Yaşıl texnologiyaların tətbiqi erası başlayır
İQTİSADİYYAT

Yaşıl texnologiyaların tətbiqi erası başlayır

Müasir dünyamız inkişaf etdikcə onun üzləşdiyi problemlər də artır. Hazırda hökm sürən qlobal iqlim dəyişikliklərinin qarşısının alınması və planetin enerjiyə olan tələbatının ətraf mühitə zərər vurulmadan ödənilməsi günümüzün ən aktual məsələlərindən hesab olunur. Təsadüfi deyil ki, müxtəlif ölkələr karbon emissiyalarının azaldılması ilə əlaqədər müəyyən təşəbbüslər irəli sürürlər. Bu sahədə atılan addımlardan ən çox nəzərə çarpanı isə məhz yaşıl texnologiyaların tətbiqidir.

Yaşıl texnologiya daha çox tükənməyən və müxtəlif mənbələrdən əldə olunan enerji növüdür. Əldə olunmuş yeni enerjidən istifadənin əsas məğzi onu texniki cəhətdən yenidən yararlı vəziyyətə gətirməkdir. Bir qayda olaraq bərpaolunan enerji təbii ehtiyatlardan əldə edilir ki, bunlara külək, yağış, günəş işığı və s. daxildir. Digər təbii sərvətlərlə müqayisə etsək, bu enerji mənbələri əsla tükənmir və proses dövri olaraq davam edir. Bu səbəblə onlar bərpaolunan enerji mənbələri adlandırılır.

Hazırda ölkəmiz inkişaf templərinə görə bir sıra istiqamətlərdə liderlik qazanıb. Belə ki, ölkəmizdə yaşıl enerjinin tətbiqi ilə bağlı müəyyən addımlar atılmış və Azərbaycan dünyadakı "yaşıl texnologiya" sisteminin qurulmasına töhfə verən ölkələrdən birinə çevrilmişdir. Ümumilikdə ölkəmizin bərpaolunan enerji mənbələri üzrə potensialı 27 000 MVt həcmindədir. Respublikamızın müxtəlif ərazilərində külək, bioenerji elektrik stansiyaları, su elektrik stansiyaları da istismar olunur. Bərpaolunan enerji mənbələrindən istifadəni artırmaq məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə 2030-cu ilədək elektrik enerjisi payının 30 faizə çatdırılmasını hədəfləyən bir sıra işlər görülüb. Bu işlər, həmçinin işğaldan azad olunmuş ərazilərə də şamil olunur. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürülmüşdür. Bununla bağlı 2021-ci il 3 may tarixli Sərəncam qəbul edilmişdir. Sərəncamla təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi üzrə dövlət və özəl təşkilatlar tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Bu tədbirlər elektrik enerjisi və qaz təchizatı məqsədilə nəql və paylayıcı şəbəkələrin qurulmasını, Naxçıvandan keçməklə Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizinin yaradılmasını, bərpaolunan enerji mənbələrinin potensialının ölçülməsini, Xudafərin və Qız qalası su elektrik stansiyalarının, habelə Cəbrayıl rayonunda günəş, Laçın və Kəlbəcər rayonlarında külək elektrik stansiyalarının tikintisini, yaşıl texnologiyaların tətbiqi istiqamətində damüstü günəş enerji sistemlərinin quraşdırılmasını, küçə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnologiyaların tətbiqini, nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələrinin quraşdırılmasını və s. əhatə edir. Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngindir ki, bu da ölkədə bərpaolunan enerji mənbələrindən istifadəyə geniş imkan yaradır.

2022-ci il martın 15-də Energetika Nazirliyi ilə "Masdar" şirkəti arasında "Dənizdə inteqrasiya edilmiş bərpaolunan enerji sahəsində əməkdaşlığa dair" imzalanan Anlaşma Memorandumu Azərbaycanda bərpaolunan enerjinin tətbiqini dəstəkləmək, eyni zamanda dənizdə külək enerjisindən istifadə, bu enerji hesabına yaşıl hidrogen istehsalı, karbon tutulması, istifadəsi və saxlanması, həmçinin digər tədbirləri əhatə edir. Ölkəmiz, həmçinin, bərpaolunan enerji sahəsində Böyük Britaniyanın BP şirkəti, Avstraliyanın "Fortescue Future Industries" şirkətləri ilə də əməkdaşlıq edir.

2022-ci il dekabrın 17-də Buxarestdə yaşıl enerji ilə bağlı strateji tərəfdaşlıq haqqında Sazişin imzalanmasına həsr olunan plenar iclasda iştirak edən Prezident İlham Əliyevin yaşıl texnologiyanın tətbiqi sahəsinə nə qədər önəm verdiyi məhz onun söylədiyi nitqində də öz əksini tapıb. "Bu gün imzalanacaq yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin icrası Avropanın enerji təhlükəsizliyinə verəcəyimiz ümumi töhfə olacaqdır. Bu Saziş yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımdır", - deyə ölkə başçımız vurğulamışdır.

Nəzrin ELDARQIZI,

"Respublika".