Ümummilli inamın möhtəşəm təntənəsi
Diaspora

Ümummilli inamın möhtəşəm təntənəsi

Azərbaycan tarixində yeni dövrün başlanğıcı olan, 30 ildən sonra ilk dəfə doğma vətənimizin bütün ərazilərində keçirilən prezident seçkilərinin yüksək fəallıq şəraitində keçməsi yaddaşlara öz möhrünü vurdu. Bu seçki həm də beynəlxalq müşahidəçilərin yüksək dəyərləndirilməsi ilə yadda qaldı.

Zəfər seçkisi kimi tarixləşən 7 fevral prezident seçkiləri 90 min 372 müşahidəçi, 190 xarici media qurumunun 200-dən artıq nümayəndəsi, 72 beynəlxalq təşkilatın təmsilçilərinin iştirakı ilə keçirildi. Xaricdə yaşayan  soydaşlarımız və ya əcnəbi vətəndaşlar seçki məntəqələrində quraşdırılan veb-kameralar vasitəsilə səsvermə prosesini canlı izləyə bildilər.

7 fevral prezident seçkilərində xalqımız sözün həqiqi mənasında bir bayram sevinci yaşadı. Seçkilərdə yüksək mütəşəkkillik nümunəsi göstərən qədirbilən xalqımız qəlbinin hökmü ilə doğru seçim edərək dövlətin taleyini qarşıdakı yeddi ildə yenidən özünün layiqli övladına - İlham Əliyevə etibar etdi.

Əslində seçkiqabağı təşviqatda bir namizəd olaraq İlham Əliyevi təbliğ etməyə ehtiyac yox idi. Hələ 20 il öncə hər bir ölkə vətəndaşının Prezident olacağını yüksək tribunadan gur səslə bəyan edən və hər zaman olduğu kimi, sözünə sahib çıxan İlham Əliyev xalqın gözündə güclü sərkərdə, əsl xilaskar, qayğıkeş rəhbər kimi formalaşıb, könüllərdə məhəbbət və ehtiram yuvası qurub. İlham Əliyevin prezidentliyi dönəmində Azərbaycan ərazisinin 20 faizi işğal altında olan ölkədən dünyanı heyran qoyan 44 günlük savaşla düşməni diz çökdürüb ərazi bütövlüyünü təmin edən bir dövlətə çevrilib. Son 20 ildə Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə bütün sahələrdə uğurlu nəticələrə imza atılmışdır.

Prezident seçkiləri azad, ədalətli, şəffaf, demokratik meyarlar çərçivəsində keçirilməklə ölkəmizin tarixinə növbəti mühüm siyasi hadisə kimi yazıldı. Cənab İlham Əliyevin ətrafında səfərbər olan xalqımız ulu öndər Heydər Əliyevin ideyalarının və Azərbaycanın yüksəlişinin davamına səs verdi. Ümumilikdə isə ölkəmizdə keçirilən prezident seçkiləri dövlətimizin və xalqımızın mənafeyini layiqincə təmin edən hazırkı siyasi kursun alternativsizliyini bir daha təsdiq etdi.

İlham Əliyevin seçkilərdə qazandığı inamlı qələbə Azərbaycanın inkişafının yeni dövrünün başlanmasına xalqın xeyir-duası, razılığının təntənəsidir. Bu seçki, bu qələbə dünyada nadir hallarda təsadüf olunan əsl xalq seçkisi və qələbələr qələbəsidir!

İlham Əliyev Prezident seçkilərində möhtəşəm qələbəyə Azərbaycana iyirmi illik rəhbərliyi dövründə gördüyü nəhəng işlər, əldə etdiyi saysız-hesabsız uğurlar, 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm Zəfərlə nail olmuşdur.

Ölkəmizdə 7 fevral 2024-cü ildə keçirilən prezident seçkilərini biz Rusiya Federasiyasının Novosibirsk şəhərindən izlədik. Hər birimizin ürəyi Azərbaycanla döyünürdü. Biz belə bir seçkilərin keçirilməsindən qürur hissi duyur, Zəfər sevincini yaşayır, seçkilərin gedişini diqqətlə izləyirdik.

Seçkilər Xankəndidə, Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda, Xocalıda, Ağdərədə, Kəlbəcərdə, Laçında, Suqovuşanda seçicilərin fəallığı şəraitində keçdi. Prezident İlham Əliyevin Xankəndidə ailə üzvləri ilə birlikdə səs verməsi xarici ölkələrdəki soydaşlarımızın sonsuz sevincinə səbəb oldu.

Xalqımız Zəfər seçkisində cənab İlham Əliyevi dəstəkləməklə, möhtəşəm gələcəyə səs vermiş oldu. Xalqdan etimad mandatı alan Prezident İlham Əliyev milli ideya ilə yeni dövrə başlayacaq.

Eyyub ABBASOV,

Rusiya Federasiyası

Novosibirsk şəhəri,

diaspor fəalı.