Sizi  heç zaman unutmarıq
Region

Sizi  heç zaman unutmarıq

Cəlilabadın  Bəcirəvan  kəndində  Birinci  Qarabağ  və  Vətən  müharibəsi  şəhidlərinin  xatirəsinə  inşa edilmiş  abidə-kompleksinin  açılış mərasimi  keçirildi. 

Bəcirəvan  kəndində  Azərbaycanın  ərazi bütövlüyünün  təmin  edilməsi  uğrunda  aparılan  döyüşlərdə  vəzifə  borcunu  şərəflə  yerinə  yetirmiş, rəşadətlə  döyüşərək  şəhid  olmuş  qəhrəmanlar – Qafarov  Rəşid  Əlisəfa  oğlunun,  Nadirov  Nicat Hüseyn  oğlunun,  Rzayev  Elşən  Dadaş  oğlunun,  Abasov  Ayaz  Nizami  oğlunun,  İsayev  Təbriz  İsabala oğlunun,  Şərifov  Mirnağı  Qasım  oğlunun  və  Hüseynov  Fərid  Fətəli  oğlunun  xatirə  abidə-kompleksinin  açılış mərasimi  keçirildi. Mərasimdə  RİH  başçısı  Rafiq  Cəlilov  şəhid  ailələrinin   üzvlərinə  başsağlığı  verib,  Vətən  müharibəsində  həlak  olan  bütün  şəhidlərimizə  Allahdan  rəhmət,  ailələrinə səbir  diləyib.  Abidənin   açılışında  çıxış  edənlər  44  günlük  Vətən  müharibəsində  Azərbaycan Respublikasının  Prezidenti,  Silahlı  Qüvvələrin  Ali  Baş  Komandanı İlham  Əliyevin  rəhbərliyi  ilə rəşadətli  Azərbaycan  Ordusunun  əsgər  və  zabitlərinin,  o  cümlədən  cəlilabadlı  döyüşçülərin   Birinci  Qarabağ   və   Vətən  müharibələrində   qəhrəmanlıqlarından,  şəhidlərin  gənclərə  nümunə  olan  qısa, lakin şərəfli  ömür  yolundan  danışıldı.  Vurğulandı   ki,  məhz  onların  döyüş  əzmi  və  Ali  Baş Komandan,  cənab  Prezident  İlham  Əliyevin  qətiyyəti,  düzgün  qərarları  sayəsində  torpaqlarımız işğaldan  azad  olunub.

Mərasim  iştirakçıları  abidə-kompleksinin  önünə   gül  dəstələri  düzüb,  düşmən tapdağı  altındakı  torpaqlarımızın  azad  olunmasında  qəhrəmanlıqlar  göstərərək  şəhidlik  zirvəsinə ucalmış  döyüşçülərin  xatirəsinə ehtiramlarını  bildirdilər.     

                                                                                        Ərəstun   ABDULOV,

              “Respublika”.