TƏBİB Almaniyanın tanınmış tibb mərkəzi ilə əməkdaşlığa başlayır
Səhiyyə

TƏBİB Almaniyanın tanınmış tibb mərkəzi ilə əməkdaşlığa başlayır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Almaniyanın Haydelberq Universitetinin Mannhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının rəhbəri, professor Kristof Raysfelder və klinikanın cərrahı Vüqar Yaqublu ilə görüşüb.

TƏBİB-dən AZƏRTAC-a verilən xəbərə görə, görüşdə birgə təcrübə mübadiləsi, tibbi personalın bilik və bacarıqlarının artırılması üçün təlimlərin təşkili, tibb işçilərinin tədqiqatlara cəlb olunması, Almaniya təcrübəsinə əsasən, müasir səhiyyə modelinin yaradılmasında qarşılıqlı əməkdaşlıq, rezidentura təhsili, ağır cərrahi əməliyyatlardan sonra xəstələrin erkən tibbi reabilitasiyası (ERAS - Enhanced Recovery After Surgery) və s. kimi məsələlər müzakirə olunub.

Vüqar Qurbanov görüşdə vətəndaşların keyfiyyətli tibbi xidmətə əlçatanlılığının təmin edilməsi məqsədilə dövlət xəstəxanalarında çalışan tibb işçilərinin səhiyyəsi inkişaf etmiş ölkələrdə təcrübə keçməsinə cəlb edilmələrinin əsas prioritetlərdən biri olduğunu bildirib.

V.Qurbanov ilkin səhiyyə xidmətinin inkişaf etdirilməsi istiqamətində Avropa ölkələrinin, xüsusilə Almaniyanın təcrübəsinin öyrənilməsinin önəmini vurğulayıb. O, eyni zamanda, xaricdə təhsil almış azərbaycanlı həkimlərin ölkə səhiyyəsinə cəlb olunması istiqamətində də işlər görüldüyünü bildirib.

Kristof Raysfelder rəhbərlik etdiyi klinikanın TƏBİB-in tabeliyindəki Yeni Klinika ilə əməkdaşlıq edə biləcəyini qeyd edib, təcrübə mübadilələrinin mümkün perspektivləri ətrafında danışıb.

Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.

Sonda gələcək əməkdaşlıq istiqamətində atılacaq addımlar müəyyənləşdirilib.

Qeyd edək ki, Haydelberq Universiteti Almaniyanın Haydelberq şəhərində yerləşir. 1386-cı ildə yaradılan bu ali təhsil müəssisəsi Almaniyada ən qədim universitetdir.

AZƏRTAC