DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ PREZİDENTİ IRAQ VƏ SURIYA ƏMƏLİYYATLARINA MÜNASİBƏT BİLDİRİB

“İraq və Suriyanın şimalında apardığımız anti-terror əməliyyatlarını kimin nə deyəcəyi və necə olacağı kimi sualları düşünərək başlatdığımız hərəkat deyil”. “Report” agentliyinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bəyan edib. “Biz Suriya və İraqdakı yeni əməliyyatlar barədə nə Rusiya prezidenti Vladimir Putin, nə də ABŞ prezidenti Cozef Baydenlə danışdıq. Bizim bu regionda hər an oxşar addımları ata biləcəyimizi ikisi də bilir”, - deyə Ərdoğan vurğulayıb. Dövlət başçısı daha əvvəllər də dediyi kimi, Türkiyə üçün təhdid yaradacaq hər kəsə adekvat cavab verdiklərini və bundan sonra da verəcəklərini açıqlayıb.

Ölkənin cənubunda terrorçuların hələ də qaldığını xatırladan prezident bildirib ki, onlar həm İraq, həm də Suriya tərəfində mövcuddurlar. “Əlbəttə, “bir gecə qəfil gələ bilərik” fikri təsadüfi deyilməyib. Vaxtı çatanda lazım olan addımlar atılır və başladılan əməliyyat da bunun təzahürüdür”, - deyə Ərdoğan əlavə edib.

Eyni zamanda, prezident qeyd edib ki, terrorçuların məhv edilməsi Türkiyənin təhlükəsizlik orqanlarının əsas prioritetidir.

 

KİV: BÖYÜK BRİTANİYA RUSİYADAN NEFT ALIŞINI DAVAM ETDİRIR

Böyük Britaniya hakimiyyətinin Rusiya Federasiyasından tədarükün dayandırılması ilə bağlı iddialarına baxmayaraq, krallıq Rusiya neftini almağa davam edir. “Trend” agentliyinin xəbərinə görə, bu barədə öz mənbələrinə istinadən “The Sunday Times” qəzeti məlumat yayıb. Nəşrin hesablamalarına əsasən, fevralın sonundan indiyədək dəyəri 200 milyon funt-sterlinqdən çox olan Rusiya nefti daşıyan 39 tanker Böyük Britaniya limanlarına gəlsə də, bu tədarüklərin Rusiyaya aid olması göstərilməyib. Xüsusilə, iyun və iyul aylarında Rusiya Federasiyasından Böyük Britaniyaya neft tədarükü 80 milyon funt-sterlinq səviyyəsində qiymətləndirilirdi, rəsmi hesabatlarda isə Böyük Britaniyanın nəzərdən keçirilən dövr ərzində ümumiyyətlə Rusiyadan neft almadığı göstərilir.

Məlumata əsasən, Böyük Britaniyanın sənədlərində rus neftinin faktiki tədarükü Avropa kimi qeyd edilirdi, çünki Rusiyanın limanlarından daşınan neft Aİ ölkələrindən birində bir gəmidən digərinə yüklənirdi, sonra isə Böyük Britaniyaya çatdırılırdı.

 

“KIZILELMA” PİLOTSUZ DÖYÜŞ TƏYYARƏSİNİN  UÇUŞ SINAQLARI KEÇIRILIB

Türkiyənin “Baykar” müdafiə sənayesi şirkətinin istehsal etdiyi “Kızılelma” pilotsuz döyüş təyyarəsi avtomatlaşdırma və uçuş testini uğurla başa vurub. Bu barədə “Report” agentliyinə şirkətin mətbuatla əlaqələr şöbəsinin müdiri İlker Akgüngör məlumat verib.

Qeyd olunub ki, Türkiyənin milli və ilk pilotsuz döyüş təyyarəsi olan “Kızılelma”nın müvafiq sınaqları yerli və xarici mütəxəssislər tərəfindən mərhələli şəkildə həyata keçirilib.

Verilən xəbərə əsasən, “Kızılelma”nın sürəti hazırda səs sürətinə yaxındır. Sonrakı dövrdə onun sürəti supersonik səviyyəyə qaldırılacaq. Bu uçuş aparatı 1,5 tona yaxın faydalı yük qaldıra bilir, hava-hava, hava-yer tipli və digər raketlər daşımaq qabiliyyətinə malikdir.

Eyni zamanda, radardan yayına bilən “Kızılelma” bütün pilotsuz uçuş aparatlarından, xüsusən də özündən əvvəlki “TB2” və “Akıncı” platformalarından fərqlənir.

 

Aİ YENİ NƏQLİYYAT DƏHLİZLƏRİNİN TİKİNTİSİNİ DƏSTƏKLƏYİB

Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinin, o cümlədən Rusiyadan yan keçən nəqliyyat dəhlizlərinin tikintisinin tərəfdarıdır. "Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel bildirib.

Diplomatın sözlərinə görə, Mərkəzi Asiyanın təsirinin artmasına baxmayaraq, Rusiya və Çin bu regionda aparıcı rol “oynayıb və oynamaqda davam edir”. “Aydındır ki, region münasibətlərini şaxələndirməyə çalışır və Aİ-ni uyğun tərəfdaş kimi görür. Regionun rəhbərləri müxtəlif islahat proqramları həyata keçirirlər. Bundan başqa, region ölkələri arasında əlaqələr yaxşılaşır. Aİ olaraq bu dəyişimlərdən istifadə etməkdə maraqlıyıq”, - deyə Borrel vurğulayıb. Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, Aİ “enerji təchizatında, mühüm xammal təchizatında və Rusiyadan asılı olmayan yeni nəqliyyat dəhlizlərində təmsil olunan” Mərkəzi Asiyanın böyük potensialından istifadə etməlidir. O, izah edib ki, bu, xüsusilə, Qazaxıstanda inkişafını müzakirə etdiyi Trans-Xəzər nəqliyyat marşrutuna aiddir.

 

ZELENSKİ NÖVBƏTİ DƏFƏ UKRAYNANI Aİ VƏ NATO-YA QƏBUL ETMƏYƏ ÇAĞIRIB

Ukrayna prezidenti Volodimir Zelenski növbəti dəfə Qərb ölkələrini Ukraynanı NATO və Avropa İttifaqına (Aİ) qəbul etməyə çağırıb. “Report”un verdiyi xəbərə görə, bu barədə Ukrayna dövlət başçısı NATO Parlament Assambleyasının Madriddə keçirilən iclasında videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.

“Ukraynanın birgə cəmiyyətimizin müdafiəsinə nə qədər əhəmiyyətli töhfə verdiyini, fevralın 24-dən sonra həqiqətən birləşməyimizin nə qədər vacib olduğunu hamınız görürsünüz. Uyğun olaraq, bunun sayəsində hamınız Ukraynanın Aİ və NATO-nun tamhüquqlu üzvü olmalı olduğunu görürsünüz. Sizi Aİ və alyansa üzvlüklə bağlı müraciətlərimizi dəstəkləməyə çağırıram”, - deyə Zelenski vurğulayıb. Ukrayna prezidenti Qərb ölkələrini bunun üçün əllərindən gələni etməyə, o cümlədən Rusiyaya qarşı yeni sanksiyaları tətbiq etməyə və onun “sülh formulu”nu həyata keçirməyə başlamağa çağırıb. Volodimir Zelenski, həmçinin növbəti dəfə Kiyevə hava hücumundan müdafiə sistemləri və maliyyə dəstəyi verilməsini istəyib.

 

AVRASİYA İQTİSADİ İTTİFAQININ SAMMİTİ BIŞKEKDƏ KEÇİRİLƏCƏK

Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin liderlərinin sammiti dekabrın 9-da Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Qızğızıtsan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Açıqlamaya əsasən, Qırğızıstan və Qazaxıstan liderləri Sadır Japarov və Kasım-Jomart Tokayev arasında telefon danışığı zamanı sammitə hazırlıq, həmçinin regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Avrasiya İqtisadi İttifaqı regional iqtisadi inteqrasiya üçün beynəlxalq təşkilatdır. Bu ittifaq malların, habelə xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst fəaliyyətini və iqtisadiyyatın sektorlarında əlaqələndirilmiş və vahid siyasətin aparılmasını təmin edir.

Məlumat üçün qeyd edək ki, Avrasiya İqti

sadi İttifaqına Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

 

ÇİN “SIFIR KOVİD” STRATEGİYASINI DAVAM ETDİRİR

Çində may ayından sonra “COVID-19” virusu ilə bağlı ilk ölüm faktı qeydə alınıb. “TRT” telekanalının məlumatına görə, Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi xəbər verir ki, ölən şəxs 87 yaşlı Pekin sakinidir. Oktyabrın sonundan bəri Çində epidemik vəziyyət pisləşməyə başlayıb. Sutkalıq yoluxma sayı 25 minə yaxınlaşıb. Bəzi şəhərlərdə tam və ya məhəllələr üzrə qapanmalar tətbiq olunur. Yaşayış məntəqələrindəki riskli zonaların sakinləri üçün “evdə qal” rejimi tətbiq olunur. Paytaxt Pekində yoluxmaların çoxu Çaoyan rayonunda qeydə alındığı üçün bu rayon üzrə karantin qaydaları daha da sərtləşdirilib.

Çin hakimiyyəti iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, “Sıfır kovid” strategiyasında israrlıdır. Bu strategiya ölkəyə giriş-çıxışın xeyli məhdudlaşdırılmasını, yoluxma aşkarlanan yaşayış məntəqələrində sərt karantin rejiminin, o cümlədən qapanmaların, kütləvi test prosesinin tətbiqi, yoluxanların və yoluxanlarla təmasda olanların təcrid edilməsi ilə yoluxma zəncirini dayandırmağı nəzərdə tutur. Qeyd edək ki, Çin sərt karantin qaydalarını hələ də qüvvədə saxlayan azsaylı ölkələrdəndir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.