TÜRKİYƏNİN İLK MÜŞAHİDƏ PEYKİ ORBİTƏ BURAXILIB
Türkiyənin ilk müşahidə peyki olan “İMECE” ABŞ-ın Kaliforniyadakı Vandenberq bazasından orbitə buraxılıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “TRT” telekanalı məlumat yayıb.
Bildirilir ki, bir neçə dəfə təxirə salınmış raket buraxılışı “SpaceX” şirkəti tərəfindən aprelin 14-də yerli vaxtla saat 23:47-də həyata keçirilib.
Bununla yanaşı, Türkiyənin müdafiə naziri Hulusi Akar bu ərəfədə çıxışı zamanı peykin imkanlarından hərbi ehtiyaclar üçün fəal şəkildə istifadə edilməsinin planlaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, yüksək ayırdetmə qabiliyyətinə malik peyk təsvirlərinin istifadəsi sayəsində kəşfiyyat və döyüş nəzarəti tapşırıqlarının həlli imkanları artacaq.
Məlumat üçün qeyd edək ki, “İMECE” Yerin müşahidə peykidir. O, 680 kilometr yüksəklikdə xidmət göstərəcək. Qurğu yüksək ayırdetmə qabiliyyətinə malik təsvirləri qəbul edib ötürə biləcək ki, bundan da xüsusilə aqrar sektorda problemlərin həlli, eləcə də təbii fəlakətlərlə mübarizə və iqlim proseslərinin monitorinqində istifadə oluna bilər.
FRANSA ŞƏHƏRLƏRİNDƏ KÜÇƏLƏR DÖYÜŞ MEYDANINI XATIRLADIR
Fransada pensiya islahatının qismən qanuni hesab edilməsindən sonra ölkənin müxtəlif şəhərlərində eyni vaxtda nümayişlər keçirilir. Bu barədə “TRT” telekanalı məlumat yayıb.
Verilən xəbərə görə, fransızlar Paris, Lion, Renn və Nant kimi müxtəlif şəhərlərdə küçələrə axışıblar.
Bununla yanaşı, paytaxt Parisdə bələdiyyə binasının qarşısında toplaşan nümayişçilər Fransa Konstitusiya Şurasının qərarından sonra yürüş ediblər.
Paytaxtın Respublika Meydanında yürüş edən nümayişçilər küçələrdəki zibil qutularını yandırıblar. Nümayişçilər avtobus dayanacaqlarının şüşələrini sındıraraq “Paris, ayağa qalx” şüarını səsləndiriblər.
Məlumata əsasən, polis etirazçılara gözyaşardıcı qaz və dəyənəklərlə müqavimət göstərib.
Yerli media orqanları Nant şəhərində polislə nümayişçilər arasında gərginliyin artdığını, nümayişçilərin Nant bələdiyyəsinin binasına hücum etdiyini bildirib.
BVF AVROPA ölkƏlƏrinƏ YÜKSƏK İNFLYASİYA PROQNOZLAŞDIRIb
Avropa ölkələrini qısa müddət ərzində yavaş iqtisadi artım və davamlı yüksək inflyasiya gözləyir. İnkişaf etmiş Avropa ölkələrində 2023-cü ildə inflyasiya orta hesabla təxminən 5,6 faiz təşkil edəcək. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Avropa Departamentinin direktoru Alfred Kammer keçirdiyi mətbuat konfransında bildirib.
Departament direktorunun sözlərinə görə, Avropa ötən qış “ümumi tənəzzüldən” yayınıb və möhkəmlik nümayiş etdirib. Bununla belə, region bir sıra problemlərlə üz-üzədir: inflyasiyaya qalib gəlmək, iqtisadiyyatın bərpasını dəstəkləmək və maliyyə sabitliyini təmin etmək.
“İnflyasiya yüksək olaraq qalır. Əksər inkişaf etməkdə olan Avropa ölkələrində və bəzi qabaqcıl iqtisadiyyatlarda bu, ikirəqəmli həddədir. Enerji qiymətləri aşağı düşüb, lakin digər məişət xərclərinin qiymətləri sürətlə artmaqda davam edir”, - deyə A.Kammer vurğulayıb.
Eyni zamanda, BVF rəsmisi qeyd edib ki, Avropa üçün yavaş artım və davamlı inflyasiya proqnozlaşdırılır.
NİDERLANDDA 12 YAŞLI UŞAQLARA EVTANAZİYA HÜQUQU VERİLİB
Niderland hökuməti dözülməz ağrılardan əziyyət çəkən və sağalmaq ümidi olmayan 12 yaşından kiçik uşaqlara evtanaziya hüququ verib. Bu barədə “Report” agentliyi “De Telegraaf” nəşrinə istinadən xəbər verib.
Məlumata əsasən, Nazirlər Şurası ölkənin Səhiyyə Nazirliyinin hazırladığı və hökumət üzvləri tərəfindən razılaşdırılan əsasnaməni qəbul edib. Bununla da 12 yaşa qədər uşaqlara evtanaziya hüququ verilib.
Xatırladaq ki, bundan əvvəl evtanaziya üçün protokol bir yaşa qədər ölümcül xəstələrə şamil edilirdi.
Məlumat üçün qeyd edək ki, Belçika 2014-cü ildən sağalmaq ümidi olmayan və çox əziyyət çəkən 12 yaşından kiçik uşaqlara evtanaziya hüququ verən ilk ölkədir.
PENTAQONUN MƏXFİ SƏNƏDLƏRİNİN GİZLİ MƏQAMLARI ÜZƏ ÇIXIB
Pentaqonun məxfi sənədlərinin mediaya sızdırılması bir çox gizli məqamların üzə çıxmasına səbəb olub. Böyük Britaniyanın “The Telegraph” qəzeti yayılmış sənədlərdə təhlükəli bir detalı oxucuları ilə bölüşüb.
Məlumata əsasən, ötən il Rusiyanın “Su-27” qırıcı təyyarəsinin pilotu mərkəzdən verilən əmri səhv başa düşərək, Böyük Britaniyanın müşahidə təyyarəsinə doğru raket zərbəsi endirib. Lakin həmin vaxt təyyarədə yaranan texniki xəta böyük böhranın qarşısını alıb. Pilot raketi atmağa çalışsa da, buraxılış baş tutmayıb.
Eyni zamanda, ötən il sentyabrın 29-da Qara dənizdə baş vermiş insidentlə tanış olan iki ABŞ hərbi rəsmisi həmin vaxt hadisənin çox ciddi qəbul edildiyini, müharibəyə səbəb olacağını açıqlayıblar. Rəsmilərdən biri hadisəni “həqiqətən qorxunc” kimi dəyərləndirib.
Böyük Britaniya müdafiə naziri Ben Uolles ötən ilin oktyabrında Rusiya qırıcısının İngiltərə təyyarəsi yaxınlığında raket atdığını açıqlamış və Kremlin bunun “texniki nasazlıq” olduğunu bildirdiyini vurğulamışdı.
ALMANİYA “COVID-19” PEYVƏNDİNİN FƏSADLARINA GÖRƏ TƏZMİNAT ÖDƏYƏCƏK
Almaniyada koronavirusa qarşı peyvəndlərin yaratdığı ağır fəsadlara görə məhkəməyə müraciət edənlərə hər ay ömürlük təzminat ödənilməyə başlanıb. “Trend” agentliyinin məlumatına görə, “COVID-19” peyvəndlərinin yan təsirləri səbəbilə indiyədək 301 təzminat müraciətinin təsdiqləndiyi Almaniyada müraciətləri qəbul edilən şəxslərə ömür boyu 164-854 avro arasında ödəniş ediləcək. Zərurət yaranarsa, bu şəxslərin müalicə xərcləri də dövlət tərəfindən qarşılanacaq.
Bildirilir ki, Almaniyada peyvənd və dərmanları təsdiqləyən səlahiyyətli qurum olan Paul Ehrlich İnstitutunun peyvənd fəsadları siyahısındakı simptomlara görə, “COVID-19” peyvəndlərinə ürək xəstəlikləri, qan laxtalanması, üz iflici, “Guillain-Barre” sindromu adlı əzələ xəstəliyi daxildir.
Qeyd edilir ki, peyvənd istehsalçısı “Biontech” şirkəti tərəfindən mövzu ilə bağlı edilən şərhdə, “Biontech” peyvəndinin araşdırılan hallarda sağlamlıq problemləri ilə əlaqəsinin sübuta yetirilmədiyi bəyan edilib.
DÜNYANIN SONUNU GÖZLƏYƏN DÖRD NƏFƏR ACLIQDAN ÖLÜB
Keniyanın şərqində dünyanın sonunun yaxınlaşdığını düşünən və bu səbəbdən aclıq edən dini təriqətin dörd üzvü vəfat edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Keniyanın Kilifi dairəsinin polisi məlumat yayıb.
“Ölənlər Keniyada 20 il əvvəl pastor Pol Makkenzi tərəfindən yaradılmış, qalmaqalları ilə məşhur olan “Xoş xəbərlər” beynəlxalq kilsəsinin üzvləri olublar. Daha 11 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 6-nın vəziyyəti ağırdır”, - deyə Keniyanın “Nation” qəzeti polis nümayəndəsindən sitat gətirib.
Verilən xəbərə görə, icma bir neçə gün əvvəl dünyanın sonunun gələcəyini iddia edərək meşənin dərinliyinə çəkilib.
Xatırladaq ki, pastor Makkenzi dindarın əbədi həyat qazanmasının ən sürətli yolu kimi sərt aclıq formalarında israr etməsi ilə tanınır.
2017-ci ildən bəri Keniya məhkəmələri pastora qarşı müxtəlif ittihamlarla iddialar qaldırsalar da, o, azadlıqda qalmağa davam edib. Ötən ay isə o, iki uşağın aclıqdan ölümündə əli olmaqda şübhəli bilinərək həbs edilib.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.