Siyasi qətiyyət, dəyişməz mövqe, yeni reallıqlar
SİYASƏT

Siyasi qətiyyət, dəyişməz mövqe, yeni reallıqlar

Prezident İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində təxribatçılara, revanşistlərə ciddi xəbərdarlıqlar etdi

Prezident İlham Əliyevin “CNN Türk” televiziya kanalına verdiyi müsahibə siyasi iradənin yaratdığı dəyişməz mövqedir. Müsahibədə Azərbaycanın müstəqil siyasətinin dəyişməz olduğu diqqətə çatdırılır, eyni zamanda 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqların yaratdığı imkanlar təhlil edilir. Bütövlükdə Prezident İlham Əliyev bu müsahibə ilə dünyaya bir daha bəyan etdi ki, Azərbaycan mehriban qonşuluq və səmimi dostluq strategiyasına sadiq olmaqla bərabər, sərhədlərini və təhlükəsizliyini qorumaq qüdrətinə malikdir.

Türkiyənin Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver və Türkiyənin Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin rəhbəri Volkan Aydemirin Prezident İlham Əliyevin “CNN Türk” televiziya kanalına verdiyi müsahibə ilə bağlı fikirlərini oxuculara təqdim edirik.

Prezident İlham Əliyev “CNN Türk”ə müsahibəsi ilə bir daha Azərbaycanın sülh, əməkdaşlıq və tərəfdaşlıq mövqeyində olduğunu nümayiş etdirir. Dövlət başçısı böyük diplomatik nəzakət və humanistlik göstərərək Ermənistana sülh təklif edir. Əslində, Azərbaycan qalib dövlət olaraq Ermənistanı sülhə məcbur etmək üçün fərqli yollara da əl ata bilər. Hətta Azərbaycanın bir neçə dəfə imkanı da var idi ki, yenidən “Dəmir yumruğu”nu işə salsın. Amma Azərbaycan səbir edir, praqmatik dövlət olaraq addımlar atır, düşmənin, havadarlarının təxribatlarına baxmayaraq, bütün dünyaya sülh, əməkdaşlıq niyyətini göstərir. Bu fikirləri Türkiyənin Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek vurğulayıb. O deyib: “Əlbəttə, Ermənistan da bu fürsətdən istifadə etməlidir. Çünki Azərbaycanın sülh təklifi daimi, əbədi olaraq masa üzərində qalmaq üçün deyil. Ermənistan və havadarları da bilir ki, Qarabağla bağlı məsələnin “hərbi həlli yoxdur” tezisi artıq işə yaramır. Azərbaycan qalib dövlət olaraq sülh əlini uzadıb. Ermənistan rəhbərliyi Azərbaycanın sülh əlini tutsa, bölgəyə sabitlik gələcək. Yox, yenə də təxribatlara əl atsa, o zaman “Dəmir yumruq” yenidən işə düşəcək”.

Diqqətçəkən digər mühüm məsələ Prezident İlham Əliyevin Qarabağda yaşayan erməni icmasını “yolunu azmış Azərbaycan vətəndaşları adlandırması” və onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilməsi oldu. Verilən mesaj incə bir mesaj idi, - deyir professor İbrahim Öztek. Yəni Azərbaycan vətəndaşını, yolunu azmış olsa belə, dövlətmiz düzgün yola gətirmək iqtidarındadır. Bu missiyanı daimi, yaxud uzunmüddətli sayaraq yanlış hesab quranlar belə səhvə yol verməməlidirlər. Çünki üçtərəfli Bəyanatda hər bir məsələ konkret vaxt göstərilməklə açıq şəkildə qeyd edilib. ATƏT-in Minsk qrupundan söhbət açan İbrahim Öztek qeyd edib ki, 30 il ərzində nə ATƏT-in Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşdı, nə də BMT özünün qəbul etdiyi qətnamələrin icrasına nail oldu. Bu zaman kəsiyində aparılan danışıqların heç bir əməli nəticəsi olmadıqca, məsələnin faktiki olaraq dondurulması prosesi gedirdi. Azərbaycan Prezidenti bütün bu illər ərzində dəfələrlə demişdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Nəhayət, cənab İlham Əliyevin dediyi sözlər öz yerini tutdu və Azərbaycan Vətən müharibəsinə başlayaraq öz tarixi torpaqlarını işğaldan azad etdi. Tarixi ədalət zəfər çaldı, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi. Ermənistan bütün dövrlərdə qeyri-konstruktiv və irrasional mövqe nümayiş etdirib, faktiki olaraq, danışıqlardan imtina edib. Bu fikri Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver deyib. O, Azərbaycan ordusunun peşəkarlığından, döyüş əzmindən və Azərbaycan xalqının birliyi nəticəsində tarixi torpaqların 44 günlük Vətən müharibəsində düşmən tapdağından azad olmasını tarixi qələbə adlandırıb. Akkan Suver deyir ki, erməni xalqı və hakimiyyəti artıq məğlubiyyəti qəbul edib. Bu qənaətin əsas mənbəyi odur ki, 20 iyun seçkilərində ermənilərin 54 faizi məğlub ali baş komandanlarına səs verərək onu yenidən “lider” seçiblər. Bu həqiqətin bir qədər yumşaq ifadəsi odur ki, ermənilər yeni reallığı qəbul edir və sülhə məhkum olduqlarını anlayırlar. Ancaq təəssüf ki, yenə də kimlərsə erməniləri özlərinin məqsədləri naminə yeni avantüraya sürükləmək istəyir. Əgər ermənilər yeni vəziyyətlə barışıblarsa və işğal faktının Azərbaycan tərəfindən aradan qaldırılması reallığını qəbul edirlərsə, onda, görəsən Ermənistanı niyə zorla Azərbaycana qarşı silahlandırmağa cəhd göstərirlər? Məqsəd nədir? Heç kim Azərbaycanın tarixi Qələbəsi ilə başa çatmış 44 günlük müharibədə baş verənləri unutmamalıdır. Əgər Rusiyadan Ermənistana 30 ildə milyardlarla dollar dəyərində verilən silahlar hərbi balansı Ermənistanın xeyrinə dəyişə bilmədisə, bu gün o milyardlar hesabına əldə edilən silahlar Azərbaycanın Hərbi Qənimətlər Parkında sərgilənirsə, növbəti cəhdin də aqibəti belə olmağa məhkumdur. Əgər belə təxribatlar davam edəcəksə, Azərbaycan tərəfi artıq önləyici tədbirlər görməyə məcbur qalacaq və 44 günlük müharibədən dərs çıxarmayan erməni millətçilərinə yenidən dərs verməli olacaq.

Prezident İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsində verdiyi cavabların hər kəlməsinin arxasında sülh çağırışları dayanırdı. Bu da ölkə başçısının nə qədər humanist və sülhsevər olduğunu göstərir. Cənab Prezident Vətən müharibəsindən əvvəl də uzun müddət münaqişənin sülh yolu ilə həll olunmasına çalışdı. Təmkinlə, səbirlə gözlədi, amma birmənalı şəkildə bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. Bu müsahibədə də cənab Prezidentin dəyişməz mövqeyinin şahidi olduq. Bu fikirləri Türkiyənin Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin rəhbəri Volkan Aydemir söyləyib. O deyib: “Reallığı, gerçək vəziyyəti dərk etmək və nəticə çıxarmaq ağıl tələb edir. Təəssüf ki, saxta ideologiya erməni toplumunun, eləcə də Ermənistan rəhbərliyinin beynini zəhərləyib. Onlar tarixin heç bir dövründə gerçəklərdən nəticə çıxarmayıblar. Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın şərtləri beynəlxalq öhdəlikdir. Çünki bu Bəyanat bütün dünyanın gözü qarşısında götürülmüş öhdəliklər əsasında imzalanmış sənəddir. Ona görə də Ermənistan vaxtı itirmədən Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində qəti addımlar atmalı, öhdəliklərini yerinə yetirməlidir”. Volkan Aydemir Zəngəzur dəhlizinin yaradılması ilə bağlı da fikirlərini bildirib. Onun sözlərinə görə, yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi Ermənistanın da maraqlarına cavab verə bilər. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İran, həm də Rusiya ilə əlaqə yarada bilərlər.

Ancaq Prezidentin dediyi kimi, Ermənistanda ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya insanların və hakim dairələrin beyinlərini o dərəcədə zəhərləyib ki, onlar bunu istəsələr də, dilə gətirə bilmirlər. Zəngilanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi istənilən halda açılacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək növbəti tarixi zəfər olacaq deyir Volkan Aydemir. Türkiyə-Azərbaycan münasibətlərinə toxunan V.Aydemir Azərbaycanın sevinci, bizim sevincimiz, qüruru bizim qürurumuz, dərdi, ağrısı, problemi də bizim problemimizdir deyib. O, Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik - sözlərini diqqətə çatdırıb və ölkəmizin haqlı mübarizəsini daim müdafiə etdiklərini vurğulayıb. Türkiyə-Azərbaycan birliyi artıq regional amildir, bəlkə də nə vaxtsa qlobal amilə çevriləcək. Çünki indi başqa ölkələrlə də müttəfiqlik əlaqələri formalaşmaqdadır. Bu, bəzilərini narahat edir. Ona görə aramıza girməyə, təxribatlar törətməyə çalışanlara üzümü tuturam və bir ananı kimsə övladlarından ayıra bilməz deyirəm.

Esmira Yazkan Aslanova,

“Respublika” qəzetinin Türkiyə üzrə müxbiri.