Vətən və torpaq naminə
Sosial həyat

Vətən və torpaq naminə

Rəşadətli Azərbaycan ordusu  ən keçilməz sədləri aşaraq düşmən ordusunu darmadağın edib. Otuz ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olunub. Doğulduğu torpağa bütün varlığı ilə  səcdə edən,  Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimizin əziz xatirəsi heç zaman unudulmur.

Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli şəhəri və rayonun işğal altında qalan kəndləri  azad edilib. Füzulililər torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini əziz tutur, adlarını ehtiramla anırlar. Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan igidlərdən biri də Nohəl Əliyevdir. Vətən oğullarını işğalçıları torpaqlarımızdan qovmağa çağıranda Nohəl birinci sırada dayanıb, cəsarətlə döyüşə atılıb.

Şəhid Nohəl Əliyev Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində anadan olub. Uşaq yaşlarında Ermənistanın hərbi təcavüzü ilə qarşılaşıb. Doğma rayonu və bir çox kəndlər işğala məruz qalıb. İşğal, didərginlik, məcburi köçkünlük, ağır illər Nohəlin qəlbində dərin iz buraxıb. Orta məktəbdə oxuyarkən inşa yazılarında hərbçi olmağı, düşmənləri torpaqlarımızdan qovmağı öz qarşısına ən müqəddəs vəzifə kimi qoyub.

2007-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Nümunəvi əsgər kimi tanınıb, nizam-intizamı ilə seçilib, fiziki və döyüş hazırlığını artırmaq üçün səylə çalışıb. Komandirləri tərəfindən qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirib. Hərbi xidmətini başa vurandan sonra müddətdən artıq silahlı qüvvələrdə xidmətə davam edib.

2016-cı ilin aprelində baş verən döyüşlərdə Nohəl şücaət göstərib, düşmənin canlı qüvvəsinin məhv edilməsində igidlik nümayiş etdirib. Vətən müharibəsində Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə həmişə öndə olub, qoçaqlığı və cəsarəti ilə seçilib. Oktyabrın 3-də ağır döyüşlərin birində həlak olub. Canından artıq sevdiyi Vətən torpağına qovuşub, ruhu göylərə yüksəlib.

Şəhid Nohəl Əliyevin ad günü onun məzarı üstündə qeyd olunub. Əvvəlcə şəhidin ruhuna dualar oxunub, məzarına gül dəstələri düzülüb. Anım tədbirində Füzuli rayon icra hakimiyyətinin nümayəndələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsinin əməkdaşları, Vətən müharibəsi qaziləri iştirak ediblər. Qəhrəman haqqında xatirələr onun qısa ömür yoluna işıq salıb, vətənpərvərliyindən, yurd sevgisindən ətraflı söz açılıb.

Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Nohəl Əliyev ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Vətən və torpaq naminə şəhid olmağa dəyər. Çünki şəhidlər ölmür, onlar hər zaman xalqımızın qəlbindədir və əbədi olaraq yaddaşlarda yaşayacaqlar. Şəhidin ailəsi dövlət qayğısı ilə əhatə olunub. Şəhid qardaşımızın iki övladı yadigar qalıb. Onlar ataları ilə haqlı olaraq fəxr edirlər, onun igidliyi, Vətənə bağlılığı, həyat yolu övladlarının yoluna həmişə nur saçacaq, ölkəmizin layiqli vətəndaşı kimi həyatda öz yerlərini tutacaqlar.

                                                      Salman ALIOĞLU,

                                                        “Respublika”.