Sağlam həyat
Maraqlı

Sağlam həyat

Çay, yoxsa qəhvə?

Elə insanlar var gün ərzində daha çox çay, elələri də var ki, qəhvə içməyə üstünlük verirlər. Hər iki içki qida kateqoriyasında olan içkilərdən sayılır və hər biri fərqli effektlər yaradır. Hər kəsin orqanizmi fərqli olduğundan bu içkilər hər kəsə faydalı və ya zərərli təsir edə bilər.

Gəlin ilk olaraq istehlak tələbatına görə içki kimi sudan sonra ikinci yerdə duran çaydan başlayaq. Çayın içində flavonoid deyilən bir maddə var ki, bu maddə xolesterolun səbəb olduğu damar tutulmasının qarşısını alır. İndiyə qədər aparılan araşdırmaların nəticələri göstərib ki, hər gün çay içmək müxtəlif səbəblərdən ölüm riskini 24 faiz azaldır. Məlum olub ki, bu amil aktiv siqaret çəkənlərdə özünü daha çox büruzə verir. Xəstəliklərin profilaktikası nöqteyi-nəzərindən yanaşıldıqda isə, mütəmadi çay içən adamlarda ürək-damar patalogiyaları riski azdır. Gündə 2-4 stəkan çay faydalıdır, amma çoxu zərərlidir. 1-2 stəkan çay içməyin heç bir zərəri yoxdur. Çayın yeganə müəyyən edilmiş zərəri qidadan aldığımız dəmirin miqdarını azaltmasıdır. Bəzi ekspertlər bildirirlər ki, çayı xüsusilə yeməkdən dərhal sonra içmək orqanizmdə dəmirin miqdarını azaldır. Xüsusilə, vegetarianlara tərkibində dəmir olan qidaları qəbul etdikdən dərhal sonra çay içmək tövsiyə edilmir.

Son dövrlər daha çox məşhurlaşan qəhvə isə məlum faydaları ilə yanaşı, asılılıq yaradan və müəyyən zərərləri olan bir içkidir. Bu səbəbdən də qəhvə bəzi insanlar tərəfindən ehtiyatla istehlak edilməlidir. Onun həddindən artıq istehlakı ürək ritminə zərərli təsir göstərir. Təcrübələr göstərib ki, qəhvənin həddindən artıq istehlakı qan təzyiqinin artmasına səbəb olur. Həmçinin tərkibindəki kofein səbəbiylə ürək ritmində pozuntulara yol açır. Odur ki, ürək xəstələri qəhvə istehlakını məhdudlaşdırmalıdırlar. Bundan əlavə, qəhvə xora, qastrit kimi xəstəliklərə səbəb olmasa da, bu xəstəlikləri olan insanlarda xəstəliyin irəliləməsinə gətirib çıxarır. Çünki mədə qəhvədən aldığı stimulla turşu ifraz edir.

Xüsusilə bilmək lazımdır ki, hər iki içkinin tərkibində kofein olduğundan yatmazdan əvvəl bu içkiləri içmək yuxu rejiminə təsir edə bilər. Bu səbəbdən, mümkün qədər kofeinli içkilər normada qəbul edilməlidir. Bəs siz necə bu içkilərdən hansına daha çox üstünlük verirsiniz? Çaya, yoxsa qəhvəyə?

 

İnsultun müalicəsində yeni dövr

Kaliforniya Universitetinin alimləri insultun müalicəsi üçün beynin stimullaşdırılmasının hədəflənməsinə yönəlmiş yeni istiqamət tapıblar.

"JAMA Network Open" jurnalında dərc olunan araşdırmaya görə, HD C-tDCS adlanan bu yanaşma əvvəllər müəyyən nevroloji və psixiatrik vəziyyəti müalicə etmək üçün istifadə edilən qeyri-invaziv (qansız) elektrik stimullaşdırılmasının bir növüdür. Elm adamları bu yanaşmanın beynin insultdan təsirlənmiş hissələrinə qan axınını artırmaq, həmçinin beyin toxumasını zədələnmədən qorumaq üçün istifadə oluna biləcəyini də söyləyirlər.

Tədqiqat ərəfəsində qansızmanın başlanmasından sonra 24 saat ərzində xəstəxanaya yerləşdirilən kəskin insult keçirmiş 10 xəstə üzərində təcrübə aparılıb. Beynin hemodinamik görüntülərindən istifadə edərək, həkimlər cihazın təsirinin yönəldildiyi aşağı qan axını ilə vuruş sahəsinin yerini təyin ediblər. Yeni metod vasitəsilə xəstələrdə insultun nüvəsini əhatə edən zədələnmiş beyin toxumasının təxminən 66 faizinin və qan axınının yaxşılaşdığı müəyyən edilib.

 

Bu qidalar yayda daha təhlükəlidir

İlk növbədə qeyd edək ki, fast food dedikdə, çoxunun ağlına hamburger, sendviç, qazlı içkilər, kartof qızartması gəlir. Lakin fərqli mədəniyyətlər və ölkələrdə "fast food" barədə özünəməxsus unikal fikirlər var. Məsələn, Asiya ölkələrində "fast food"a əriştə-tərəvəz, düyü-ət qarışımı da daxil ola bilər. Bəzi bölgələrdə isə müxtəlif şorbalar, yarımfabrikat məhsullar, tortlar da "fast food" hesab edilir.

Sözügedən qidaların tərkibində çox miqdarda karbohidratlar olduğundan yüksək kalorili hesab edilir. Bu səbəbdən də qida mütəxəssisləri xüsusilə isti yay aylarında belə qidaların istehlakının təhlükəli olduğunu bildirirlər. Belə ki, sürətli karbohidratlar sayəsində çəki artımı baş verir. Fast food növlərinin böyük əksəriyyətində insan orqanizmi üçün zərərli olan, duzla doymuş bir çox ləzzətlərdən istifadə olunur ki, bu da nəticədə şişkinlik, qan şəkəri səviyyəsinin yüksəlməsi, böyrək, qastrit və həzm problemlərinə yol açır. Həmçinin bu qidaların tərkibində orqanizmdə hormonları poza bilən ftalatlar-toksik maddələr mövcuddur. Kimyəvi tərkibi yüksək olan belə qidaların istehlakı, doğuş qüsurları da daxil olmaqla reproduktiv problemlərə səbəb ola bilər.

Əlbəttə ki, "fast food"dan nadir hallarda istifadə edirsinizsə, bunun orqanizminizə ciddi bir zərəri olmayacaq. Lakin gündəlik qida rasionunuza bu yeməkləri daxil etməklə siz bir çox təhlükəli xəstəliklərə "dəvətnamə" göndərmiş olursuz...

 

Ziyil nədən yaranır və necə müalicə olunur?

Dəridə, bədənin müxtəlif nahiyələrində yayılan ziyillər dəri problemlərindən biridir. Çox zaman əhəmiyyət verilməyən ziyillər illərlə mövcud ola, bəzən isə qəflətən itə bilir. Bir çoxları ziyilləri ənənəvi üsullarla "müalicə etməyə" çalışırlar. Nədir ziyil əslində? Necə müalicə olunmalıdır?

Ziyil dərinin virus mənşəli xoşxassəli törəməsidir. Bu dəri xəstəliyi HPV (human papilloma virus) virusları tərəfindən törədilir. Ziyillər istənilən yaşda və dərinin istənilən nahiyəsində yarana bilər. Uşaqlarda ziyillər əsasən əl barmağın uclarında, dırnaq ətrafında və ayaqların altında yaranır. Onlar böyüklərdə də eyni nahiyələrdə meydana gəlir.

Ziyillərin müalicəsi çox mürəkkəb bir prosesdir. Burada standart bir prosedur qaydası yoxdur. Onun müalicəsi xəstənin yaşı, ziyillərin sayı, klinik forması, ölçüsü, yerləşdiyi nahiyə və s. kimi parametrlərdən asılıdır. Bu səbəbdən də ziyillərin ləğvi və müalicə üsulu müayinədən sonra seçilir. Onların ləğvi əsasən yandırılma üsulu ilə aparılır. Yandırılma üsulunun isə çox növü vardır. Kimyəvi maddələrlə yandırmaq yəni, losionlar və məhlullarla yandırılma əsasən uşaqlarda istifadə edilir. Böyüklərdə isə ziyillərin ləğvi maye azot və ya krioterapiya üsulu ilə aparılır. Krioterapiya üsulu ağrısız və təhlükəsiz üsul hesab edilir. Prosedurdan öncə ziyillərin lokal anesteziyasına belə ehtiyac duyulmur. Proses qısa çəkir. Ziyillərin müalicəsi üçün bəzən kremlərdən də istifadə edilir. Beləliklə, bu xəstəlik tam müalicə edilir və ondan əziyyət çəkənlər ümidsiz olmamalıdırlar.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".