol oynamışdır. İlk dəfə keçirilən tədbirdə qeyd etməli olduğumuz vacib məqamlardan biri də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması idi. Həmin qurum diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət etmişdir. Bu istiqamətdə prioritetləri və hüquqi prinsipləri müəyyənləşdirmək məqsədilə 2002-ci ilin dekabrında "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun qəbul olunmuşdur.

Dünya Azərbaycanlılarının II Qurultayı Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən həmin il mart ayının 16-da Bakıda keçirilmişdir. Ölkəmizin başçısı qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir. Bundan başqa, tədbir zamanı Dünya Azərbaycanlılarının II Qurultayının qətnaməsi, qurultayın Azərbaycan Respublikası Prezidentinə və dünya azərbaycanlılarına müraciətləri, keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatına (UNESCO), Azərbaycan və türk diaspor təşkilatlarına müraciətləri kimi bir sıra vacib sənədlər də qəbul olunmuşdur.

Dünya Azərbaycanlılarının III Qurultayı isə 2011-ci il 5-6 iyul tarixlərində Prezident İlham Əliyevin "Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi haqqında" 21 yanvar 2011-ci il tarixli, 1293 nömrəli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı"na əsasən Bakıda baş tutmuşdur. Sözügedən tədbir çərçivəsində bir sıra mühüm qərarlar qəbul edilmişdir. Qurultayda ölkəmizin fərqli bölgələrindən olan nümayəndələrlə yanaşı, dövlət və hökumət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar da iştirak etmişdir. Dövlətimizin başçısı xalqlar arasında dostluğun möhkəmləndirilməsi, eyni zamanda Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə təltif olunmuş bir qrup ictimai xadimə "Dostluq" ordeni və "Tərəqqi" medalını təqdim etmişdir. Qurultay zamanı "Gücümüz birliyimizdədir!" sənədli film nümayiş etdirilmişdir. Tədbirdə qurultay nümayəndələri adından Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkə parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət yekdilliklə qəbul edilmişdir. Bundan başqa, tədbir zamanı Əlaqələndirmə Şurasının tərkibi 107 nəfərdən 115 nəfərə çatdırılmışdır. Qurultaya ümumilikdə 13 ölkənin parlamentindən 37 deputatın qatılması tədbirin nəinki regionda, hətta beynəlxalq aləmdəki nüfuzundan xəbər verirdi. Dünya Azərbaycanlılarının III Qurultayında vurğulamalı olduğumuz vacib məqamlardan biri də Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının fəaliyyətinin yenidən təşkili ilə bağlı məsələ idi və Prezident İlham Əliyev yenidən Şuranın sədri seçildi. Dövlət başçımızın Qurultaydakı çıxışı zamanı söylədiyi fikirlər o dövrdə ölkəmizin yüksək inkişafının təzahürüdür: "Azərbaycanın inkişaf istiqamətləri 1993-cü ildə və dövlətçiliyimizin formalaşmasının ilk illərində müəyyən edilmişdir. O dövr üçün bu təşəbbüslər həlledici məna daşıyırdı. Çünki bu gün Azərbaycanın reallıqları məhz o dövrdə müəyyən edilmiş və seçilmiş istiqamətlər üzərində qurulmuşdur. Düzgün istiqamət seçilmişdir: Azərbaycan dünya birliyinə inteqrasiya etməli, açıq qapılar siyasəti aparmalı, xarici investisiyaları cəlb etməli idi. Biz bütün bunlara nail ola bilmişik. Azərbaycanda demokratik, dünyəvi dövlətin qurulması da məhz Heydər Əliyevin siyasətinin nəticəsidir. Bu gün Azərbaycan sürətlə və uğurla inkişaf edən ölkədir. Ölkəmizdə siyasi proseslər çox müsbət istiqamətdə gedir. Siyasi sistem təkmilləşir. Ölkəmiz demokratik əsaslarla idarə olunur. Söz, vicdan, mətbuat azadlığı, insan hüquqlarının qorunması məsələləri bizim üçün prioritetdir. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Biz bütün beynəlxalq qurumlarla, beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq aparırıq".

2016-cı il 3-4 iyun tarixlərində baş tutan Dünya Azərbaycanlılarının IV Qurultayı da müstəsna rola malikdir. Həmin tədbirdə xarici ölkələrin nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də daxil olmaqla ümumilikdə 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etmişdir. Tədbirə respublikamızın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumları da qatılmış, gənclər, informasiya müharibəsi kimi mövzularda müzakirələr aparılmışdır. Qurultay çərçivəsində dövlətimizin başçısı yenidən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir.

2022-ci il 22-23 aprel tarixlərində baş tutan Dünya Azərbaycanlılarının V Qurultayı tarixi əhəmiyyət baxımından digərlərindən fərqlənir. Qurultay Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilmiş, dünyanın dörd bir yanından olan soydaşlarımız Qarabağda bir araya gəlmişlər. Zəfər Qurultayı kimi tarixə düşən bu tədbir həm vətəndaşlarımız, həm də xaricdə yaşayan soydaşlarımızın yaddaşında əbədi həkk olunmuşdur.

Nəzrin ELDARQIZI,

"Respublika".