ABŞ-ın
Siyasət

ABŞ-ın "göbələk" kimi artan bioloji laboratoriyaları

Son dövrlər Ermənistanla Rusiya arasında soyuq küləklərin əsdiyi məlumdur. Bunun əsas səbəbi isə İrəvanın Vaşinqtona meyil etməsi və rəsmi Moskvadan uzaqlaşmasıdır. Ermənistan Rusiya ilə strateji tərəfdaşlığını gözardı edir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimlərinə qatılmır, bunun əvəzində isə ABŞ-la əlaqələri durmadan genişləndirir. Şübhəsiz, Vaşinqtonun region ölkələri ilə əməkdaşlığını inkişaf etdirməsinin arxasında onun bölgəyə müdaxilə istəyi dayanır.

ABŞ bunu özünəməxsus yollarla - hərbi birləşmələr, hərbi bazalar yaratmaqla, həmçinin "rəngli inqlablar" vasitəsilə yeni yaranmış hakimiyyətləri devirməklə həyata keçirir. Rəsmi Vaşinqton, eyni zamanda bəzi ölkələrdə müxtəlif biolaboratoriyalar yaratmaqla da öz çirkin planlarını reallaşdırmağa çalışır. Ağ Ev bu yaxınlarda Ermənistanda daha bir bioloji laboratoriya açmağı planlayır. Bu barədə Hayastan mediasında çoxsaylı məlumatlara rast gəlmək mümkündür.

Ümumiyyətlə, İrəvanda Vaşinqtonun bioloji laboratoriyalarının yaradılması daim hakim dairələrin diqqət mərkəzində olub. Hətta xarici ekspertlər həmin müəssisələrin səbəb ola biləcəyi təhlükələrlə bağlı narahatlıqlarını da bildiriblər. Məsələnin ən maraqlı tərəfi isə odur ki, bundan öncə Ermənistanda 12 belə müəssisə fəaliyyət göstərirdi. Bu yaxınlarda isə daha 3 yeni laboratoriya işə salındı. Laboratoriyalardan biri İrəvanda, biri Gümrüdə, digəri isə İcevanda fəaliyyət göstərir və hər biri ABŞ tərəfindən maliyyələşdirilir. Hayastan mediasında yayılan xəbərlərə görə, ötən həftə Ermənistanın müdafiə naziri Suren Papikyan Pentaqonla bu məsələ ilə bağlı müqavilə də imzalayıb. Daha bir laboratoriyanın Gümrü şəhərində, Rusiyanın 102-ci hərbi bazası yaxınlığında qurulması nəzərdə tutulub. Paşinyan bu laboratoriyaların Ermənistanın əmlakı sayıldığını desə də, vəziyyət tamamilə fərqlidir. Belə ki, rəsmi Vaşinqton bunun üçün Ermənistanın kənd təsərrüfatı nazirliyinə 4.1 milyon, səhiyyə nazirliyinə isə 9.1 milyon dollar vəsait ödəyib. Həmin nazirliklərin balansında yaradılan mərkəzlərin mebel və təchizatı üçün isə 17 milyon dollar ayrılıb. Müəssisələrin patogen faktorlarla çalışması isə müxtəlif təhlükəli virusların, xəstəliklərin yayılması riski yaradır. Hətta alimlərin fikrincə bu gün Ermənistanda yayılan qızılca da bu laboratoriyaların "məhsuludur". Çünki son vaxtlar İrəvanda mövsümi qrip və mədə-bağırsaq xəstəliklərinin sayında artım, eləcə də ağırlaşma hallarına tez-tez təsadüf edilir. Rəsmi Vaşinqton isə bu iddiaları təkzib edir. ABŞ tərəfi bunu Ermənistanın miqrasiyanın yüksək olduğu regionda yerləşməsi ilə əlaqələndirir. Guya bu laboratoriyalar Ermənistana bu problemi həll etməkdə "köməklik göstərəcək". Təbii ki, bütün bunlar sadəcə beynəlxalq ictimaiyyətin gözündən pərdə asmağa xidmət edir. Bu laboratoriyalar İrəvanın daxilində də bir sıra narazılıqlar yaradır. Bir çox erməni təşkilatlarının məsələ ilə bağlı müntəzəm olaraq aksiyalar keçirməsi və onların bağlanmasını tələb etməsi də bunun əyani sübutudur. Təşkilat sədri Babken Pipoyan bildirir ki, bu laboratoriyaların fəaliyyəti müxtəlif problem və təhdidlərin yaranmasına gətirib çıxarır. Çünki bu cür müəssisələrin qurulması zamanı saxlanılan bütün virus ştamlarının ABŞ tərəfinə təhvil verilməsi mütləqdir. Rəsmi Vaşinqtonun hərbçiləri məhz bu məsələyə nəzarət edir. Əslində, ABŞ bununla regiondakı vəziyyəti nəzarətdə saxlamaq imkanı əldə edir.

Rusiya ilə münasibətlərinin gərgin olduğu bir dövrdə İrəvanın bu addımı heç də birmənalı qarşılanmayacaq. Şübhəsiz, ABŞ laboratoriyalarının Ermənistan ərazisində, özü də 102-ci bazanın yanında qurulması Moskvanın qəzəbinə səbəb olacaq. Vaşinqtonun laboratoriya şəbəkəsinin Rusiya sərhədləri yaxınlığında olması ABŞ-ın bir daha öz oyunlarını həyata keçirmək üçün Ermənistandan istifadə etdiyini təsdiqləyir. Bununla Ağ Ev regionla bağlı strateji planlarını həyata keçirmək məqsədi güdür. Amma Nikol Paşinyan bir faktı unutmamalıdır ki, Rusiya ilə imzalanan ortaq bəyanat da əks olunan müddəalardan biri məhz biotəhlükəsizlik sahəsinə həsr edilib. Həmin maddəyə müvafiq olaraq rəsmi İrəvan və Moskva ölkələrin maraqlarına zidd olan bioloji təhlükəsizlik sahəsində fəaliyyət üçün öz ərazilərini üçüncü ölkələrə verməyəcəklər. Ermənistanın bugünkü addımı 2 il öncə imzalanan həmin sənədə ziddir.

Onu da qeyd edək ki, Ermənistanın Rusiyadan uzaqlaşıb Qərbə yönəlməsi ona baha başa gələcək. Qərbin bu gün Ermənistanı sadəcə öz siyasi oyunlarına alət etdiyi məlum məsələdir. Bunu Ermənistandan başqa hər kəs dərk edir.

Nəzrin ELDARQIZI,

"Respublika".