Sülhü təşviq edən ölkəmizin mövqeyi təqdir olunur
Siyasət

Sülhü təşviq edən ölkəmizin mövqeyi təqdir olunur

Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər forumda aparılan müzakirələr bunu bir daha təsdiq etdi

evral ayının 17-18-də bütün dünyanın diqqəti Almaniyanın Münxen şəhərində cəmləşmişdi. Qeyd edək ki, 1963-cü ildən hər il təşkil edilən Münxen Təhlükəsizlik Konfransı dünyada təhlükəsiz həyatın təmin edilməsini və bu prosesin həlli yollarını gündəliyin əsas mövzusu kimi diqqətdə saxlayır. Prezident İlham Əliyevin bu konfransa dəvət alması onun siyasi nüfuzuna ehtiram və hörmətin göstəricisi olmaqla Azərbaycanın sülh tərəfdarı olduğunu bir daha təsdiq edir.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sayca 59-cu Münxen Təhlükəsizlik Konfransında (MTK) iştirak edib. Budəfəki sessiya MTK-nın yeni sədri səfir Kristof Heusgenin rəhbərliyi ilə təşkil edilib və indiyədək keçirilmiş sessiyalarla müqayisədə iştirakçı sayına görə fərqlənir. Prezident İlham Əliyevin də qatıldığı bu görüşə 800 nəfərdən çox iştirakçı rəsmi dəvət olunmuşdu. Konfransda Azərbaycan Prezidenti ilə yanaşı, 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak ediblər. Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluğu ilə keçirilən, Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qatıldığı Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclasda iştirak edib. Konfrans çərçivəsində Münxendə Prezident İlham Əliyev ABŞ-ın dövlət katibi və Ermənistanın baş naziri ilə, eyni zamanda bir sıra ikitərəfli görüşlər keçirib.

Azərbaycan dövlətinin müxtəlif istiqamətlərdə apardığı düzgün daxili və xarici siyasət, eləcə də yaşıl enerji, regional kommunikasiya marşrutlarının reallaşdırılması, Cənubi Qafqazda fəal şəkildə yürütdüyü sülhsevər strategiya və s. məsələlər Münxen Konfransı kimi mötəbər platformada dünyanın aparıcı media və beyin mərkəzlərinin xüsusi diqqətində oldu. Prezident İlham Əliyevin konfransın əsas proqramındakı iki iclasda iştirakı, tədbirə dəvət edilmiş nüfuzlu dövlət və hökumət başçıları və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri dövlətimizin sülhsevərliyinin, regionun həm iqtisadi, həm siyasi, həm də hərbi sahələrdə aparıcı dövlətinə çevrilməsinin bariz nümunəsidir. Azərbaycan Prezidenti Cənubi Qafqazda təhlükəsizlik panelində də, üçtərəfli ABŞ-Azərbaycan-Ermənistan görüşündə də Ermənistan-Azərbaycan sərhədində nəzarət-keçid məntəqələrinin yaradılması təklifini irəli sürməklə bir daha dövlətlərin öz ərazilərində suveren hüquqları və beynəlxalq hüququn tələblərini yada saldı. Əsas məsələ isə ondan ibarətdir ki, Azərbaycanın bu cür mövqeyi Avropa və ABŞ tərəfindən təqdir olunaraq dəstəkləndi. Bu, şübhəsiz ki, Azərbaycan diplomatiyasının böyük uğuru kimi yadda qaldı. Eyni zamanda, gələcək dünya nizamının da yalnız hüquq və ədalət üzərində bərqərar olmasının mümkünlüyünü ifadə etmiş oldu.

Fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi" mövzusunda keçirilən dəyirmi masada ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan dövlətimizin başçısı bildirdi ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Prezident İlham Əliyev qeyd etdi ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlətimizin başçısı vurğuladı ki, enerji sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı bu sənədə uyğun olaraq bundan sonra da genişlənəcək.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 18-də "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər. Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də sanballı və məntiqli arqumentləri ilə həm moderatorun təxribatçı suallarını neytrallaşdırdı, həm də Paşinyanın Laçın yolu ilə bağlı əsassız iddialarına tutarlı cavab verdi. Ölkə başçısı həm BMT Nizamnaməsinə, həm də Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Azərbaycanın torpaqlarını işğaldan azad etdiyini, işğalçı Ermənistana son 28 ildə heç bir sanksiya tətbiq edilmədiyini və beynəlxalq qurumların Ermənistanın törətdiyi cinayətlərə səssiz qaldığını bir daha dünyaya bəyan etdi. Azərbaycanın daxili məsələsi kimi Qarabağ erməniləri ilə bağlı müzakirələrin aparılmasının vacibliyini qeyd etdi, lakin bu müzakirələrin Rusiyadan qaçaq yolla Xankəndiyə gətirilən cinayətkar Vardanyanla deyil, Qarabağın erməni sakinləri ilə mümkün olacağını bildirdi. "Azərbaycanda "Dağlıq Qarabağ" adlanan inzibati-ərazi vahidi yoxdur". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda Ermənistanın baş naziri Paşinyanın da iştirak etdiyi plenar iclasda deyib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın Qarabağ regionu mövcuddur. Orada Ermənistan sakinləri yaşayır. Biz haradansa göndərilən şəxslə danışıqlar aparmayacağıq. Həmin şəxsin Qarabağdan İrəvana, oradan Rusiyaya getməsi, sonra İrəvana və Qarabağa qayıtması bir daha onu sübut edir ki, heç bir blokadadan söhbət gedə bilməz.

Ölkə başçısı İlham Əliyev müharibədən sonra regionda təhlükəsizlik strategiyasının "ikivektorlu yanaşmadan" asılı olduğunu çox aydın ifadə etdi. Bunlar Azərbaycan-Ermənistan danışıqları və Azərbaycanla Qarabağın erməni əhalisi arasında danışıqlar vektorudur. Proseslərin iki vektor üzrə qurulması həqiqətən məqsədyönlü və nəticəli danışıqlar üçün zəruri mühiti təmin edə bilər. Münxen debatında dünyaya verilən mühüm mesajlardan biri də regional kommunikasiyaların açılması ilə bağlıdır. Prezident İlham Əliyev əslində konkret təkliflə regional kommunikasiyalar haqda təsəvvürləri daha da zənginləşdirdi. Zəngəzur dəhlizinin hər iki tərəfində və Ermənistanla Laçın arasında nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifi o qədər praktikdir ki, bu barədə hər hansı mübahisə heç bir məntiqə sığmaz. Prezident İlham Əliyevin dünyaya 3-cü mesajı sülh sazişi mətninə münasibətdə obyektiv, qərəzsiz, çox da iddialı olmayan və qarşı tərəfin real hərəkətlərini nəzərə almaqla konstruktivliyin əsas tutulmasıdır. Azərbaycan Prezidenti Ermənistanın təqdim etdiyi və hazırda incələnməkdə olan saziş mətnində qənaətləndirici olmasa da, müəyyən tərəqqinin olduğunu xüsusi vurğu ilə deməyi unutmadı. Yəni burada Azərbaycanın hər bir mütərəqqi təşəbbüsə analoji cavab vermək iradəsi nümayiş olundu.

Prezident İlham Əliyevin "Dağlıq Qarabağ" ifadəsini daxil etməmək şərti ilə sazişin beynəlxalq norma və prinsiplər əsasında hazırlanması mövqeyini ifadə etməsi bir daha göstərdi ki, Azərbaycanın siyasəti ardıcıl, prinsipial və dönməzdir. Bu forumun əhəmiyyəti ölkəmizin enerji təhlükəsizliyi kimi qlobal miqyaslı aktual mövzu üzrə və Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunun qəbul edilməsi, tanınmasıdır. Avropanın enerji təhlükəsizliyinin təmin olunması, enerji marşrutlarının şaxələndirilməsi, yaşıl enerji, regional kommunikasiya xətlərinin açılması, Orta Dəhliz kimi məsələlərdə ölkəmizin təşəbbüsləri və apardığı uğurlu siyasət, qurduğu səmərəli əməkdaşlıq əlaqələri, Cənubi Qafqazda fəal şəkildə təşviq etdiyi sülh gündəliyi Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər forumda da təqdir olunur.

Mustafa KAMAL,

"Respublika".