Yaponiya dünyanın üçüncü ən böyük iqtisadiyyatı olaraq yerini Almaniyaya verib
Dünya xəbərləri

Yaponiya dünyanın üçüncü ən böyük iqtisadiyyatı olaraq yerini Almaniyaya verib

Ötən ilin sonunda Yaponiya dollar ifadəsində nominal ÜDM baxımından dünyanın üçüncü ən böyük iqtisadiyyatı olaraq yerini Almaniyaya verib.

"Respublika" xarici mediaya istinadən xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin açıqladığı məlumatlara əsasən, 2023-cü ildə inflyasiya nəzərə alınmadan ölkənin nominal ÜDM-i 591,48 trilyon yen (təxminən 4,21 trilyon dollar) təşkil edib.

Eyni zamanda, “Kyodo” agentliyinin məlumatına görə, Almaniyanın 2023-cü ildə nominal ÜDM-i təxminən 4,46 trilyon dollar təşkil edib. Beləliklə, ötən ilin sonunda Yaponiya dünyanın üçüncü ən böyük iqtisadiyyatı kimi öz yerini bir pillə itirib.

Bu nəticəni əvvəllər Yaponiya mətbuatı proqnozlaşdırmışdı. Qeyd olunub ki, Yaponiyanın dollar ifadəsində nominal ÜDM-i milli valyutanın zəifləməsi səbəbindən xeyli azalacaq. Eyni zamanda, Almaniyanın ÜDM-i qiymətlərin sürətlə qalxması fonunda artacaq.

Bununla belə, bu ayın əvvəlində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Almaniyanın ÜDM artımı proqnozunu 2024-cü ildəki 0,6 faizdən 0,3 faizə və 2025-ci ildəki 1,2 faizdən 1,1 faizə endirib.