Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Xan Şuşinski

Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan  Xan Şuşinski... Birinci arvadının təkidi ilə yenidən ailə quran, Hüseyn Cavidə görə qəzəbə tuş gələn xalq artistimiz...

Əsl adı İsfəndiyar olan böyük sənətkar Qarabağın məşhur tayfalarından olan Cavanşir sülaləsinə mənsub Aslan bəyin ailəsində dünyaya göz açıb. İsfəndiyara "Xan" adının verilməsinin maraqlı bir tarixçəsi var. "Segah İslam" tələbəsi İsfəndiyarla birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və Təbrizli Əbülhəsən xanın ifasında "Kürd Şahnazı"nı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra "Segah İslam" üzünü İsfəndiyara tutub deyir: "Bəlkə sən də bizim üçün "Kürd Şahnazı" oxuyasan?". O, İslam Abdullayevin sözünü yerə salmır və  "Kürd Şahnazı"nı zilə çəkərək öz ifası ilə məclis əhlini heyrətləndirir, yerbəyerdən səslər eşidilir: "əsl xan elə bu imiş ki!". İslam Abdullayev isə şagirdinə ustad xeyir-duasını verərək deyir: "Bu gündən sən oldun Xan".

Dahi sənətkar  yaradıcılığında Hüseyn Cavidin qəzəllərinə geniş yer ayırdığına görə, hökumət nümayəndələrinin qəzəbinə tuş gəlmiş, bir müddət  onun kütləvi yerlərdə, el şənliklərində və rəsmi tədbirlərdə oxumasına qadağa qoyulmuşdur.

Xan Şuşinski uzun illər övlad həsrəti ilə yaşayıb. Bu mövzuya toxunan qızı Bəyimxanım atası haqqında belə demişdi: "Atam həmişə deyərdi ki, "Süsən-sünbül bitirmişəm, ömrü başa yetirmişəm, balam hanı?" mahnısını oxuyanda sanki öz taleyimi oxuyurdum. Deyirdi, o vaxtlar Allah mənə övladdan başqa hər şey vermişdi". Uzun illərdən sonra  övladlarının olması onu çox xoşbəxt edib.

Sənətkar gənc yaşlarında evlənib. O, ilk həyat yoldaşı Tovuz xanımla 35 il evli olur, lakin övladları olmur. Tovuz xanım özü Xanın ikinci dəfə evlənməsini istəyir. Beləliklə, Xan Şuşinski ikinci dəfə 56 yaşında özündən 30 il cavan Suğra xanımla evlənir. Və Xan hər iki həyat yoldaşı ilə ömrünün sonuna kimi bir yerdə yaşayır. Lakin ilk xanımını incitməmək üçün onun yanında ikinci həyat yoldaşına heç vaxt isti münasibət göstərmir. Yeri gəlmişkən həmin evlilikdən Bəyimxanım, Zümrüd, Səadət və Aslan adlı övladları doğulub.

Gənc yaşlarından siqaret çəkən Xan Şuşinski, sonradan Cabbar Qaryağdıoğlunun məsləhəti ilə qəlyan çəkməyə başlamış və ömrünün sonlarına qədər bu məşğuliyyətindən əl çəkməmişdir. Sağlığında böyük qəlyan və təsbeh kolleksiyası olsa da, əliaçıq insan olduğundan özünə ən əziz hesab etdiyi əşyasını belə kimdənsə əsirgəməyib.

Cavanlığında at sürməyi, ov-ovlamağı xoşlardı. İti görmə qabiliyyəti və cəld hərəkəti hesabına sərrast güllə atmağı varmış. Onun gözəl nərd oynamaq qabiliyyəti olub. Nərd oynamağı sevər və çox nadir hallarda uduzarmış. Latın, kiril və ərəb əlifbaları ilə yazıb-oxuyur, hafizəsi güclü olduğundan hətta ömrünün ixtiyar çağlarında belə yaddaşında minə yaxın şeir və qəzəli təhrifsiz saxlayıb ifadə edə bilirdi.

Ömründə heç vaxt spirtli içki qəbul etməmiş, səsinin qorunması xatirinə ömrü boyu özünü təbiətin bir sıra nemətlərindən təcrid etmişdir. Təmkinli, az danışan insan olub. Eyni zamanda həmyaşıdları və münasib bildiyi insanlarla zarafatlaşmağı xoşlayardı. Dövri mətbuatı izləyər, siyasi tədbirlərdən uzaq olmağa çalışardı. Dəvət olunduğu yerə, o cümlədən işə, konsertlərə heç vaxt gecikməz, xalq arasında olmaqdan, piyada gəzməkdən zövq alardı, adətən, ictimai nəqliyyatdan istifadə edərdi. Bir gün Xan Şuşinski musiqiçi yoldaşları ilə toydan gəlirmiş. Quldurlar onları soymaq üçün faytonlarını saxladırlar. Sənətkar olduqlarını biləndə Xandan oxumasını istəyirlər. Xan necə oxuyursa, uzun müddət ev-eşiyindən uzaq düşmüş quldurbaşını ağlamaq tutur, onlara xələt verib sağ-salamat Şuşaya yola salır.

Xan Şuşinski uzun sürən xəstəlikdən sonra  77 yaşında vəfat edib, Bakı şəhərindəki İkinci Fəxri Xiyabanda dəfn edilib.

 

Kamilla Klodel

Deyirlər eşq bəzən insanı addım-addım fəlakətə sürükləyir. Haqqında söhbət açacağımız fransız heykəltəraşı  Kamilla Klodel də belə insanlardandır. Eşqi üzündən ömrünün düz 30 ilini dəlixanada keçirib. "Burada çox sıxılıram... Paul, mənim evə dönməyə heçmi şansım yoxdur?". Bu sözləri o qardaşına yazdığı məktubun sonunda qeyd eləmişdi. Əslinə baxsan verdiyi sualın cavabı aydın idi, onun həyatının sonuna qədər də dəlixanadan çıxmaq şansı yox idi...

Fransanın Aisne bölgəsində çox zəngin bir ailədə doğulan Kamilla Klodelin deyilənə görə, ən sevdiyi oyuncaqları daşlar və çamur olub. Elə bu oyuncaq vasitələri də onun taleyini müəyyənləşdirib. Kamilla heykəltəraş olmaq istəyirdi. Və tezliklə atası onun bu fikri haqqında eşidib ən böyük dəstəkçisi oldu. Anası isə əksinə, onun heykəltəraş olmaq istəyini qəbul etmirdi. Buna baxmayaraq, onlar tezliklə Kamillanın bu sənətlə daha professional şəkildə məşğul ola bilməsi üçün Parisə köçdülər. Gələcəyin məşhur heykəltaraşı, Fransanın ən məşhur sənət ocaqlarından olan  "Kolarossi" Akademiyasına daxil oldu və ilk müəllimi Alfred Bokerdən sənət dərslərini öyrənməyə başladı. O illərdə (söhbət XIX əsrin ikinci yarısından gedir) qadınların sənət akademiyalarında təhsil alması qadağan idi, əvəzində qadın tələbələr hər hansı bir böyük sənətkarın şəxsi emalatxanasında təhsil ala bilərdi. Kamilla Rodinlə bax beləcə tanış oldu. Bir qrup gənc qadın dahi heykəltaraş Ogüst Rodinin emalatxanasında heykəltaraşlıq sənətinin sirlərini öyrənməyə başladılar. Kamillanın şəxsi bacarığı və gözəlliyi onu müəlliminin ilham mənbəyinə çevirdi. Tezliklə bu gənc qadın  Rodinin sevgilisi və ən böyük rəqibi olacaqdı.

Rodin sonrakı illərdə Kamillanın başına xoşagəlməz bəlalar açıb. Kamillanın həm müəllimi, həm sevgilisi, həm də rəqibi olan Rodin onu qısqanmağa başlayıb. Sənətdə ondan irəli gedən sevgilisini həzm edə bilməyən müəllim onun yollarını kəsib. İddialara görə məşhur "Cəhənnəmin qapıları" adlı əsəri də Kamilla Klodel yaradıb. Lakin bu əsəri Ogüst Rodin öz adına çıxarıb. Başqa bir qadın ilə evli olan Rodin bir yandan da tələbəsi Kamilla ilə sevgili idi. Əsərləri sevgilisi tərəfindən mənimsənilən gənc qadın münasibətdə olduqları dövrdə ondan hamilə qalıb. Lakin keçirdiyi yüngül bir qəza zamanı  bətnində övladını itirib. Yaşadığı travmalar onun üçün sonun başlanğıcı olub. Övladını itirdikdən sonra müəllimi Rodinin ona olan münasibəti ortaya çıxmışdı. Olanlar az imiş kimi, buna görə ailəsi onu rədd edib. Bütün bu çətinliklərə baxmayaraq, o, sevgilisi ilə yola davam etmək istəsə də, Rodin Kamillanı yarı yolda qoyub.  Sevgilisindən ayrıldıqdan sonra ərsəyə gətirdiyi əsərlər daha çox məşhurlaşıb, Kamilla daha çox tanınmağa başlayıb. Bir neçə il sonra atasının ölüm xəbərini alan Kamilla get-gedə təkliklə üz-üzə qaldığının fərqinə varıb və keçirdiyi əsəb sarsıntısı üzündən bir çox əsərini parçalayıb.

Kamilla bir müddət bu cür davam etdikdən sonra ailəsi və Rodin tərəfindən dəlixanaya yerləşdirildi. Bəzi iddialara görə, isə onu dəlixanaya başqa bir səbəblə sevgilisi Rodin atıb. Kamillanın Rodindən daha bacarıqlı olduğu üçün bunu etdiyi iddia edilir. Kamillaya xəstəxanada belə heykəl hazırlamağa icazə verilmirdi.

Xəstəxanadan gizli şəkildə qardaşına məktub yazan Kamilla bütün bunların Rodinin oyunu olduğunu deyib. Evə dönmək istədiyini deyən, ağlının yerində olduğunu bildirən Kamillaya çox təəssüf ki, ailəsi belə inanmayıb. Oradan çıxmaq üçün çox çalışsa da, o bunu bacarmayıb. Fransız sənətçisi 30 il dəlixanada yaşamağa məhkum olub, 78 yaşında  elə orada da təkbaşına vəfat edib...

 

Cüzeppe Arçimbildo

İtalyan rəssamı, memar, səhnə tərtibatçısı və mühəndis Cüzeppe Arçimbildo... bu dahi şəxsiyyət yalnız ölümündən sonra ümumdünya şöhrəti qazanmış, həyat yolu da icad etdiyi janr kimi qeyri-adi metamorfoz idi. Əsərlərini meyvə-tərəvəz və çiçəklərdən hazırlayan, təbiətin vurğunu olan bu rəssamı "iblisin rəssamı" adlandırırdılar...

O, Milanda doğulmuşdu. 7 yaşından atası, kilsə rəssamı Byadjoya kömək edirdi. Onun 20 yaşında ikən müqəddəs Yekaterinanın həyatından çəkdiyi vitraja bütün Milan heyran qalmışdı. Müqəddəs Roma İmperiyasının imperatoru I Ferdinand onu Venaya, öz sarayına dəvət edib, hər cür şərait yaradır. Sadə portretçidən o, baş rəssama və dekoratora kimi ucalır. Varis II Rudolf onu Praqaya dəvət edir və "ali zadəgan" titulu verir.  Cüzeppenin möcüzəvi tablo və portretləri həqiqətən də heyranedici idi.  Meyvələrdən, çiçəklərdən və əşyalardan, bir sözlə əlinə düşən hər şeydən portret çəkməyə onu ilk dəfə Ferdinand təhrik etmişdi: "İstəyirəm ki, mənim rəssamım İntibah dövrünün bütün rəssamlarını geridə qoysun". Arçimbildo xeyli fikrə getmişdi:  axı dahiləri necə ötmək, zamanı necə ram etmək olar? Onun yadına Boes, Leonardo da Vinçinin qeyri-adi işləri düşmüşdü. Cüzeppe əlinə keçən göy-göyərtidən, meyvə-tərəvəzdən rəsmlər çəkirdi. Kələmdən baş, qaragilədən göz, armuddan burun, göyərtidən saç, qızılgül ləçəklərindən üz dərisi. Hətta bu səbəbdən insanlar arasında ona "iblisin rəssamı" da deyirdilər.

25 yaşında ikən Cüzeppe portretini çəkdiyi qıza vurulur. Adi məhkəmə məmurunun qızı Karolina təbiətin şah əsəri idi: yanaqları lalə, dodaqları mixək, gözləri yasəmən, saçları sarı sünbül. Elə ki, portret hazır oldu, Karolina gözləmədiyi reaksiyanı verdi: "Bu nədir? Doğrudanmı saçlarım ot-ələfdir?". Cüzeppe qıza o qədər aludə olmuşdu ki, onu hər gün görmək üçün atasına 200 florin verib öz yanına işə götürür. Kasıb qız ipək paltarları, bol yeməyi və daş-qaşı görüb, özünü ən xoşbəxt qadın hesab edirdi, lakin Cüzeppenin evlənmək təklifinə nədənsə, razılıq vermirdi. Lakin sonralar  rəssam  rəsmini çəkdiyi "bostan gözəli" ilə nəhayət ki, evlənir və bu izdivacdan onun bir oğlu dünyaya gəlir.

Rəssam 66 yaşında sətəlcəm səbəbindən vəfat edib.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".