Türkiyənin sənaye potensialı, artan gücü
Türk dünyası

Türkiyənin sənaye potensialı, artan gücü

Son zamanlar neft-qaz sektorunda və Qara dənizdə kabrohidrogen ehtiyatlarının kəşf edilməsi istiqamətində Türkiyə böyük uğurlar əldə edib. Belə ki, yeni enerji ehtiyatlarından təbii qaz emalı prosesinin həyata keçirilməsi üçün qurulan infrastrukturlar Türkiyənin dünyanın enerji mərkəzlərindən birinə çevrilməsinə mühüm töhfə vermişdir. Türkiyə, həmçinin hazırda öz enerji təhlükəsizliyini təmin etmək və enerji asılılığını azaltmaq istiqamətində zəruri və ciddi addımlar atır.

Ümumilikdə, Qara dənizdə davam edən neft-qaz axtarışları qardaş ölkənin enerji siyasətindəki prioritet məsələlərdəndir. Qara Dənizdə Türkiyə Petrolları Anonim Ortaqlığı" (TPAO) şirkəti tərəfindən aparılan işlərin nəticəsi olaraq, ümumilikdə 540 milyard kubmetr təbii qaz aşkar edilmişdir. Qardaş ölkənin Sakarya Qaz Sahəsinin İnkişafı layihəsi Türkiyənin bu sahədəki uğurlarının təcəssümüdür. Sözügedən layihə iki bloku birləşdirməklə dəniz altında qurulacaq təbii qaz hasilat sistemi və Filyos sahilində qurulacaq emal qurğusundan ibarətdir. Bundan əlavə, "Fatih" gəmisinin suyun 1938 metr dərinliyində və 3850 metrlik son dərinlikdə qazdığı "Amasra-1" quyusunda edilən yeni kəşf də sözügedən layihəyə daxil ediləcək. Bu il tamamlanması nəzərdə tutulan Sakarya Qaz Sahəsinin İnkişafı layihəsinin ilk mərhələsində qurudakı emal müəssisəsinə gün ərzində 10 milyon kubmetrə qədər təbii qazın çatdırılması planlaşdırılır. Növbəti illərdə isə göstəricilərin 40 milyon kubmetrə qədər yüksəlməsi nəzərdə tutulur. Həmçinin, aparılan kəşfiyyat işləri ən son texnologiya və riyazi modelləşdirmə metodlarından istifadə edilməklə həyata keçirilir.

Qeyd edək ki, Qara dənizin Türkiyə sahillərindəki qaz yataqlarının ümumilikdə həcmi 710-720 milyard kubmetr təşkil edir. Lakin bu o demək deyil ki, həmin həcmdə qazın ancaq aid olduğu yataqlardan çıxarılması vacibdir. Çünki sözügedən yataqlar dərinlikdə yerləşməklə yanaşı, geoloji konfiqurasiyası da mürəkkəbdir. Nəzərə almaq lazımdır ki, buradakı hidrogen və silfugenin faizi dərinlik artdıqca yüksəlir. Bütün bunlar həm hasilat işlərinin ləngiməsinə, həm də boru kəmərlərinin sıradan çıxmasına səbəb olur. Vurğulamaq lazımdır ki, adıçəkilən yataqlardan qazın hasil edilməsi üçün təyin olunmuş maya dəyəri də yüksəkdir. Buna əsas səbəb isə yataqların fəaliyyətinin sürətlə tənzimlənməsi üçün xüsusi texnologiyaya duyulan ehtiyacdır. Amma Qara dənizdə yerləşən əlverişli təbii qaz yataqları da mövcuddur ki, onlar Rusiya və Ukrayna ərazisindədir. Buradakı yataqların nisbətən dayaz olması prosesin daha sürətli həyata keçməsinə mühüm şərait yaradır. Türkiyənin Sakarya yatağından ilk qazın hasilatı bölgənin enerji xəritəsində çox ciddi dəyişikliklərə gətirib çıxaracaq.

Yatağın işlənməsinin birinci mərhələsindən öncə dənizdən qazın milli paylayıcı sistemə vurulmasına başlanılıb ki, bu, ümumilikdə 30 saat vaxt tələb edir. İlkin olaraq, 10 quyu işlənməsi və sutkada təqribən 10 milyon kubmetr qaz hasil olunması nəzərdə tutulub. Sonrakı mərhələdə isə 60 milyon kubmetr qazın hasilatı planlaşdırılıb. Türkiyə bununla beynəlxalq qaz qovşağının yaradılması sahəsində ildə 40 milyard kubmetrə qədər qaz satmaq imkanını əldə edəcək. Qardaş ölkə 100 milyard kubmetr qazın təxminən 60 milyardını istifadə edir ki, bu da yerdə qalan 40 milyard kubmetr qazı satmaq şansı verir. Qaz ticarət mərkəzinin yaradılması da bu baxımdan uğurlu addımdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 14-də yerli kanallara verdiyi müsahibəsi zamanı səsləndirdiyi fikirlər qardaş ölkənin bu sektordakı yüksək potensialından xəbər verir: "Şad xəbərimizi aprelin 20-də açıqlayacağıq. Qara dəniz qazının ilk mərhələsini Filyosda istismara verəcəyik. Şərqi Qara dəniz bölgəsində seysmik tədqiqatlar davam edir. Seysmik tədqiqatlardan sonra isə qazma işlərinə başlanılacaq. Qərbi Qara dəniz bölgəsində aparılan kəşfiyyatlar bölgənin yüksək potensiala malik olduğunu göstərir". Sözün həqiqi mənasında, Türkiyə belə bir həcmdə qaz istehsalı ilə mərkəzi haba çevriləcək. Çünki Cənub Qaz Dəhlizi, Şimal Axını, İraqın Kürdüstan ərazisindən enerji ehtiyatlarını daşıyan kəmərin məhz bu ərazidən keçməsi prosesdə mühüm rol oynayır. Bundan başqa, Türkmənistan və Qazaxıstanın öz karbohidrogen ehtiyatlarını qardaş ölkə vasitəsilə dünya bazarına ixrac etməsi də mümkündür. Bu baxımdan, qardaş ölkədə mərkəzi habın yerləşməsi və buradan dünyaya, daha doğrusu, Qərbi Avropaya paylanması mühüm əhəmiyyət kəsb edir. Bu addım, həmçinin Türkiyənin həm regiondakı, həm də beynəlxalq aləmdəki nüfuzuna da müsbət təsir göstərəcək. Qardaş ölkənin Qara dənizdən qaz hasilatına başlaması əlavə olaraq, onun digər dövlətlərdən qaz asılılığının azalmasına da töhfə verəcək. Yeni kəşf edilmiş qaz yataqlarından hasilat mərhələli şəkildə həyata keçiriləcəyi üçün 2026-2027-ci illərə kimi Sakarya yatağından 4 milyard kubmetr qaz çıxarılacaq. Təsadüfi deyil ki, ölkənin sənaye sahəsində olan inkişafı və digər bölgələrində aparılan qazlaşdırma işləri qarşıdakı illərdə təbii qaza olan tələbatı artıracaq. Bütün bunlar Türkiyəyə qaz ixrac edən ölkələr ilə qiymət və müqavilənin şərtləri baxımından bərabər mövqedə çıxışetmə imkanı da qazandıracaq.

Xatırladaq ki, Azərbaycan hər zaman olduğu kimi, Türkiyənin bu uğurunu da dəstəkləmişdir. Qara dənizdə hələ ilk qaz yatağı aşkar olunduğu zaman ölkə başçımız hadisədən məmnunluq duyduğunu ifadə etmişdir. Belə ki, 2020-ci il avqustun 22-də Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanlamış, onunla telefon əlaqəsi yaratmışdır. Dövlətimizin başçısı, həmçinin Türkiyənin enerji təhlükəsizliyi sahəsində növbəti önəmli addımını yüksək qiymətləndirmişdir: "Qaz yatağının işlənməsi qardaş Türkiyə xalqına faydalar gətirəcəkdir. Bu yatağın kəşfi həm də Türkiyənin sənaye potensialının və artan gücünün təzahürüdür. Azərbaycan və Türkiyə uzun illər ərzində nəhəng enerji və nəqliyyat layihələrini uğurla icra edirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tiflis-Qars layihələri ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır və Azərbaycan-Türkiyə tərəfdaşlığını daha da möhkəmləndirir. Ümid edirəm ki, Türkiyənin hazırda apardığı digər kəşfiyyat layihələri də müvəffəqiyyətlə nəticələnəcəkdir".

Qardaş ölkənin bu gün baş tutacaq uğuru, doğrudan da əlamətdar hadisədir. Türkiyə Qara dənizdən qaz hasilatına başlamaqla bir daha dünyadakı nüfuzunu daha da artıracaq, həmçinin regiondakı rolunun əvəzsiz olduğunu təsdiqləyəcəkdir.

Nəzrin ELDARQIZI,

"Respublika".