Belarus
Maraqlı

Belarus

Zəngin tarixi keçmişi və bənzərsiz təbiəti olan Belarus Respublikası Şərqi Avropa regionunun bir hissəsidir. Bu ölkə Avropa ilə Asiya arasında ən mühüm Trans-Avropa dəmir və avtomobil yollarının, neft və qaz kəmərlərinin, su və hava yollarının birləşdiyi kəsişmə nöqtəsidir. Avropanın "ağciyəri" adlandırılan ölkənin adı "Bəyaz Rusiya" mənasını verir. Adı ilk dəfə XIII əsrin ortalarına aid mənbələrdə çəkilən "belaruslar" adlandırılan xalq müdrikliyi və vətənpərvərliyi sayəsində SSRİ-dən miras qalmış sərvətlərini qoruyub saxlayıb. 1922-ci ildə Rusiya imperiyasının tərkibində olan Belarus 1991-ci ildə müstəqillik əldə edib və Müstəqil Dövlətlər Birliyinə (MDB) qoşulub.

Dənizə çıxışı olmayan ölkənin paytaxtı Minsk şəhəri tarixi boyu dəfələrlə dağılsa da, hər dəfə yenidən qurulub. Belarusun tarixi şəhərləri Novorudok, Polotsk, Mstislavl, Turov və Qrodnodur. Belarus beş ölkə - qərbdə Polşa, şimal-qərbdə Litva, şimalda Latviya və Rusiya Federasiyası, şimal-şərqdə və şərqdə Rusiya Federasiyası, cənubda isə Ukrayna ilə həmsərhəddir. Ölkənin ərazisi 207,6 min kvadratkilometrdir, bu da bütün Avropanın təxminən 2 faizini təşkil edir. 44 kontinental Avropa ölkəsi arasında Belarus 13-cü yeri tutur.

Belarus konstitusiyasına görə, ölkədə rəsmi dil belarus və rus dilləridir. Ölkə ərazisində demək olar ki, bütün əhali rus dilində danışır. Etnik icmalarda bəzən polyak və ivrit dillərindən də istifadə edilir. Bu gün Belarusda kifayət qədər böyük bir etnik qrup yaşayır və onların əksəriyyəti özlərini belaruslu hesab edirlər. Ölkədəki ruslar ümumi əhalinin təxminən 8, polyaklar 3, ukraynalılar 2, digər millətlərin sakinləri isə cəmi 2 faizini təşkil edir.

Ərazisi düzənliklərdən və geniş bataqlıqlardan ibarət olan ölkənin 40 faizini meşələr və göllər təşkil edir. Burada təxminən 11 min göl var. Onların ən böyüyü şimalda yerləşir. Belarus inzibati mərkəzləri olan altı bölgəyə bölünür: Brest, Vitebsk, Qomel, Qrodno, Minsk və Mogilev. Ölkədə müxtəlif heyvanlar, quşlar və balıqlar mövcuddur, bu səbəbdən də ən geniş yayılan sahə balıqçılıqdır. Nəsli kəsilməkdə olan bir çox heyvan, quş və balıq növlərinin mühafizəsi məqsədilə balıqçılıq və ovçuluq ciddi şəkildə tənzimlənir.

Belarus mülayim kontinental iqlimə malikdir. Orta temperatur yayda - şimalda +17, cənubda +18,5; qışda - cənub-qərbdə -4,5, şimal-şərqdə -8 dərəcəyə qədər olur. Yağıntıların böyük hissəsi, təxminən 70 faizi aprel-noyabr aylarında düşür.

Ölkədə maldarlıq, əkinçilik, bitkiçilik və aqrar texnika istehsalı ən çox inkişaf edən sahələrdir. Belarus yem tələbatını daxili imkanları hesabına ödəyir, qonşu dövlətlərlə süd, süd məhsulları və tərəvəz ixrac edir. Yüngül sənayedə əsas yeri kətan parça, ayaqqabı istehsalı tutur. Yanacaq-energetikasını yerli torf və Rusiyadan alınan neft-qaz təşkil edir. Taxılçılıqda əsas yeri çovdar əkinləri tutur. Kartofçuluq əsas sahə hesab olunur.

Belarus həyatın müxtəlif sahələrini əhatə edən zəngin adət-ənənələri olan ölkədir. Dünyaşöhrətli rəssamların vətəni olan respublikada Mark Saqal, İvan Xrutski, Lev Bakst kimi sənətkarlar yaşayıb-yaradıb. Milli bayramlar xalqın mədəniyyətində və mənəvi həyatında mühüm rol oynayır, onun tarixini, inanclarını və dəyərlərini əks etdirir. Belarusda ən məşhur xalq bayramlarından biri Kupalledir. Bu qədim bayram iyulun 6-da qeyd olunur və insanlar çayların, göllərin kənarında toplaşır, tonqal ətrafında rəqs edir, xalq mahnıları oxuyurlar. Ən məşhur Kupalle rituallarından biri problemləri və mənfi enerjini yox etmək, həmçinin uğur və xoşbəxtliyi cəlb etmək üçün göl və ya çaya çələnglər atmaqdır. Mühüm bayramlardan biri olan Djiadidi isə payızda, noyabr ayında qeyd olunur.

Belarus Respublikası ilə ölkəmiz arasında diplomatik münasibətlər 11 iyun 1993-cü ildə qurulmuşdur. İki ölkə arasında mövcud olan yüksəksəviyyəli dialoq və əməkdaşlıq əlaqələri son illərdə yüksələn xətlə inkişaf etmişdir. Ötən dövrün ən mühüm nailiyyətlərindən biri ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir. İkitərəfli əlaqələrin formalaşmasında və inkişafında dövlət başçılarının səmimi dostluq münasibətləri böyük rol oynamışdır.

Keçmiş postsovet ölkələri ilə qarşılıqlı faydalı əlaqələrin keyfiyyətcə yeni əsasda inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin və xarici iqtisadi strategiyasının prioritet istiqamətlərindən biridir. Bu kontekstdə Belarus Respublikası ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir və hər iki ölkə üçün geosiyasi, sosial-iqtisadi maraqları baxımından perspektivlidir. Bir-birinə qarşılıqlı dəstək verən Azərbaycan və Belarus BMT, ATƏT, MDB kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.

Hər iki ölkə keçmiş SSRİ-nin sənayeləşmiş respublikalarından idi və mərkəzdən subsidiya almadan yaşayırdı. Həmin dövrdə Azərbaycanla Belarus arasında çoxşaxəli iqtisadi əlaqələr mövcud idi. Vaxtilə vahid dövlətin tərkibində olan son otuz ildə beynəlxalq münasibətlərin və dünya iqtisadiyyatının tamhüquqlu subyektinə çevrilən ölkələr arasında olduğu kimi, Azərbaycan-Belarus münasibətləri də bu gün öz inkişafının yeni mərhələsindədir.

1998-ci il və 2000-ci ilin yanvar, iyun və avqust ayında Yaltada, eləcə də Moskva və Minskdə MDB Dövlət Başçıları Şurasının iclasları zamanı, həmçinin həmin ildə Davosda keçirilən Dünya İqtisadi Forumunda ulu öndər Heydər Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun görüşlərini xüsusi qeyd etmək lazımdır.

2001-ci ildə Azərbaycan-Belarus münasibətlərində köklü dönüş baş verdi. Belə ki, Azərbaycan Respublikası hökuməti ilə Belarus Respublikası hökuməti arasında aparılan danışıqlar nəticəsində bir sıra sazişlər imzalandı. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə iki ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyev diplomatik əlaqələrin səviyyəsinin yüksəldilməsi məqsədilə 2004-cü ilin aprelində Belarus Respublikasında ölkəmizin səfirliyinin yaradılması haqqında Sərəncam imzaladı. Həmçinin 2004-cü ildə Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyası yaradıldı.

2006-cı il 17-18 oktyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarusda rəsmi səfəridə olmuş, səfər zamanı dövlətlərarası səviyyədə ilk sənəd - Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında 2015-ci ilə qədər sosial-iqtisadi əməkdaşlığa dair Saziş imzalanmışdır. 2007-ci ilin mayında isə Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfər etmişdir. Səfər çərçivəsində dövlət başçıları iki ölkə arasında tərəfdaşlığın strateji xarakterini müəyyən edən Dostluq və Əməkdaşlıq Müqaviləsi imzalamışlar. Yüksək səviyyəli fəal dövlətlərarası dialoq sayəsində ticari-iqtisadi əməkdaşlıq sahəsində bir sıra konkret layihələr həyata keçirilmişdir.

Bu gün Azərbaycan-Belarus münasibətləri strateji əməkdaşlıq səviyyəsinə çatdırılmışdır. 2010-cu ildə Belarus-Rusiya qaz mübahisəsi zamanı "Qazprom"a borcunu ödəmək üçün Azərbaycan Belarusa 200 milyon dollar kredit ayırmışdı. Bu, ölkələr arasında münasibətlərin dostluq, etimad xarakteri daşıdığının daha bir sübutu idi.

2012-ci ildə Azərbaycan Belarusa təqribən 14 milyon dollar həcmində investisiya yatırmışdır. 2013-cü ildə, diplomatik münasibətlərin qurulmasının 20-ci ildöünümü ərəfəsində isə iki ölkə arasında neftlə yanaşı, müxtəlif sahələrdə ticarət dövriyyəsinin həcmi 250 milyon ABŞ dollarından çox olmuşdur. Ölkələrimiz arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artaraq 2020-ci ilin sonunda 447 milyon ABŞ dollarına çatmışdır.

Belarus Azərbaycana ağac məmulatları, traktorlar, avtomobil və traktorlar üçün ehtiyat hissələri və aksessuarlar, maşınqayırma, ağac emalı, şin, qida məhsulları, o cümlədən kartof, süd və süd məhsulları, dərman vasitələri, məişət texnikası, qab-qacaq, geyim, kosmetika, mühərriklər, qara metal məmulatları ixrac edir. Belarus isə Azərbaycandan neft məhsulları, karbohidrogenlər, meyvə və tərəvəz şirələri, etilen polimerləri, pambıq lifi idxal edir. Bu gün birgə layihələrin həyata keçirilməsi üçün lazımi hüquqi və təşkilati baza mövcuddur. Hər iki ölkənin firma və şirkətlərinin iştirakı ilə mütəmadi olaraq biznes forumlar keçirilir.

Bu gün qarşılıqlı əməkdaşlıq təkcə sadə əmtəə birjası ilə məhdudlaşmır. Ənənəvi əlaqə formalarını qorumaqla yanaşı, uzunmüddətli rəqabətli iş üsulları da geniş şəkildə tətbiq olunur, istehsalat kooperasiyası uğurla həyata keçirilir. Belarus traktorları, yük, kommunal və kənd təsərrüfatı maşınları, optik alətlər, liftlər Azərbaycanda yığılır. Sənaye kooperasiyasının lideri Gəncə Avtomobil Zavodudur. 2007-ci ildən zavodda 8 minə yaxın "Belarus" markalı traktor və 3,5 min ədəddən çox MAZ avadanlığı istehsal olunub. Sumqayıt Sənaye-Texnoparkı, "Azərkimya" İstehsalat Birliyi, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Aviasiya Akademiyası ilə birgə layihələr həyata keçirilir. Əlverişli coğrafi mövqeyinə görə yüksək tranzit potensialına malik olan Belarus Azərbaycanın təşəbbüsü ilə reallaşan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində iştiraka böyük maraq göstərir.

İkitərəfli qarşılıqlı fəaliyyətin perspektivli sahələrindən biri də elmi-texniki əməkdaşlıqdır. İki ölkənin elmi ictimaiyyəti arasında uzunmüddətli əlaqələr qurulur və birgə elmi layihələr həyata keçirilir. Belarus Prezidenti A.Lukaşenkonun 2010-cu ildə Azərbaycana səfəri zamanı elm və texnologiya, informasiyalaşdırma və informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişlər imzalanmışdır. Həmin vaxt Bakı Slavyan Universitetinin bazasında Belarus Dili və Mədəniyyət Mərkəzi açılmışdır.

Belarus Respublikası Milli Elmlər Akademiyası və Azərbaycan Milli Aviasiya Akademiyası arasında bağlanmış müqavilə çərçivəsində Belarusun LED Optoelektron Texnologiyaları Mərkəzi 2012-ci ildə enerjiyə qənaət edən LED lampalarının istehsalı üzrə iki layihə həyata keçirilmişdir. 2015-ci ildə isə Belarus Respublikası Milli Elmlər Akademiyası, Belarus Respublikası Əsas Tədqiqatlar Fondu və Azərbaycan Respublikası Milli Elmlər Akademiyası arasında Əməkdaşlıq Sazişi imzalanmış iki ölkənin təhsil nazirlikləri 2016-2020-ci illər üçün bu sahədə əməkdaşlığın inkişafı Proqramını uğurla həyata keçirmişdir. 

A.Lukaşenkonun 2016-cı ilin noyabrında Azərbaycana rəsmi səfəri zamanı Belarus-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri, o cümlədən ticari-iqtisadi əməkdaşlıq, investisiya, kənd təsərrüfatı, idman sahələrində qarşılıqlı fəaliyyət müzakirə olunmuşdur.

Qarşılıqlı fəaliyyətin mühüm hissəsini hərbi-sənaye sahəsində əməkdaşlıq təşkil edir. Belarusla Azərbaycan arasında strateji xarakter daşıyan hərbi-texniki əməkdaşlıq iyirmi ildən artıqdır ki, davam edir. Azərbaycan bu gün Belarus silahlarının əsas istehlakçılarından biridir. Prezident İlham Əliyevin 2018-ci ilin noyabrında Belarusa səfəri zamanı tərəflər arasında 10 sənəd imzalanmışdır. Ən mühüm sənəd isə Belarus Dövlət Hərbi-Sənaye Komitəsi ilə Azərbaycan Müdafiə Nazirliyi arasında Anlaşma Memorandumu və Strateji Tərəfdaşlığın genişləndirilməsi haqqında Birgə Bəyannamə olmuşdur.

Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq İkinci Qarabağ müharibəsindən sonra uğurla inkişaf etməkdədir. A.Lukaşenkonun 2021-ci ilin aprelində ölkəmizə səfəri zamanı digər məsələlərlə yanaşı, hərbi-texniki əməkdaşlıq da müzakirə edilmişdir. Belarus və Azərbaycan arasında müdafiə sahəsində 2021-ci il üçün ikitərəfli əməkdaşlıq planı təsdiqlənmişdir.

Bakıya səfəri zamanı A.Lukaşenko həmkarını müharibədəki qələbə münasibətilə təbrik edərək, bu qələbəni "Azərbaycanın öz milli arzusuna çatmaq yolunda böyük addım" adlandırmış və Prezident İlham Əliyevə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində köməklik göstərməyi təklif etmişdir. Azərbaycan Prezident də öz növbəsində Belarus şirkətlərini işğaldan azad edilmiş ərazilərin bərpasında fəal iştirak etməyə dəvət etmişdir. Yekun olaraq Belarus şirkətlərinin şəhər və kəndlərin layihələndirilməsində iştirakı, 3D modelləşdirmə xidmətlərinin göstərilməsi və nəqliyyat infrastrukturunun bərpasına cəlb olunması barədə razılıq əldə olunmuşdur.

26 dekabr 2023-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı bir daha məmnunluqla qeyd edilmişdir. Dövlət başçıları əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliklərini ifadə etmişlər.

Bu günə kimi Belarus və Azərbaycan arasında siyasət, iqtisadiyyat, vətəndaşların hüquq və mənafelərinin müdafiəsi, səhiyyə, hüquq-mühafizə, humanitar, elmi-texniki və regional əməkdaşlıq sahələrində 120-dən çox beynəlxalq müqavilə imzalanıb.

Azərbaycan Belarus Respublikası ilə bütün sahələrdə münasibətləri uğurla davam etdirir. Hər iki dövlət həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanı artırmaq niyyətindədir. Bütün bunlar ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını təsdiqləyir. Belarus-Azərbaycan münasibətləri qarşılıqlı marağa dostluq və etimada əsaslanır.

Arzu ASİFQIZI,

"Respublika".