SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Kök şirəsi xərçəngin qənimi imiş

Danimarkalı elm adamları kök şirəsinin daha bir faydasını aşkar ediblər. Belə ki, sözügedən içkinin xərçəngə qarşı təsirini araşdıran alimlər onun iltihabı azaltmaq və immuniteti gücləndirməklə xərçəng hüceyrələrini məhv etdiyini ortaya çıxarıblar.

Tədqiqatda 14 könüllü iştirak edib. Əvvəlcə onlardan qan analizləri götürülüb. Daha sonra iştirakçılara bir həftə ərzində hər gün 100 milliqram kök şirəsi verilib. Nəticədə kök suyu içdikdən bir saat sonra respondentlərin qanında sitokinlərin səviyyəsi artıb. Sitokinlərin artan konsentrasiyasının iltihab əleyhinə reaksiyanı təşviq etdiyi və xərçəng hüceyrələrinə qarşı immun reaksiyasını yaxşılaşdırdığı aşkar edilib. Tədqiqatçılar müəyyən ediblər ki, sözügedən içkinin təsiri ilə interleykin 17A yüksəlir, bu da xərçəngdən qorunmağa kömək edir.

Bundan əlavə, beta-karotinin miqdarına görə tərəvəzlər arasında birinci yerlərdən birini tutan yerkökü orqanizmdə A vitaminini sintez etdiyi üçün bir çox orqan və sistemlərin normal fəaliyyətində böyük rol oynayır. Belə hesab olunur ki, 2 orta ölçüdə yerkökü orqanizmi gündəlik A vitamini tələbatını ödəyir. Məhz A vitamininin çox olmasına görə yerkökü görmə üçün olduqca xeyirlidir. Qeyd edək ki, bu vitaminin çatışmazlığı toyuq korluğu və digər göz xəstəliklərin inkişafına təkan verə bilər.

Autizmin müalicəsi mümkün ola bilər

Şanxaylı elm adamları autizmi "tərsinə çevirən" müalicə üsulu tapıblar. Belə ki, alimlər siçanlara autizm simptomları ilə bağlı DNT-də spesifik mutasiyanı dəyişdirən gen redaktə dərmanı yeridiblər. Nəticələr göstərib ki, bu metod spektr pozğunluğu olan insanlara kömək etmək üçün istifadə oluna bilər.

Məlumat üçün qeyd edək ki, autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin yaranması ilə təzahür edən ümumi inkişaf problemidir. Bu xəstəliyin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Özünə qapanma, real həyatdan uzaqlaşma kimi əlamətlərlə özünü göstərən autizm kifayət qədər geniş yayılmışdır. Dünya üzrə təxminən min uşaqdan beşində müşahidə olunan bu xəstəliyin yaranma səbəbləri dəqiq məlum olmasa da, MEF2C genindəki mutasiya ilə əlaqələndirilir. Qüsurlu DNT-nin beynin mühüm inkişaf proseslərində problemlər yaratdığı ehtimal edilir. Sözügedən genin uşaqlıqların neyroinkişafda böyük rol oynadığı bilinir. O, beynin öyrənmə, yaddaşla bağlı əsas sahələri olan frontal korteks və hipokampusun fəaliyyətini tənzimləyir.

Şanxay Jiao Tonq Universiteti Tibb Fakültəsi və Fudan Universitetinin alimləri yeni metodun peyvənd edilmiş genetik xüsusiyyətə malik siçanlarda davranış və sosial problemlərini tamamilə tərsinə çevirdiyini söyləyirlər. Onlar bu metodun autizmin müalicəsində effektiv olacağına ümid edirlər.

Bu qida hər gün ömrümüzü 30 dəqiqə uzadır

ABŞ-ın Miçiqan Universitetinin alimləri qida maddələrinin sağlamlığımıza və ömrümüzə necə təsir etdiyini araşdırıblar. 6000 qidanın karbon izini ölçən, onların təsirini hesablayan tədqiqatçılar, insan ömrünü azaldan və çoxaldan qidaların adlarını açıqlayıblar.

Qəlyanaltıların sağlamlığa təsiri Sağlamlıq Qidalanma İndeksi adlanan üsulla hesablanıb. Bir qram qidanın sağlamlıq yükü hesablandıqdan sonra standart porsiya ölçüsünə əsasən nəticə əldə edilib. Məlum olub ki, istehlak edilən hot-doqlar ömrümüzdən 36, hamburger 10, qazlı və şəkərli içkilərsə 12,5 dəqiqə oğurlayır. 1 porsiya qoz ömrümüzü 26, meyvələr 10, fıstıq yağı və ya əzməsi isə 30 dəqiqə uzadır.

Fıstıq yağı idmançıların vazkeçilməz qidalarından biridir. Bunun səbəbi onun tərkibindəki protein miqdarıdır. Qidanın tərkibində doymamış yağ nisbəti kifayət qədər yüksək olduğu üçün ürək sağlamlığına və 2-ci tip diabetə müsbət təsir edir. Fıstıq yağı, həmçinin yaddaşı gücləndirir, serotonin hormonunun ifrazını təmin edir, depressiyanın qarşısını alır.

Yaddaş probleminiz varsa...

Müasir dövrün ən böyük problemlərindən biri də yaddaş zəifliyidir. Hazırda bir çox insan bu problemdən əziyyət çəkir. Günümüzün gətirdiyi gərginlik, stres, informasiya çoxluğu, yuxusuzluq, düzgün olmayan qida və digər amillər yaddaşın zəifləməsinə gətirib çıxarır ki, bu da müxtəlif xəstəliklərin yaranmasına yol açır.

Adətən yaşlılarda rast gəlinən bu problemdən son zamanlar gənclər də əziyyət çəkir. Yaşlandıqca yaddaşın zəifləməsi normal hal hesab edilir. Lakin gənclərdə yaddaş zəifliyinin səbəbləri əsasən yuxarıda qeyd olunan amillər hesab olunur. Mütəxəssislər yaddaşın yaxşılaşdırılması üçün ilkin olaraq düzgün qidalanmağı, hər gün eyni saatda yatıb durmağı və fiziki işlə məşğul olmağı tövsiyə edirlər. Onlar hesab edir ki, bir çox qidalarla yaddaşı möhkəmləndirmək mümkündür. Bunlara balıq əti, balıq kürüsü, yumurta, kakao, qoz, müxtəlif çərəzlər, lobya, meyvə-tərəvəz və süd kimi bəzi qidaları misal göstərmək olar. Səhər yeməkləri sağlamlıq üçün xüsusi əhəmiyyət kəsb edir. Mütəxəssislərin fikrincə, səhərlər şirin çay içmək orqanizm üçün çox faydalıdır. Bu, həm də yaddaşın möhkəmlənməsi üçün əvəzolunmaz vasitədir.

Aparılan araşdırmalar zamanı məlum olub ki, həddindən artıq televizor izləmək də yaddaşa mənfi təsir göstərir. Hər gün 7 saatdan artıq televizor qarşısında zaman keçirən insanlar digərlərinə nisbətən 50 faiz daha çox yaddaş zəifliyinə məruz qalırlar. Yaddaş zəifliyinin əsas səbəblərindən biri də damarlarda baş verən dəyişikliklərdir. Bu səbəbdən mütəxəssislər yaddaşı möhkəmləndirmək üçün idmana zaman ayırmaq, eyni zamanda yüksək səslə kitab oxumaq, şeir əzbərləmək və tərkibində kalsium, fosfor, A, C, E, B vitaminləri olan qidaları qəbul etməyi məsləhət görürlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".