ŞƏRƏFLİ, QÜRURLU TARİX
Siyasət

ŞƏRƏFLİ, QÜRURLU TARİX

2020-ci il sentyabr ayının 27-də Ermənistanın növbəti genişmiqyaslı təxribatlarına cavab olaraq Vətən müharibəsi başlandı. Xalq, ordu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında monolit birlik, fədakarlıq nümayiş etdirdi. Şanlı ordumuz hərb meydanında misilsiz qələbə qazandı. İşğal altında olan torpaqlarımız, xüsusilə, Qarabağın döyünən ürəyi, çox mühüm siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhəri azad edildi.

Ümummilli lider Heydər Əliyevin bir kəlamını xatırlamaq yerinə düşər: "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur". Qəhrəman, igid döyüşçülərimiz ağır hərbi texnikadan, odlu silahlardan istifadə etmədən Şuşanı işğaldan azad etdilər. Düşmən bunu heç gözləmirdi. Şuşa əməliyyatı təkcə ölkəmizin deyil, dünyanın hərb tarixində yeni, müasir döyüş taktikası, yeni döyüş modeli kimi çox unikal, nadir bir nümunədir.

Azərbaycanın böyük qələbəsi regionda yeni reallıqlar yaratdı.İllərlə kağız üzərində qalmış BMT qətnamələri qüdrətli ordumuzun gücü ilə döyüş meydanlarında icra olundu. Son iki əsrdə ilk dəfə olaraq müharibədə torpaq itirmədik, əksinə, namərd düşmənin işğal etdiyi əraziləri geri aldıq.

44 günlük müharibə Azərbaycanın gücünü, qüdrətini, Ali Baş Komandanımızın qətiyyətini, müdrikliyini, ordumuzun peşəkarlığını, rəşadətini dünyaya göstərdi. Şanlı qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Ölkəmiz ən yüksək səviyyədə qalib dövlət kimi tanındı.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həm hərb meydanında, həm diplomatik müstəvidə, həm də informasiya savaşında polad iradəsi, qətiyyəti, əzmkarlığı, müdrik idarəetmə qabiliyyəti qələbənin əldə olunmasında misilsiz rol oynadı. Düşmən Azərbaycan əsgəri qarşısında diz çökdü. Ermənistan kapitulyasiya bəyanatını imzalamağa məcbur oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin aşağıdakı dəyərli fikirləri həmişə xatırlanır: "Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim". Bu, müdrik ölkə başçısının, igid, qətiyyətli sərkərdənin müstəqil Azərbaycanın qurucusu və memarı, xalqımızın ümummilli lideri olan atası qarşısında tarixi hesabatı idi.

27 sentyabr - Anım Günüdür. Bu, xalqımızın qan yaddaşında, ölkəmizin tarixində əbədi yaşayacaq tarixdir. Məhz həmin gün 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcını qoydu.

O günlər xalqımızın nəbzi şanlı ordumuzla birgə döyünürdü. Respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da gənclər müharibənin ilk günündən cənab Ali Baş Komandanın çağırışına səs verərək cəbhəyə könüllü yazıldılar və Ordumuzun əks-hücum əməliyyatlarında hünər, cəsarət, igidlik, şücaət göstərdilər.

Əlbəttə, müharibə itkisiz olmur. Lənkəran döyüşlərdə 65 şəhid verdi, 142 nəfər yaralandı. Qəhrəman qazilər, müharibə iştirakçıları zəfərlə, qələbə sevincləri ilə evlərinə qayıtdılar.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə fəal iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş lənkəranlılardan 10 nəfər ordenlə, 1876 nəfər medallarla təltif olundu.

Ölkəmizdə hər zaman mübariz oğul və qızların şücaəti, qəhrəmanlığı yüksək qiymətləndirilir. Xalqımız Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstərir, xatirəsini daim uca tutur.

 Şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına dövlətimiz tərəfindən ardıcıl, davamlı şəkildə qayğı göstərilir. Lənkəranda bu qəbildən olan insanlar üçün təzə beşmərtəbəli yaşayış binası tikilib istifadəyə verilib. Şəhid adları əbədiləşdirilib. Bir vaxtlar yaşadıqları küçə ölməz qəhrəmanların adlarını daşıyır. Evlərinin divarlarına xatirə lövhəsi vurulub. Parlaq, unudulmaz xatirələri şərəfinə rayonun şəhər, qəsəbə və kəndlərində şəhid bulaq kompleksləri tikilib.

Fəxrlə qeyd etmək olar ki, Vətən müharibəsində ədliyyə işçiləri də mərdlik, şücaət göstərmiş, ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmişlər. Onlardan 4-ü şəhidlik zirvəsinə ucalıb. Müharibə dövründə ədliyyə işçiləri xalqımızla, ordumuzla həmrəylik nümayiş etdirmiş, müxtəlif aksiyalarda fəal iştirak edərək Silahlı Qüvvələrə yardım fonduna əməkhaqlarından vəsaitlər köçürmüş, yaralılar üçün keçirilən qanvermə aksiyalarında iştirak etmişlər.

Bu gün Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonları böyük tikinti, bərpa, quruculuq meydanına çevrilib. Məcburi köçkün soydaşlarımız uzun ayrılıqdan sonra doğma yurdlarına qayıdırlar. Qarabağın xoş, gözəl növrağı yenidən başlanır. Möhtərəm Prezidentimizin dediyi kimi: "Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".

Davud AĞAYEV,

Lənkəran Rayon İcra və Probasiya

şöbəsinin rəisi.