Bakıdan dünyaya mühüm mesaj
Siyasət

Bakıdan dünyaya mühüm mesaj

Prezident İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı kifayət qədər önəmli məqamlara toxunaraq qlobal sistemin əsas güc mərkəzlərinə mühüm mesajlar vermiş oldu.

Mədəniyyətlərarası dialoqun, milli dəyərlərə hörmətin önəmini vurğulayan dövlət başçımız münaqişələri alovlandırmağa, müharibələri təşviq etməyə çalışan imperialist qüvvələrə qarşı həm təkbaşına, həm də Qoşulmama Hərəkatı çərçivəsində apardığımız mübarizənin labüdlüyünü bir daha diqqətə çatdırdı. Eyni zamanda ətraf mühitin qorunması və alternativ enerji mənbələrinin istifadəsi kimi sərhədləri aşan problemlərin həllində ən önəmli məqamın qarşılıqlı ittihamları kənara qoyaraq ortaq yol xəritəsinin müəyyənləşdirilməsi olduğunu vurğuladı.

Cənab Prezident tarixi zəfərimizə aparan yolda beynəlxalq institutların qərarlarının tətbiqetmə mexanizminin olmadığını və qlobal sistem daxilində hökm sürən ikili standartları bir daha qeyd edərək ədalət mübarizəmizin bütün istiqamətlərdə davam etdiyini və regional təhlükəsizliyi hədəf alan güc mərkəzlərinin "sülh" adı altında gizlənmiş məkrli niyyətlərinin hər kəsə aydın olduğunu ifadə etdi.

Dövlət başçımızın çıxışı zamanı verilən başlıca mesajın qətiyyətli mövqeyə və güclü hərbi-siyasi iradəyə sahib Azərbaycan dövlətinin əsas hədəfinin ortaq dialoq platformasının formalaşdırılması vasitəsilə sərhədləri aşan problemlərin həllinə yönəldiyini ifadə edə bilərik.

Aytən QURBANOVA,

politoloq.