MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Bu tarixdə bəşəriyyət tamamilə yox ola bilər

Bristol Universitetinin alimləri bəşəriyyətin tamamilə yox olacağı tarixi açıqlayıblar. Belə ki, elm adamları insanlar da daxil olmaqla 250 milyon ildən sonra bütün məməlilərin nəslinin kəsiləcəyini iddia edirlər. Bu barədə məlumat "Nature Geoscience" jurnalında dərc olunub.

Alimlər hesab edirlər ki, udulmuş günəş radiasiyası bir neçə milyard il ərzində termal radiasiya emissiyalarını üstələyəndə həyat məhv olacaq və bütün qitələr Pangea Ultima adlı bir super qitədə birləşəcək. Onun forması ilə bağlı proqnozlar müxtəlifdir, lakin ekspertlər bir məsələdə həmfikirdirlər - qitələr isti, quru və praktiki olaraq yaşamaq mümkün olmayan kütləyə birləşəcəkTektonik plitələrin yerdəyişməsi karbon dioksid emissiyalarının artmasına səbəb olacaq ki, bu da planetin güclü istiləşməsinə gətirib çıxaracaq. Bundan əlavə, günəşin təbii parlaqlığı artacaq və bu, Yer atmosferini qızdıracaq.

"Udulmuş günəş radiasiyası bir neçə milyard il ərzində termal radiasiya emissiyalarını üstələyəndən sonra bütün həyat qarşısıalınmaz istilərdən məhv olacaq. Bununla belə, Yer kürəsini məməlilərin yaşayışı üçün yararsız hala gətirən şərtlər plitə tektonikası ilə bağlı uzunmüddətli proseslərə görə daha erkən yarana bilər", -deyə layihənin müəllifi Aleksandr Farnsvort "Daily Mailbildirib.

Tədqiqatçı bu qənaətə gəlib ki, insanlar üçün belə bir dünya münasib deyil. İnsanlar bərpaolunan mənbələrlə iqlimə nəzarət edilən bir mühit yaratsa, sağ qala bilərlər, amma bu, hələ də elmi fantastikadan başqa bir şey deyil.

Sən demə, insanlar bu ərəfələrdə...

Bu yaxınlarda amerikalı elm adamları diqqətçəkən bir araşdırmaya imza atıblar. Belə ki, ABŞ-ın Harvard Tibb Məktəbinin mütəxəssisləri ölüm hallarının daha çox günün hansı saatlarında baş verdiyini araşdırıblar. Alimlər belə qənaətə gəliblər ki, insanlar əksərən səhər saatlarında ölürlər.  

Nevrologiya üzrə professor Klifford Saperin sözlərinə görə, insanın fizioloji prosesləri, bir qayda olaraq, günün müəyyən vaxtlarında baş verir. "Hətta ölümün sirkad (bioloji saat) ritmi var. Belə ki, ümumilikdə əhali arasında orta hesabla insanlar ən çox səhər saatlarında, təxminən saat 11 radələrində ölürlər ", - deyə alim bildirib.

Bundan əlavə, tədqiqatçılar ölüm hallarının həftənin hansı günlərində daha tez-tez baş verdiyini də müəyyən ediblər. Bunun üçün onlar 1999-2014-cü illərdə ABŞ-da ölüm halları ilə bağlı məlumat bazasını təhlil ediblər. Məlum olub ki, şənbə günləri insanlar daha çox bədbəxt hadisələr nəticəsində ölürlər. Bazar ertəsi ölümlərinin isə əsas səbəbi infarkt olub. Çərşənbə axşamı günlərində isə daha çox qrip və pnevmaniyadan ölüm halları qeydə alınıb.

"Domino effekti" nədir?

Hər hansı davranışda dəyişiklik etdikdə bu proses zəncirvari bir reaksiyanı aktivləşdirir və digər davranışlarda da dəyişikliyə səbəb olur. Buna "Domino effekti" deyilir. "Domino effekti" nəzəriyyəsi ilk dəfə Con Foster Dalles tərəfindən irəli sürülüb. Bu termin 1950-1980-ci illərdə amerikalı siyasətçilər tərəfindən Soyuq müharibə dövründə ABŞ-ın digər ştatlara müdaxiləsinə haqq qazandırmaq üçün istifadə edilib.

2012-ci ildə   Northwestern Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada məlum olub ki, gün boyu insanlar oturaq istirahətə nə qədər az zaman sərf edirlərsə, onların yağlı qida qəbulu da bir o qədər azalırBelə ki, təcrübə zamanı iştirakçılara yağlı məhsulların az qəbul edilməsi ilə bağlı heç bir tələb qoyulmasa da, onlarda qidalanma vərdişləri təbii şəkildə düzəlməyə doğru gedib. Onlar yeməyə və ekran qarşısında oturub televizora baxmağa daha az zaman sərf ediblər. Bu isə onu göstərir ki, bir vərdiş başqa birinin yaranmasına gətirib çıxarır, yəni bir domino növbəti dominonu yerə yıxır

Stanford Universitetinin professoru BJ Fogg bunu belə izah edir: "Bizim davranışlarımız bir-birinə bağlıdır, biri dəyişdikdə, digərini də dəyişir.  "Domino effekti"nin əsas qaydası sizi ən motivə edən şeydən başlamaqdır. Kiçik addımlarla başlayın və ardıcıl olaraq davam edin. Fərq etməz hansı domino birinci düşəcək, ta ki biri düşənə qədər. Çətinlik hiss etdiyiniz anda işinizi kiçik hissələrə bölün. Yeni vərdişlərə fokuslanın. Bir domino digər dominonu avtomatik olaraq yıxdığı kimi, proseslərin davam etməsinə şərait yaradın".

Bura həm həbsxana, həm də hoteldir...

Məhkum olmağın, həbsxanada qalmağın necə bir hiss olduğunu bilmək, üstəlik bunu xarici bir ölkədə yaşamaq istərdinizmi? Bu qeyri-adi istirahət üçün Latviyada "Karosta həbsxanası" kimi tanınan hoteli seçə bilərsiniz...

Keçmişdə həqiqətən də həbsxana kimi fəaliyyət göstərən bu məkan sonralar hotel kimi istifadəyə verilmişdir. Qonaqlarına dünya standartlarına uyğun xidmət göstərən hotel, macərasevər və dəmir barmaqlıqlar arasında yaşamağın necə bir hiss olduğu bilmək istəyənlər üçün unikal məkandır. Hotelə gələn qonaqlar sənəd imzalayıb bütün gecə boyu oranın işçilərinin onlarla dustaq kimi davranmalarına razılıq verməlidirlər. Bir gecə üçün cəmi 16 dollar ödəməklə qonaqlar kommunist dövrünün dustaqlarının yaşadıqlarını yaşaya, həmçinin təhqir və fiziki zorakılıqla üzləşə bilərlər.

Qeyri-adi hoteldə qalmağa razılaşanlar yerdə salınmış matraslarda yatmalı, həbsxana yeməyi ilə qidalanmalı, həmçinin oranın işçilərinin təhqirlərini dinləməli, onlara itaət etməli olurlar. Həbsxana-hotelin qaydalarını pozan şəxslər, həbsxananı təmizləmə cəzasına məruz qalırlar. Bundan əlavə, gecənin yarısı həbsxana işçiləri "dustaqları" oyada da bilər. Keçmiş dustaqlar və hotelin qonaqları arasındakı yeganə fərq odur ki, bu işgəncələrə dözməyən qonaq buranı istənilən vaxt tərk edə bilər. Həbsxanada gecələr qapılar öz-özünə çırpılır, dəhlizlərdən gözəgörünməyən zəncir səsləri gəlir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".