VƏTƏNİN OLMAQ GƏRƏK
Sosial həyat

VƏTƏNİN OLMAQ GƏRƏK

Vətən müharibəsi Azərbaycanın mərd və cəsarətli oğullarının qəhrəmanlığını, vətən eşqini, bayraq sevgisini, torpağa bağlılığını, həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Onların əzmi, hünəri, igidliyi 44 günlük müharibədə düşmənin bağrını yardı, belini qırdı, hərbi texnikalarını sıradan çıxardı, işğalçı Ermənistan ordusunu tar-mar etdi. Cəbhədə uduzan düşmən döyüş mövqelərindən uzaqda yerləşən şəhər və kəndləri uzaqmənzilli raketlərdən atəşə tutdu, dinc insanlar, uşaqlar həlak oldu. Dünyanın gözü qarşısında ermənilərin törətdiyi hərbi cinayətlərə başqa ad vermək mümkün deyil. Bu, vəhşilikdir.

Düşmən ordusu nə qədər müqavimət göstərsə də igidlərimiz ən keçilməz sədləri aşaraq düşmən ordusunu darmadağın edərək işğalçılara ağır zərbələr vurdu. Əsgər və zabitlərimiz, müzəffər ordumuz Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Şərəf, Zəfər tarixini yazıb. Müzəffər hərbçilərimiz dünyanın gözü qarşısında yeni dövrün müharibəsini qələbə ilə başa çatdırıblar. Qəhrəmanlar əbədi olaraq yaddaşlarda və ürəklərdə yaşayacaq, şəhidlərin parlaq xatirəsi heç zaman unudulmayacaq, qazilərin həyat qayğıları dövlətin himayəsi altındadır. Vətən müharibəsi qəhrəmanlarının adları əbədiləşdirilir, ölkəmizin hər yerində bu uğurla həyata keçirilir.

Müharibə ağrıları yaşamış Ağcabədi rayonunun Muğanlı kəndində şəhidlərin xatirəsinə ehtiram və onların adının əbədiləşdirilməsi üçün tikilən "Qəhrəmanlar Məkanı" müqəddəs bir guşəyə çevrilib. İnsanlar buranı ziyarət edir, abidənin önünə tər güllər düzür, şəhidlərin əziz xatirəsini ehtiramla yad edirlər.

Abidənin açılışına həsr olunan anım tədbirində Ağcabədi rayonundan, eləcə də Ağdam, Tərtər və Beyləqan rayonlarından dəvət edilmiş şəhid ailələrinin üzvləri, qazilər də iştirak ediblər. Mərasimdə çıxış edənlər qürurla bildiriblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və fədakarlığı, peşəkar ordumuzun yüksək döyüş qabiliyyəti, eyni zamanda Azərbaycan xalqının sarsılmaz iradəsi sayəsində uzun illərdən bəri həsrətində olduğumuz Qələbə təntənəsini yaşayırıq.

Sonra anım tədbirində məktəblilərin ifasında unudulmaz şəhidlərə, onların qəhrəmanlığına həsr edilmiş şeirlər səsləndirilib, vətənpərvəlik mahnıları ifa olunub. "Qəhrəmanlar Məkanı"nda tarixi Zəfərin əldə edilməsi münasibətilə qurban kəsilib.

Birinci Qarabağ müharibəsində, Ermənistanın hərbi təcavüzünə qarşı və torpaqlarımızın müdafiəsi uğrunda Ağcabədi rayonundan 177 nəfər şəhid olub. Vətən müharibəsində isə 47 nəfər ağcabədili ali məqama yüksəlib, adları tarixin səhifələrinə yazılıb. Onların həyatı gələcək nəsillərin yoluna həmişə işıq salacaq!

Salman ALIOĞLU,

"Respublika".