TOVUZ: Şəhidlərin müqəddəs xatirəsi ehtiramla anılır
Sosial həyat

TOVUZ: Şəhidlərin müqəddəs xatirəsi ehtiramla anılır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 27 sentyabr Azərbaycan Respublikasında Anım Günü olaraq təsis edilmişdir. Tovuz şəhər Şəhidlər xiyabanında Anım Günü ilə əlaqədar tədbir təşkil olunmuşdur. Tədbirdə rayon icra hakimiyyətinin başçısı, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov şəhidlərimiz əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etdikdən sonra Rəşadətli Ordumuzun keçdiyi döyüş yolundan söz açmışdır.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatları Qənirə Paşayeva və Arzu Nağıyev, rayon ictimaiyyətinin nümayəndəsi Mücaməddin Axundov, şəhid leytenant Vasif Heydərovun anası Şövkət Məmmədova, şəhid leytenant Aqil Məcidovun atası Aydın Məcidov, şəhid Röyal Aslanovun atası Elzar Aslanov və Vətən müharibəsi Qazisi Şamil Məmmədov çıxış edərək şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya tovuzlular adından öz təşəkkürlərini bildirmişlər.

Şəhidlərimizin ruhuna dualar oxunduqdan sonra Vətən müharibəsi şəhidlərimizin xatirəsinə qurulmuş lövhənin, Şəhidlər xiyabanındakı əbədi məşəl abidəsinin və burada ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları önünə gül dəstələri qoyularaq əziz xatirələri böyük ehtiramla yad edilmişdir.

ŞƏMKİR

Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Anım Günü tədbiri keçirilib.

Tədbirdə Şəmkir RİH başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə 50 metr uzunluğunda Şanlı Azərbaycan bayrağını rayon mərkəzindən Şəhidlər xiyabanına gətiriblər.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizin xatirəsinə ucaldılmış Abidə Kompleksinin açılışı olub, önünə əklil qoyulub.

Açılış mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirib ki, Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi ərzində yetişən gənclərin torpaqlarımızın işğaldan azad olunmasında əsas rol oynadıqlarını xüsusi vurğulayıb: "Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsində əsas vəzifəni yerinə yetirən gənc nəsil arasında Şəmkir gəncləri də oldu.

44 günlük müharibənin əsas qəhrəmanlarından olan məhz həmin gənclərimiz, gənc hərbçilərimiz fədakarlıq və qəhrəmanlıqları ilə tarix yazıdılar. Hələ Aprel döyüşlərində Şəmkirin qəhrəman oğulları canları, qanları ilə tarixi ədalətin bərpa olunması üçün savaşdılar və şəhidlik zirvəsinə ucaldılar. Onların və onlarla çiyin-çiyinə şəhid olan qəhrəman balalarımızın qanı alındı, həm də cəmi 44 günə".

Daha sonra isə şəhid övladlarının ifasında şəhidlərin xatirəsinə həsr edilmiş əbədi-bədii kompozisiya təqdim olunub, "Vətən var olsun" flaşmobu təqdim olunub və Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan ağacəkmə aksiyası keçirilib.

Eyni zamanda tədbir çərçivəsində sakinlər tərəfindən Şəmkir şəhərinin bəzi küçə və prospektlərində eyvanlardan, həyatyanı evlərin qapılarından bayraqlar asılaraq həmrəylik nümayiş etdirilib.

Vəli VƏLİYEV,

"Respublika".