DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

AK TÜRKİYƏ VƏ SURİYAYA YARDIM MƏQSƏDILƏ KONFRANS KEÇIRƏCƏK

Avropa Komissiyası İsveçin sədrliyi ilə Türkiyə və Suriyada dağıdıcı zəlzələdən zərər çəkənlərə yardım məqsədilə donorlar konfransını keçirəcək. Bu barədə “TRT” telekanalı məlumat yayıb. Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və İsveçin baş naziri Ulf Kristersson Türkiyə hökuməti ilə koordinasiya şəraitində donorların konfransının təşkili barədə niyyətlərini açıqlayıblar. Bildirilir ki, tədbir mart ayında Brüsseldə keçiriləcək. Verilən xəbərə görə, donorların konfransı beynəlxalq ictimaiyyəti Türkiyə və Suriyada baş vermiş şiddətli zəlzələnin nəticələrinin aradan qaldırılmasına səfərbər etməyə kömək edəcək.

İsveç hökuməti qeyd edib ki, yüksək səviyyədə keçiriləcək konfransın məqsədi donorların cavablarını koordinasiya etmək, həmçinin zəlzələdən zərər çəkmiş regionlarda bərpa işlərinin sürətlə aparılması və zərərçəkənlərə yardım göstərilməsi üçün resurslar toplamaqdır.

Məlumata əsasən, tədbir Avropa İttifaqına üzv ölkələr, qonşu dövlətlər, BMT-nin üzvləri, beynəlxalq maliyyə təşkilatları və digər maraqlı tərəflər üçün açıq olacaq.

 

UKRAYNA ILƏ BAĞLI TƏMAS QRUPUNUN GÖRÜŞ TARİXİ AÇIQLANIB

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun növbəti, doqquzuncu görüşü fevralın 14-də keçiriləcək. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat verib. “İrəliləyişlərin nəzərdən keçirilməsi, həmçinin gələcəkdə Ukraynaya kömək etmək üçün daha hansı addımların atılması ilə bağlı əsaslı müzakirələr gözlənilir”, - deyə Pentaqon rəsmisi bildirib. Mətbuat katibinin sözlərinə görə, Vaşinqton Ukraynanın təcili ehtiyaclarını müəyyən etmək üçün rəsmi Kiyev və beynəlxalq tərəfdaşlarla sıx məsləhətləşmələri davam etdirəcək: “Biz çox çalışacağıq ki, Ukraynaya döyüş meydanında uğur qazandıra biləcək imkanlar təqdim edək”. Eyni zamanda, “Politico” nəşri bildirib ki, təmas qrupunun yeni görüşü zamanı Ukrayna üçün aviasiya məsələsi də müzakirə oluna bilər.

Məlumat üçün qeyd edək ki, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun böyük anti-Rusiya platformasıdır və burada 40-dan çox dövlət təmsil olunur.

 

HÜQUQ MÜDAFİƏÇİSİ: CƏMİYYƏT İRANDAKI MÖVCUD SİSTEMİN DƏYİŞMƏSİNİ TƏLƏB EDİR

“Edam təhlükəsinə, repressiyalara baxmayaraq, İran xalqının bu rejimə nifrəti, onu dəyişmək istəyi ara vermir”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu İranın hüquq müdafiəçisi, keçmiş siyasi məhbus, dissident Nəsrin Sutudə “CNN” telekanalına müsahibəsində bildirib.

Hüquq müdafiəçisi cəmiyyətin İrandakı mövcud sistemi dəyişməsini tələb etdiklərini vurğulayaraq İranın keçmiş baş naziri Mirhüseyn Musəvinin də bu məqsədlə referendumun keçirilməsini tələb etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, dörd aydır davam edən etiraz aksiyaları Tehran rejiminin mövqeyini dəyişməyib.

Xatırladaq ki, Nəsrin Sutudə məhkəmələrdə ölüm hökmü təhlükəsi olan yetkinlik yaşına çatmayanların, ictimai yerlərdə hicaba əməl etmədikləri üçün tutulanların hüquqlarını müdafiə edib. O, 2019-cu ildə “dövlətin təhlükəsizliyinə qarşı çıxdığı üçün” 33 il müddətinə azadlıqdan məhrum olunub.

 

TÜRKIYƏDƏ ZƏLZƏLƏNI FÜRSƏT BILƏN MƏHKUMLAR QAÇMAĞA ÇALIŞIBLAR

Türkiyədə həbsxanadan məhkumların qaçma cəhdinin qarşısı alınıb. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Türkiyə Cəza və İstintaq Təcridxanaları Müdirliyi məlumat yayıb. Ədliyyə Nazirliyinin Penitensiar və İstintaq Təcridxanaları Baş İdarəsi (CTE) Türkoğlu 1 saylı Qapalı Cəzaçəkmə Müəssisəsində məhkumların həpsxanadan çıxmağa çalışdıqları və onların qaçış cəhdinin qarşısı alınaraq təhlükəsizliyin təmin edildiyi vurğulanıb.

CTE-nin verdiyi yazılı açıqlamada bəzi media orqanlarında və sosial media platformalarında Hatay Qapalı Cəzaçəkmə Müəssisəsinə aid olduğu iddia edilən görüntülərin Kahramanmaraş Türkoğlu Qapalı Həbsxanasına aid olduğu bildirilib. “Türkoğlu Qapalı Həbsxanasında məhkum və məhbuslar cəzaçəkmə müəssisəsindən çıxmağa çalışıblar. Lakin bunun qarşısı alınıb və təhlükəsizlik təmin edilib. Bu zaman hər hansı bir ölüm hadisəsi qeydə alınmaıb”, - deyə məlumatda qeyd edilib.

 

PUTİN: TERRORÇULARIN ƏFQANISTANDA FƏALİYYƏTLƏRİ ARTIB

Rusiya prezidenti Vladimir Putin ABŞ ordusunun Əfqanıstandan çıxmasından sonra  bu ölkədə beynəlxalq terror təşkilatlarının  fəaliyyətlərinin artdığını bəyan edib. Bu barədə “TRT” telekanalının məlumatında qeyd olunur. Paytaxt Moskvada müxtəlif ölkələrin təhlükəsizlik qurumlarının nümayəndələri ilə Əfqanıstanla bağlı keçirilən toplantıda çıxışı zamanı Vladimir Putin deyib: “Dünyada çoxlu qarşıdurmalar mövcuddur. Biz bunu bilirik. Lakin bu, Əfqanıstandakı vəziyyətin ağırlığını azaltmır. Əfqanıstan bizim üçün həmişə vacib olub və bu gün də ikiqat vacibdir. Çünki biz cənub sərhədlərimizdə daha çox gərginlik nöqtələrinin olmasını istəmirik”.

Dövlət başçısının sözlərinə görə, bəzi ölkələr beynəlxalq terrorizmlə mübarizə bəhanəsi ilə Əfqanıstanda varlığını artırmağa çalışır. Dövlət başçısı əlavə edib ki, Əfqanıstanda humanitar vəziyyət günü-gündən pisləşir: 4 milyona yaxın adamın yardıma ehtiyacı var.

 

SEYSMOLOQ ZƏLZƏLƏ ZAMANI DİQQƏTÇƏKƏN DETALI AÇIQLAYIB

Kahramanmaraşda fevralın 6-da baş verən iki zəlzələ həm Türkiyəni, həm də dünyanı yasa boğdu. 10 əyaləti yerlə-yeksan edən şiddətli zəlzələdən sonra axtarış-xilasetmə işləri tam sürətlə davam edir. “Teleqraf.com”un verdiyi xəbərə görə, Yunanıstanlı seysmoloq, professor Panayotis Karidis durumu araşdırmaq üçün bölgəyə gəlib.

Yunanıstan mətbuatına açıqlama verən P.Karidis deyib: “Dünyada bir çox zəlzələ bölgəsində olmuşam. Daha əvvəl belə bir şey görməmişdim. Zərərin ölçüsü demək olar ki, Yunanıstan böyüklüyündədir”. Eyni ərazidə bəzi binaların dağılmasına baxmayaraq, yanındakı digər binaların niyə dağılmadığı haqda sualı cavablandıran professor bunun “harmonik çökmə” adlandırıldığını bildirib. Seysmoloqun sözlərinə görə, “harmonik çökmə” bir yerin zəlzələyə hansı şəkildə məruz qalması ilə bağlıdır. Belə ki, bu zaman  zəlzələnin yaratdığı şaquli və üfüqi dalğalar birləşir: “Buna uyğun olaraq, zəlzələnin şiddəti bəzi binalarda daha çox bəzilərində isə daha az hiss edilə bilər. Eyni ərazidə yerləşən iki bina olsa belə, biri çökə, digəri dayana bilər”.

Panayotis Karidis belə hallarda “masa altına girməyin” və ya “təhlükəsiz yer” tapmağın nəticə verməyəcəyinə diqqət çəkib: “Çünki bu durumda bina düz formada dağılır”.

 

ŞARL MİŞEL: AVROPA İTTIFAQI UKRAYNAYA DAHA ÇOX YARDIM GÖSTƏRMƏLİDİR

“Avropa İttifaqı yaxın həftələrdə Ukraynaya daha çox yardım göstərməlidir”. “Report”un verdiyi xəbərə görə, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Brüsseldə keçirilən və Ukrayna prezidenti Volodimir Zelenskinin ilk dəfə şəxsən iştirak etdiyi Aİ sammiti çərçivəsində baş tutan mətbuat konfransında bildirib. “Başa düşürük ki, qarşıdakı həftələr və aylar, şübhəsiz ki, həlledici olacaq. Biz Ukraynaya daha çox yardım göstərməyə davam etməliyik”, - deyə Şarl Mişel vurğulayıb. Aİ Şurasının rəhbərinin sözlərinə görə, bu yardım həm hərbi, həm maliyyə, həm də siyasi xarakter daşımalıdır. Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen isə öz növbəsində bildirib ki, Aİ və birliyə üzv ölkələrin Ukraynaya ümumi yardımı artıq 67 milyard avroya çatıb.

Bununla yanaşı, Şarl Mişel və Ursula Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirəcəyini və rəsmi Moskvaya qarşı 10-cu sanksiyalar paketinin hazırlandığını vurğulayıblar.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.