“Hay sevgisi”, yoxsa regionda ortaq maraqlar?..
Siyasət

“Hay sevgisi”, yoxsa regionda ortaq maraqlar?..

Son vaxtlar Fransa və Hindistanın Ermənistana daha çox yaxınlaşdığı müşahidə olunur. Əslində bu, hər iki ölkənin ortaq maraqlarından qaynaqlanır.

Belə ki, həm rəsmi Paris, həm də Dehli İrəvanı silahlandırmaqla Cənubi Qafqazda Qərbin təsir imkanlarını artırmaq, Rusiyanı regionda sıxışdırmaq məqsədi güdür. Bu kontekstdə, hazırda Cənubi Qafqazda zəif bənd olan Ermənistan digər ölkələrin milli maraqlarının icraçısı kimi çıxış edir.

Fransa və Hindistan isə əsl məqsədlərini pərdələmək üçün Azərbaycanı "təcavüzkar ölkə" kimi təqdim etməyə və Ermənistanın "qorunması" üçün müdafiə və təhlükəsizlik tədbirləri gördüklərinə dünya ictimaiyyətini inandırmağa çalışırlar. Hindistan və Fransanın əlbir olaraq Ermənistanı silahlandırması da onların təxribatçı siyasətinin nəticəsidir.

Məlum olduğu kimi, Fransa Ermənistanla bir sıra müqavilələr bağlayır, bir çox strateji silahların Hayastana verilməsi və perspektivdə Parisin aparıcı müdafiə sənaye kompleksinə məxsus müəssisələrində Ermənistanla birgə müasir silahların istehsalı nəzərdə tutulur. Bu yaxınlarda, hətta rəsmi Paris Ermənistana uzaqmənzilli raketlər göndərəcəyini də açıq şəkildə bəyan edib. Fransa müdafiə naziri Sebastyan Lekorne İrəvanda olarkən söyləyib ki, heç kim Ermənistan ordusunu öz müdafiə qabiliyyətini gücləndirdiyinə görə tənqid edə bilməz: "Mən Ermənistana hansı texnikanın veriləcəyilə bağlı təfərrüatlara varmayacağam, lakin onların hamısının müdafiə əhəmiyyəti var. Hava hücumundan müdafiə sistemləri haqqında da deməliyəm ki, əgər Ermənistanın onlara ehtiyacı olarsa, sizin sərəncamınızda qısa, orta və digər uzaqmənzilli raketlər olacaq. Hər dəfə biz erməni tərəfdaşlarımızın operativ ehtiyaclarından çıxış edəcəyik". Əslində, Fransa tərəfi bununla regiondakı sülhə və sabitliyə təhlükə yaratdığını bir daha nümayiş etdirir.

Makron hakimiyyəti Hindistanı da prosesə qoşmaqla əslində logistika problemini həll etməyə çalışır. Hindistan və Fransa arasında bununla bağlı saziş imzalanıb. Həmin sazişə müvafiq olaraq Fransa öz ərazisində Hindistanla birlikdə hərbi sənaye müəssisələrinin yaradılması istiqamətində razılaşma əldə edib. Müqaviləyə Fransanın tələbi ilə əlavə edilən bir müddəa xüsusi diqqət çəkir. Belə ki, Hindistanda birgə istehsal olunan silahların "dost" ölkələrə də verilə biləcəyi qeyd olunub. "Dost ölkə" adı altında Ermənistanın nəzərdə tutulduğu hər kəsə aydındır. Bundan başqa, Dehlidən İrəvana həyata keçirilən daşımaların çox rahatlıqla mümkün olacağı da istisna deyil. Çünki həmin plana İran da daxildir. Bütün daşımaların məhz Tehran üzərindən həyata keçirilməsi nəzərdə tutulub. Həmin silahlar Hindistandan İran limanlarına, oradan da Ermənistana daşınacaq.

Ümumiyyətlə, Qərb dünyası, ABŞ Ermənistanın Rusiya ilə əlaqələrinin kəsilməsinə çalışır. Fransa və Hindistanın işbirliyi ilə həyata keçirilən silah daşınması, əslində Qərb dövlətlərinin bəzisi ilə müəyyən mənada razılaşdırılıb. Başqa sözlə desək, səhnədə Fransa, Ermənistan və Hindistan var. İran isə bu planın arxadakı və tətikdəki hissəsidir. Fransa və Yunanıstan müdafiə nazirlərinin Ermənistana səfərindən dərhal sonra Ermənistanın müdafiə naziri Papikyanın da İrana səfəri baş tutdu. Bu səfərin əsas məqsədi Fransa və Yunanıstanla hərbi, eləcə də təhlükəsizlik yönündə anlaşmaların təfərrüatını aydınlaşdırmaq, İranın öhdəsinə düşən məsələləri müzakirə etmək idi.

Qeyd edək ki, son günlərdə Hindistanın Ermənistan üçün "hava dəhlizi" yaratması faktı da gündəmdədir. Hətta Hindistan mediasında ölkənin "Hindustan Aeronautics Limited" (HAL) və "Container Corporation India" (CONCOR) şirkətlərinin yaratdıqları birgə işçi qrupunun İrəvana "strateji yüklərin ixrac"ına başladığı barədə məlumatlara rast gəlinir. Həmin məlumatlarda baş ofisi Rusiyanın Perm şəhərində yerləşən "Gelix Airlines" aviaşirkətinə məxsus "İlyuşin İl-76 TD" yük təyyarəsi ilə Hindistandan Ermənistana hərbi texnika daşındığı da qeyd olunub. Hindistanın Maharaştra ştatındakı Naşik aeroportundan havaya qalxan "İl 76-TD" yük təyyarəsi "RA-76360" reysi ilə uçaraq İrəvandakı "Zvartnos" aeroportuna eniş edib. Yeri gəlmişkən, Ermənistanla Hindistan arasında ötən il imzalanmış 442,2 milyon ABŞ dolları dəyərində haylara 4 "Pinaka", zəruri ehtiyat hissələri, mərmilər çatdırılıb.

Son olaraq bunu qeyd edək ki, Ermənistanın Fransa və Hindistan tərəfindən silahlandırılması Azərbaycan əleyhinə güc nisbətini dəyişdirə bilməz. Bunun bir sıra səbəbləri var. İlk olaraq, iki ölkənin iqtisadi və demoqrafik resursları arasında kəskin fərq mövcuddur. Azərbaycan əhalisi 10 milyon nəfərdən çoxdur. Ermənistan əhalisi isə heç 3 milyon nəfərə çatmır. Respublikamız neft gəlirləri hesabına hər il milyardlarla qazanc əldə edir ki, bu məbləğ istənilən müasir texnikanı almağa imkan yaradır. Paşinyan hakimiyyətinin isə belə bir imkanı yoxdur. İkincisi, Qərb regiondakı Türkiyə faktorunu unudur. Xatırladaq ki, 2021-ci il iyunun 15-də Azərbaycan Türkiyə ilə Şuşa Bəyannaməsini imzalayıb. Həmin sənədə uyğun olaraq hər iki qardaş ölkə arasında bir neçə müştərək hərbi təlim keçirilir. Bununla yanaşı, rəsmi Ankara nəinki PUA-larını, istehsal etdiyi ən müasir silahları da ölkəmizə satır. Əlbəttə, dövlətimizin Türkiyə kimi strateji müttəfiqinin olması Qərbə göz dağıdır. Bu gün Azərbaycanın hərbi sənayesinin inkişafı səviyyəsi həm İkinci Qarabağ savaşında, həm də 23 saatlıq antiterror tədbirləri zamanı bir daha özünü büruzə verdi. Hazırda müharibədə istifadə edilən sursatın yerinin doldurulması, İsrail, Serbiya və digər ölkələrdən lazım olan silahların tədarükünə başlanılması, eləcə də müdafiə xərcləri ilə bağlı büdcədən ayrılan vəsaitlərin həcmini xeyli artırılması ölkəmizdə hərbi sənayenin inkişafından xəbər verir. Bir məqamı da qeyd edək ki, Azərbaycan bir sıra silahların istehsalını da həyata keçirir. Sözügedən silahlar təkcə ölkədaxili tələbatı ödəmək üçün deyil, həm də ixrac məqsədilə istehsal olunur.

Nəzrin ELDARQIZI,

"Respublika".