Avropanın Azərbaycana ehtiyacı var
Siyasət

Avropanın Azərbaycana ehtiyacı var

Bunu söyləyən qərblilərin ölkəmizə qarşı qərəzli mövqeyi təəssüf doğurur

Bu Avropa bizdən nə istəyir görəsən, nə verib ala bilmir? Nə verdiyini demək çətindir, ancaq nə almaq istədiyi bəllidir... 2021-ci ilin fevralında Rusiya ilə Ukrayna arasında savaş başlayanda bütün Qərb Rusiyanı qınadı, əlbir olub bu qüdrətli ölkəyə sərt tədbirlər görməyi planlaşdırdı. Bunun müqabilində isə Rusiya Qərbə qaz nəqlini dayandırdı və qoca qitədə enerji böhranı yarandı. Soyuq qış aylarında isə istiliyin olmamasının nə demək olduğunu hamı yaxşı bilir. Məhz belə bir məqamda Avropanın dadına çatan Azərbaycan oldu. Mövcud imkanlar daxilində ölkəmizdən Avropaya ötürülən enerji həmin qış qocaları, körpələri donmaqdan qorudu, sönmüş həyatı canlandırdı. Bundan sonra Avropanın Azərbaycana marağı bir az da artdı, müxtəlif səviyyəli görüşlər keçirildi, enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə anlaşma memorandumları imzalandı. Bakıda olan Ursula Fon der Lyayen Azərbaycanı etibarlı tərəfdaş adlandırdı. Bu fikirdə olanların sayı getdikcə çoxaldı.

Yazının bu yerində mətləbə keçməyi lazım bildim. Əvvəldə verdiyim sualda elə bu zaman yarandı. Doğrudan da Avropa bizdən nə istəyir: "Avropanın Azərbaycana ehtiyacı var", - deyən avropalılar bəs nəyə görə hər addımbaşı toplanıb ölkəmizə qarşı böhtan dolu qətnamələr qəbul edirlər? Axı, qarınlarının ağrısı nədir?

Vətən müharibəsi bitər-bitməz Avropa Parlamenti keçmiş Dağlıq Qarabağda erməni irsinin məhv edilməsini pisləyən bir qətnamə qəbul etdi. Avropa Parlamentinin "Azərbaycanın Dağlıq Qarabağda və onun ətrafında erməni mədəni irsini silmək və inkar etmək siyasətini davam etdirməsini pisləyən" qətnaməsinin lehinə 635 səs verildi, yalnız iki səs əleyhinə oldu, 42 nəfər bitərəf qaldı. Bu, o zaman Azərbaycan hakimiyyətinin kilsələrin üzərindəki erməni yazılarını silmək planını elan etməsindən sonra baş vermişdi. Avropalılar həyasızcasına qətnamədə yazırdılar: "Erməni mədəni irsinin silinməsi ermənifobiya, tarixi revizionizm və Azərbaycan hakimiyyəti tərəfindən ermənilərə qarşı nifrət, o cümlədən insanlıqdan kənar, zorakılığın tərənnümü və ərazi iddiaları kimi dövlət səviyyəsində sistemli sistematik siyasətin bir hissəsidir". Bununla da kartlar yerinə oturdu. Məsələyə tam aydınlıq gəldi.

2022-ci il martın 12-də Azərbaycan Parlamentinin Beynəlxalq və Parlamentlərarası Əlaqələr Komitəsi Aİ-nin qətnaməsini pisləyərək onu "Azərbaycana qarşı yönəlmiş növbəti qərəzli qətnamə" və "Avropa demokratiyasının növbəti süqutu" adlandırmışdı. Bəyanatda deyilirdi ki, qətnamə "bütünlüklə Ermənistan və erməni lobbisinin qidalandırdığı yalan məlumatlara əsaslanır".

Bəyanatda, həmçinin vurğulanırdı ki, qətnamə Azərbaycan torpaqlarının 30 illik işğalı dövründən irəli gələn reallıqları, o cümlədən həmin ərazilərdə yerləşən mədəni irsimizə qarşı vandalizm faktlarını təhrif edərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alır, bölgədə davamlı sülh və sabitliyin bərqərar olunması üçün edilən səylərə də zərər verir.

Adamı yandıran bilirsiniz nədir? "Adımı sənə qoyum, səni yana-yana qoyum", - kimi bir el məsəli var. Avropa Parlamentinin o addımı da insanda ancaq qıcıq yaradırdı. Doğrudanmı bu parlamentdə bizim lehimizə səs verən 2 nəfərdən başqa, ağlı başında olan kəs tapılmamışdı? Düşünürəm, görəsən, bizim əleyhimizə səs verən o deputatları bir gün Qarabağ və Şərqi Zəngəzura gətirsək, ermənilərin dağıtdıqları abidələri, törətdikləri vəhşilikləri göstərsək, yenədəmi öz fikirlərində qalarlar? Dəyişəcəklərinə şübhəm var, çünki ermənilərin qarşısında boyunları qıldan incə, gözləri kölgəlidir. O binəvalar hətta Bakıda erməni kilsəsinin olduğundan da xəbərsizdirlər. Ölkəmizin ərazisində olan xristian kilsələrinin heç birinin dağıdılmadığının, əksinə onların təmir olunduğunu, qayğı ilə əhatə edildiyini də bilmirlər.

Avropa Parlamenti o qədər simasızlaşıb ki, öz daxili məsələlərini belə həll etmək üçün erməni diasporunun komandasını gözləyir. Parlament 2022-ci ilin martında qəbul etdiyi Azərbaycan əleyhinə qətnaməyə etiraz əlaməti olaraq ölkəmizin Belçikadakı səfirinin onlara ünvanladığı məktubları erməni diasporuna ötürməkdən də çəkinməmişdi. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josef Borrelin Azərbaycanın Ukrayna, Moldova və Cənub-Şərqi Avropaya qaz tədarükünü artırmağa hazır olması faktını alqışladığı bir zamanda bu qurum Azərbaycan səfirinin təcili diplomatik məlumatlarını ermənilərə ötürmüşdü. Səfir Vaqif Sadıqov bununla bağlı öz tviter səhifəsində yazırdı: "İnanılmaz olsa da fakt budur ki, Avropa Parlamenti Azərbaycan tərəfindən ona ünvanlanan məktubları məqsədyönlü şəkildə erməni diasporunun nümayəndələrinə ötürür. Maraqlıdır, Avropa Parlamenti ona aid olan məsələlərə toxunan digər məktubları da parlamentdəki və onun ətrafındakı lobbiçilərə və nüfuzlu qruplara ötürürmü?..". Maraqlı sualdır.

Onu da deyək ki, Avropa Parlamenti meydanda tək qalmadı, müharibədən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılmasına çalışan Avropa İttifaqı da səmtini dəyişdi. Sentyabrın 19-20-də Qarabağda keçirilən antiterror tədbirlərindən sonra isə ABŞ da köhnə havanı çalmağa başladı, bizi yardım etməyəcəyilə hədələdi. Fransanın havası da bəllidir.

Dünya güclərinin xalqımıza qarşı bu haqsız mövqeyi bir qədər narahatlıq doğursa da, əsl həqiqəti daha qabarıq göstərir: güclü, qalib, tam suveren Azərbaycanın varlığı onların yuxusuna haram qatıb. Azərbaycan o güclərin Cənubi Qafqaza çökmək istəyinə ən böyük maneədir. Beləliklə, Avropa isinməyə deyil, yolmağa qaz axtarır. Bunun üçün Ermənistan onların əlinə "göydən düşüb". İndi Avropanın qarın ağrısının səbəbi gün kimi bəllidir...

Zümrüd QURBANQIZI,

"Respublika".