Tərtərdə yüksək bal toplayan məzunlarla görüş
Region

Tərtərdə yüksək bal toplayan məzunlarla görüş

 Tərtər rayonunda Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan gənclərlə görüş keçirilib.

Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov, Milli Məclisin deputatı Sahib Alıyev,  rayonun təhsil işçiləri, KİV nümayəndələri və qəbul imtahanında yüksək nəticə göstərən məzunlar iştirak ediblər.

 Əvvəlcə ərazilərimizin bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar diləyib, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi arzulayıb.

Rayon rəhbəri qeyd edib ki, müasir gənclik daha vətənpərvər, daha mübarizdir. Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, məhz onların sayəsində 30 ildən sonra torpaqlarımız işğaldan azad olundu. Milli Ordumuz Zəfər tarixinin şanlı səhifəsini yazdı. Yüzlərlə şəhid verdik, yüzlərlə qazimiz oldu. Şəhidlərimizə Ulu Tanrıdan rəhmət, qazilərimizə cansağlığı diləyirik, şəhid analarının qarşısında baş əyirik.

Sonra icra başçısı ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki,  ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Həmçinin, ölkə başçısı cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.

Rayon rəhbəri vurğulayıb ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq bu il də rayon məzunları Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər. Belə ki, 2020-2021-ci tədris ilində ümumtəhsil məktəblərini 584 nəfər məzun bitirib.  Məzunlardan 326 nəfəri ali məktəblərə sənəd verib. Ali məktəblərə sənəd verən məzunlardan 206 nəfəri müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub.  Onlardan 3 nəfər 600-dən, 26 nəfər isə 500-dən  yuxarı bal toplayıb.

Sonda qabaqcıl müəllimlərə və tələbə adını qazanan məzunlara, rayon icra hakimiyyəti tərəfindən Fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkilib.

Vəli VƏLİYEV,

“Respublika”.