Vətəndaşlara məxsus pul vəsaitlərini ələ keçirmiş şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Digər xəbərlər

Vətəndaşlara məxsus pul vəsaitlərini ələ keçirmiş şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Nurlan Əsgərzadənin qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş məlumat əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Nurlan Əsgərzadənin ölkə ərazisində karantin rejiminin tətbiqi ilə əlaqədar müəyyən edilmiş qaydalardan sui-istifadə yolu ilə xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daxil olmalarına guya Nazirlər Kabineti yanında Operativ Qərargahdan icazə verilməsini təmin etmək adı ilə aldatmaqla ayrı-ayrı şəxslərdən ümumilikdə 4 min manat pul vəsaitini təkrarən dələduzluq yolu ilə ələ keçirməsinə və həmin hərəkətləri ilə vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.

Nurlan Əsgərzadəyə Cinayət Məcəlləsinin 29, 178.2.2-ci (təkrarən dələduzluğa cəhd etmə), 178.2.2-ci (dələduzluq-təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AZƏRTAC