Tələbə adı qazanan şəhid övladı Sevil Əliyeva ilə görüş
Region

Tələbə adı qazanan şəhid övladı Sevil Əliyeva ilə görüş

Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində hər iki valideynini itirən Sevil Əliyeva tələbə adı qazanıb. Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyətində onunla görüş keçirilib.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, şəhər icra hakimiyyəti başçısının müavini Adil Tağıyev, Aparatın böyük məsləhətçisi  Azər İbrahimov, Gəncə İş Adamları İctimai Birliyinin sədri Zəfər Məmmədov, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev iştirak ediblər. Səməd Tomuyev Şəhər İcra Hakimiyyəti  adından Sevil Əliyevanı Zəfər ilində tələbə adını qazanması münasibətilə təbrik edib. Qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva  şəhid ailələrini daim diqqət mərkəzində saxlayır. Şəhid övladları artıq bütün xalqın övladlarıdır, - deyən  Səməd Tomuyev  bildirib ki, Sevil Əliyeva və onun timsalında bütün şəhid övladları hər zaman dövlət qayğısı ilə əhatə olunub, bundan sonra da olunacaqlar. Tədbir iştirakçıları da öz növbələrində Sevili tələbə adı qazanması münasibətilə təbrik ediblər. Ona Vətənə layiq övlad olmağı arzulayıb, gələcək həyat yollarında uğurlar diləyiblər. Görüşün sonunda Sevil Əliyevaya gül dəstəsi və planşet hədiyyə olunub.

Qeyd edək ki, Sevil Əliyeva Azərbaycan Dovlət Aqrar Universitetinə qəbul olub. Onun özündən yaşca balaca Hüseyn adlı qardaşı da var.

Zabit XƏLİLOV,

“Respublika”.