Zəngəzurun turizm potensialı
Digər xəbərlər

Zəngəzurun turizm potensialı

Otuz ilə yaxın bir müddətdə davam etmiş mənfur erməni işğalına son qoymuş qalib Azərbaycan xalqı bu gün özünün zəfərlərlə dolu tarixinə yeni bir səhifə ilə başlayır. Tarixi Azərbaycan torpaqları olmuş Qərbi Azərbaycana bir gün mütləq qayıdacağımızı, bunun üçün nə lazımsa ediləcəyini bəyan edən ölkə başçımızın qətiyyəti sayəsində bir gün bu səhifənin də son nidası qoyulmaqla bizim qələbəmizlə yekunlaşacağına əminik. Zəngəzurdan Dilicana, Dərələyəzdən Dağ Borçalıyadək bütün İrəvan mahalı, Qərbi Azərbaycan torpaqları özünün zəngin tarixi-mədəni sərvətləri, təbii gözəllikləri ilə birlikdə xalqımızın sərvəti olmaqla bizi özünə səsləyir.

Qarabağın düşmən işğalından azad edilməsi ilə pozulmuş ədaləti bərpa edən Azərbaycan dövləti münaqişədən sonrakı dövrdə Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması üçün bütün vasitələrlə öz gücünü ortaya qoyur. Bu mənada, qarşıdakı dövrdə bütün kommunikasiyaların bərpa olunması ilə iqtisadi əlaqələrin yaradılmasında turizmin də rolunu qeyd etmək olar. Belə ki, turizm bütün dünyadakı postkonfliktlər dövründə ən yaxşı sabitləşdirici əhəmiyyət daşımaqla gələcəkdə bütün bölgənin humanitar inkişafında mühüm rol oynayacaq, Zəngəzur dəhlizi boyunca ölkələrin iqtisadi-mədəni əlaqələrində açar mövqeyə malik olacaq. Odur ki, gələcəkdə Bakıdan Təbrizə, Ərdəbildən İrəvana, Urmiyədən Dərbəndə qədər böyük Azərbaycanın hər yerindəki bütün tarixi-mədəni sərvətləri və təbii zənginlikləri tanımaq və tanıtmaq sülhsevər insanların dünyagörüşünü artıran, onların təəssüratlarını zənginləşdirən mühüm təbliğat vasitəsi kimi qarşıda durur. Tarixi ədalətsizlik nəticəsində Azərbaycandan ayrı düşmüş Qərbi Zəngəzur torpaqlarındakı bənzərsiz turizm ehtiyatlarımızı öyrənmək bu baxımdan maraq doğurur.

Zəngəzur özünün yerləşmə mövqeyi, qeyri-adi təbiəti və tarixi-mədəni zənginlikləri ilə hər kəs üçün cazibədardır. Cənubi Qafqaza ilk dəfə səyahət edən çox sayda əcnəbi üç parçaya bölünmüş tarixi böyük Azərbaycan arasındakı bu dilimin xəritədə nədən başqa rəngdə olmasını çox çətin başa düşür. Eləcə də Naxçıvana ilk dəfə səyahət edən turistlər də nəyə görə bu ərazinin Azərbaycanın əsas hissəsindən aralı düşdüyünü anlamaqda çətinlik çəkirlər. Doğrudan da, son min il ərzində baş vermiş tarixi prosesləri bir tərəfə qoyub, hətta mövcud xəritəyə belə diqqətlə baxdıqda Bişkekdən Çanaqqalaya, Xəzərdən Kərkükə qədər hər tərəfdən Türk-Oğuz yaşayış məskənləri ilə əhatə olunmuş bu torpaqların nəyə görə indi ermənilərin əlində olduğu barədə hər kəsdə haqlı suallar yaradır. Hər halda tarixi ədalət olsaydı, bu, belə olmamalıydı!

Tarixi Azərbaycan torpağı Zəngəzurun turizm marağı baxımından öyrənilməsi nostaljiyə qayıdış və gələcək iqtisadi-humanitar inkişaf perspektivləri baxımından çox əhəmiyyətlidir. Keçmişə qayıdış ona görə vacibdir ki, yeni dövrdə Zəngəzura səyahət edə biləcək hər bir şəxs, xüsusən, gələcək nəsillər bu torpağın əsl sahibləri haqqında təsəvvürlər əldə edə biləcək, indiki qurama Ermənistanın bir dövlət kimi düzəldilməsi zamanı baş vermiş bütün hadisələrin gerçək üzü ilə tanış olacaqlar. İndiki dövrdə emənilər hər nə qədər buradakı yerləri erməniləşdirilmiş adları ilə dünyaya tanıtmağa çalışsalar da, Zəngəzurun təbii gözəllikləri, eləcə də ermənilərin buraya köçürülməsindən min il əvvəllər mövcud olmuş tarixi abidələrin yerlərinə, türkmənşəli yaşayış məntəqələrinə qayıda bilmək, bu baxımdan, hər bir azərbaycanlının arzusudur. Qərbi Azərbaycanda indiki erməni əhalisinin dörddə üçünün təxminən 200 il əvvəl, yəni 1828-ci il Türkmənçay müqaviləsindən sonra buraya köçürülməsi ilə yarandığını və onların heç zaman burada aborigen insanlar olmadığını öyrənən turistlərdə, o zaman Qərbi Zəngəzurun və digər mahalların da türkmənşəli yaşayış məntəqələri, qədim mədəniyyət nümunələrinə maraq yaranacaq. Belə yaşayış məntəqələri isə çox da uzaq olmayan keçmişdə yüzlərlə və daha çox olub. Belə ki, 1932-ci ildə, yəni Sovet hakimiyyətinin kifayət qədər gücləndiyi bir dövrdə Tiflisdə dərc olunmuş "Sovet Ermənistanın əhalisi" adlı nəşrdə ermənilərin özləri tərəfindən bu ölkədəki 2310 kənddən 2000-nin adının türkmənşəli olduğu göstərilir. Ermənistandakı 36 rayondan 33-də azərbaycanlıların yaşaması da tarixi sənədlərdə çox ciddi şəkildə əks olunmaqdadır. Qərbi Zəngəzura gəldikdə isə XX əsrin əvvəllərində bu mahaldakı 7 rayonda 240 azərbaycanlı kəndi olub ki, bu da ermənilər yaşayan məntəqələrin sayından 3 dəfə artıq idi.

Qərbi Zəngəzurun tarixi çox keşməkeşli olub. Hələ VII əsrdə ərəblərin istilasına məruz qalmış Zəngəzur daha sonra xronoloji olaraq Şəddadi, Səlcuqlu, Monqol, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Osmanlı dövlətlərinin tabeliyində olub. Nadir şahın ölümündən sonra Azərbaycanda xanlıqların yaranması ilə Zəngəzur mahalı əsasən Qarabağ xanlığının tərkibində olub. XIX əsrin əvvəlində Cənubi Qafqaza rusların gəlməsi ilə başlayan qara günlər Zəngəzurdan da yan keçməmişdir. Əvvəllər Qarabağ əyalətinin tərkibində Həkəri və Bərgüşad çayları hövzəsindən tutmuş Zəngəzur dağ silsiləsinədək böyük bir mahalı tutan bu torpaqlar 1841-ci ildə Zəngəzur və Mehridən ibarət olmaqla iki yerə bölünmüşdür. Daha sonrakı dövrlərdə Zəngəzurun taleyi daha da mürəkkəb olsa da bu ərazinin Qafqaz Albaniyası dövründə olduğu kimi, yenə də Azərbaycanın tərkib hissəsi olduğu tarixi sənədlərdə qəti şəkildə öz əksini tapıb. Buna görə də xalqımızın Zəngəzura olan marağı hər bir azərbaycanlının min illər ərzində formalaşmış yaddaşından süzülüb gələn Vətən sevgisinin məhsulu kimi dəyərləndirilməli və bütün dünya da bunu belə qəbul etməlidir.

Yüz illər əvvəlki kimi indi də Zəngəzurda zəngin tanışlıq və təbii-rekreasiya ehtiyatları vardır. Təəssüf ki, buradakı təbii və tarixi-mədəni turizm ehtiyatları hazırda Ermənistan tərəfindən istismar olunub, bu ölkə iqtisadiyyatına külli miqdarda gəlir qazandırır. Ona görə də bunların Azərbaycana məxsus ehtiyatlar kimi tanınması və tanıdılması baxımından, gələcəkdə Naxçıvan-Zəngəzur-Şuşa turizm marşrutunun da mühüm əhəmiyyəti olacaq. Ermənilər 30 ilə yaxın bir dövrdə işğal etdikləri Qarabağ torpağından qovulduqdan sonra onların Azərbaycanın nə qədər sərvətlərini talan etdiyini görən dünya bundan sonra Zəngəzurda və eləcə də indiki Ermənistanda nə qədər sayda tarixi Azərbaycan kənd və şəhərlərini erməniləşdirdiyini, alban kilsələrini qriqoriyanlaşdırıb erməni abidəsi kimi istismar olunduğunu, azərbaycanlıların təkcə XX əsrdə dörd dəfə deportasiyaya məruz qoyulduğunu, məskənlərini necə yox edildiyini səyahətlər zamanı öz gözləri ilə görəcək. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi: Ermənistan bunu istəsə də, istəməsə də!

Yolunu Qərbi Zəngəzurdan salan turistlər ilk olaraq Mehri rayonu ilə tanışlıq imkanı əldə edirlər. Azərbaycanlılar üçün bu bir növ daxili turizm marşrutu olsa da, gələcəkdə Zəngəzur dəhlizindən istifadə edəcək olan əcnəbilər üçün bu yol çox maraqlı beynəlxalq turizm marşrutu kimi yaddaşlarda qalacaq. Adının heç cür sona qədər erməniləşdirilə bilinmədiyi Mehri cənubda Araz çayı vasitəsilə İranla, qərbdə Ordubad, şərqdə Zəngilan və şimalda Qafan rayonları ilə həmsərhəddir. Ərazisi təxminən 660 kvadratkilometr olub, yüksək dağlıq landşafta malikdir. Sovet dövründə rayon ərazisindən Araz çayı boyunca Azərbaycanın mülkiyyətində olmuş dəmir yolu keçirdi. 1988-ci ildən ermənilərin başlatdığı münaqişədən sonra bu dəmir yolu da istifadəsiz qalmış, yol infrastrukturu dağıdılmış, hətta polad relslər belə metal parçası kimi qonşu ölkəyə satılmışdır. Mehri rayonu ərazisində sonradan adları erməniləşdirilərək eybəcər hala salınmış çox sayda azərbaycanlı kəndləri vardır. Hazırda beş min nəfərdən də az əhalisi olan Mehri şəhəri ilə yanaşı, rayondakı irili-xırdalı cəmi 13 kənddən adları Aynazur, Əlidərə, Əmrah daşı, Bənövşəbuşt, Qul, Maralzəmi, Mülkü, Nüvədi kimi qədim türklərə aid yurd yerlərini misal göstərmək olar ki, müasir Ermənistandakı acınacaqlı demoqrafik vəziyyət ucbatından onların da əksəriyyəti tamamilə boşdur.

Mehri özünün yüksək dağ aşırımı ilə seçilir. Şimaldan 2500 metrdən yüksək olan dağ aşırımı və cənubdakı Mehri qalası diqqəti cəlb edir. Zəngəzura köçürülmüş ermənilər bir qayda olaraq, alban kilsələrinin özləşdirilməsi ilə məşğul olduğundan Mehri qalası qalıqlarının erməniləşdirilməsinə imkan tapmamışlar. Əvəzində, Mehriyə gəlmiş turistlərin yol qeydlərindən və fotoşəkillərdən buradakı tipik erməni həyat tərzi elementləri diqqəti cəlb edir. Belə ki, Qarabağdan fərqli olaraq, yaxın keçmişdə bu torpaqlarda döyüşlər olmasa da, dağıdılmış infrastruktur, primitiv sosial-mədəni şərait və Anadolu türklərinin ifadəsi ilə desək "Hacı Murad dönəmi"ndən qalmış nəqliyyat vasitələri və yaşayış binaları Mehridə açıqca nəzərə çarpır. Tarixi-nostalgiya baxımından Zəngəzura səyahət edən turistlər üçün Mehridə ən cazibədar yaşayış məntəqələrindən biri şübhəsiz, Nüvədi kəndidir.

Belə ki, 1920-ci ildə Moskvanın təzyiqi ilə Zəngəzurun Ermənistana verilməsindən sonra Nüvədi kəndi əvvəlcə Zəngilanda qalmışdır. Lakin 1969-cu ildə rəsmi olaraq Mehri rayonuna hədiyyə olunmuş Nüvədi kəndi Sovet hakimiyyəti dövründə də bu respublikada azərbaycanlılara qarşı həyata keçirilmiş mənəvi terror və diskriminasiyaya qarşı inadla müqavimət göstərmiş, burada güclü təsərrüfat qurulmuş və əhali öz vəsaitləri hesabına sosial-mədəni həyat şəraiti - məktəb, klub, kitabxana, həkim ambulatoriyası yaratmış, 30-dan artıq alim yetişdirmişdir. 1988-ci ilin sonuna yaxın artıq Ermənistandan 250 min nəfər soydaşımızın deportasiyası tamamlansa da, Nüvədi azərbaycanlıların son qala statusunu qoruyub saxlayaraq yalnız 1991-ci ilin avqustunda rus əsgərlərinin də dəstəyinə arxalanan ermənilər tərəfindən işğal olundu və kəndin 2 minə yaxın sakini qaçqın düşdü. Buna görə də gələcəkdə hər bir azərbaycanlının Nüvədi faciəsi ilə yerində tanış olması, bu kənddə qalmış həyat izlərini öz gözləri ilə görmək istəyi olacaqdır. Belə ki, Zəngəzurun hər yerində olduğu kimi, Mehrinin Nüvədi kəndində də qədim türk tayfalarının izlərinə rast gəlmək olar. Nüvədi yaxınlığındakı Qarqadaş dağındakı Göytürk qayaüstü rəsmlərini xatırladan peiroqliflər qədimdə burada yaşamış olan Qar-qar tayfalarından xəbər verir.

Qafan Zəngəzurun böyük rayonlarından biri olub, cənubda Qubadlı və Zəngilan, şərqdə Sisiyan və Gorus, cənub-qərbdə Mehri rayonları ilə həmsərhəddir. Ərazisi Mehri rayonundan təxminən 2 dəfə çox - 1345 kvadratkilometrdir. Əsasən dağlıq əraziyə malik olub, ən yüksək zirvələri Qapıcıq və Xusdub dağlarıdır. Rayonda Azərbaycanın mülkiyyəti olmuş dəmir yolu xətti vardır. Maraqlıdır ki, Qafan Bakı və İrəvan şəhərlərindən təxminən eyni məsafədədir.

Qafana tarixi nəzərdən baxdıqda, (erməni sovet ensiklopediyasında da bu fakt təsdiqlənir) bütün Zəngəzurda olduğu kimi bu qədər böyük ərazinin V əsrdən 1920-ci ilə qədər heç bir erməni dövlətinin tərkibində olmadığını görürük. Zəngəzurla ilk dəfə tanış olanlar üçün təkcə Qafan rayonunda 200-dən artıq kənd, çay, göl, dağ zirvəsi adlarının türkmənşəli olduğunu bilmək çox maraqlı faktlardır. Nə qədər erməniləşdirilməyə çalışsalar da, müasir Ermənistan xəritəsində hələ də belə adları görmək mümkündür. "Kitabi-Dədə Qorqud" dastanında da xatırlanan belə yurd yerlərimizə Qafanda da rast gəlinməkdədir. Qafanda 1988-ci ilədək 40-a yaxın kənddə sırf azərbaycanlılar yaşamışdır. Lakin 1918-ci ildə bu kəndlərdə, xüsusən, 5 mindən çox əhalisi olmuş Qatar, 2 mindən çox əhalisi olmuş Oxçu kəndlərində baş vermiş qırğınlar nəticəsində azərbaycanlılara qarşı kütləvi cinayətlər törədilib.

Qafana getmək üçün səyyahlar Mehri-Qacaran yolunu seçə bilərlər. Araz qırağından təxminən 50 kilometr məsafədə, Oxçuçayı yatağında yerləşən və keçmiş adı Oxçu olmuş bu şəhər özünün mis-molibden mədənləri ilə tanınır. Buradan təxminən 30 kilometr məsafədəki Qafan şəhərinə 40 dəqiqəyə çatmaq olar.

Qafan Zəngəzurun böyük şəhərlərindən biridir. Ermənistanda törədilmiş ən son etnik təmizləmədən sonra 1991-ci ildə şəhərin adı da mənəvi terrora məruz qalaraq rəsmi qərarla "Kapan" adlandırılmışdır. Halbuki, "Qaf" dağı haqqında Azərbaycandakı mövcud əfsanəyə görə, Qapıcığa ən yaxın böyük şəhərin adının onunla bağlı olması da daha məntiqli səslənir. Oxçuçayın orta axarındakı Qafan cənub-şərqdən Bərgüşad, cənubdan Mehri dağ silsiləsi, qərbdən Xustub zirvəsi ilə əhatə olunmuşdur. Qafanın təkrarsız təbiəti və florası çox qədimlərdən səyyahları özünə cəlb etmişdir. Qafan Zəngəzurda meşələrlə zəngin olan bir rayondur. Burada Oxçuçay hövzəsinin yuxarı hissəsində "Turşsu" deyilən məşhur mineral bulaqlar vardır. Qazangöl və Yaşılgöl gölləri də Qafanda yerləşir.

Qafanın zəngin tarixi keçmişi vardır. Hələ eramızdan yüz illər əvvəl insan məskənləri kimi adıçəkilən Qafan Qafqaz Albaniyasının bir hissəsi kimi burada baş verən hadisələrin mərkəzində olub. Yaşanılan tarix, istər qədim Alban dövlətləri, istər ondan sonrakı dövrdə burada mövcud olmuş müxtəlif dövlətlərin təsiri nəticəsində yaradılmış mədəniyyət nümunələri burada heç bir zaman erməni kökənli insanların izlərinə dair ipucları vermir. Bölgənin təbii, tarixi-mədəni zənginliyi qədim türk dillərində də ifadə olunduğu kimi, sırf milli morfoetnik mənşəyimizi əks etdirir. Bu baxımdan, təkcə Mehri və Qafan nahiyələri arasındakı Mehri və Xusdub dağlarının arasındakı yerləri xatırlamaq kifayətdir - "Ördəkli yurdu", "Darbərə yaylağı", "Qaraçılar yurdu", "Qoşa nov yaylağı", "Xankəndi yaylağı", "Bəsitçay" və sair kimi yerlər, yaxud, Qazançı, Ağkənd, Mahmudlu, Daşbaşı, Kürkənd, Çiriş, Şəhərçik və sair kimi çox sayda türk toponimli yaşayış məntəqələri buranın əzəli sakinlərinin kimliyindən xəbər verir.

(davamı növbəti saylarımızda)

Əli CABBAROV,

Naxçıvan Dövlət Universitetinin dosenti.