Yarımçıq qalan arzular
Sosial həyat

Yarımçıq qalan arzular

Torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda canlarını fəda edən oğullar sözə sığışmayan igidliklə düşməni döyüş meydanında əzərək məhv ediblər. Belə vətənpərvər oğullardan biri də Şirxan Quliyevdir. Şirxan 1995-ci il sentyabrın 2-də Xocavənd rayonunun Muğanlı kəndində anadan olub.

Ermənistan və onların havadarları, eyni zamanda, erməni terror dəstələri Xocavəndi işğal edəndən üç il sonra dünyaya göz açıb. Məcburi köçkün həyatı yaşayan valideynlərinin torpaq həsrəti ilə keçən günləri balaca Şirxanın qəlbində düşmənə sonsuz nifrət yaradıb.

Yaşıdları ilə köçkün məktəbində təhsil alıb. Tərbiyəsi, vətənpərvərliyi və fiziki hazırlığı ilə seçilib. Şirxan orta təhsilini müvəffəqiyyətlə başa vurub həyata vəsiqə qazanıb. 2013-cü ildə Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə çağırılıb. İki il ordu sıralarında fiziki və mənəvi hazırlıq keçən, hərbi silahlarla davranışı mükəmməl öyrənən, komandirlərinin çətin hərbi tapşırıqlarını layiqincə yerinə yetirən Şirxan xidmət illərini başa vurur. Uşaqlıqdan qəlbində baş qaldıran arzusu ona qəti qərar verməyə sövq edib və 2015-ci ilin sonlarından başlayaraq müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb.

2016-cı ilin aprel döyüşlərində özünü qorxmaz döyüşçü kimi göstərən Şirxan xidmət dövründə hərbçilər arasında atıcılıq üzrə keçirilən yarışların dəfələrlə qalibi olub, atəşkəs rejimini pozmağa cəhd edən erməni hərbiçilərinə artıqlaması ilə cavab verib. 44 günlük Vətən müharibəsi başlayan ilk gündən Şirxanın xidmət etdiyi bölük ən qızğın döyüşlərdə iştirak edib, cəsarət və igidlik nümayiş etdirib. Sinəsinə sıxdığı avtomat silahla düşmənə göz açmağa imkan verməyən Şirxanın döyüş yolu nə qədər çətin olsa da bir o qədər də şərəfli olub.

2020-ci il noyabr ayının əvvəli. Şuşa uğrunda şiddətli döyüşlər gedir, qəhrəman oğullarımız düşmənə sarsıdıcı zərbələr endirərək qarış-qarış irəliləyir, torpaqlarımızın azad edilməsi üçün, sözün əsl mənasında, şir kimi döyüşüblər. Şirxan həmişə öndə gedib. Ən böyük arzusu Şuşanı azad etmək olub.  Noyabrın 6-da Şirxan Şuşanın azad edilməsi uğrunda gedən ağır döyüşdə həlak olur. İki gündən sonra qəhrəman oğullarımız Şuşaya üçrəngli bayrağımızı sancırlar, şəhidlərin qisasını düşməndən artıqlamasilə alıblar.

Şirxan bir evdən getməyib, o igidimiz böyük bir elin başını ucaldaraq gedib. Şirxanın nəşi üçrəngli bayrağa bürünərək yarımçıq qalmış arzuları ilə birlikdə əbədiyyətə qovuşub.  Sentyabr ayının ikisində Şirxanın ad günü onsuz keçiriləcək. Əbədi ehtirama və məhəbbətə layiq olan şəhidlərin yarımçıq qalan arzuları gələcək nəsillər tərəfindən yerinə yetiriləcək.

Qalib Ali Baş Komandan,  Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Quliyev Şirxan İsmixan oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları  ilə təltif olunub.
Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan,  düşmənə sinə gərən qeyrətli  oğullarımızın əziz xatirəsini yaşatmaq və ehtiram göstərmək hər birimizin müqəddəs borcudur.

 Salman ALIOĞLU,

“Respublika”.