Sənaye potensialı ölkəmizi gücləndirir
İQTİSADİYYAT

Sənaye potensialı ölkəmizi gücləndirir

İqtisadiyyatın sənayeləşməsi və innovativ istehsalın inkişafı daha da sürətləndirilib

İqtisadiyyatın hərtərəfli inkişafını təmin etmək, yüksək texnologiyalar əsasında sənayenin davamlı inkişafına və şaxələndirilməsinə nail olmaq Azərbaycan dövlətinin iqtisadi siyasətinin əsas məqsədlərindən biridir. Son illər müasir dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini  və innovativ istehsalın inkişaf etdirilməsini daha da sürətləndirib. Belə ki, ölkəmizdə iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir. Respublikamızın bütün bölgələrində dünya səviyyəli, ən müasir sənaye müəssisələri yaradılır ki, bu da ölkəmizin  ümumi sənaye potensialını  gücləndirir, təməli qoyulan böyük sənaye layihələri ölkə tələbatını ödəməklə yanaşı, ixrac potensialını da genişləndirir.

Ölkəmizdə aparılan sosial-iqtisadi siyasət həm də regional xarakter daşıyır və bu istiqamətdə regionlara xüsusi diqqət ayrılır, onların inkişafı ilə əlaqədar dövlət proqramları qəbul edilir, müvafiq layihələr həyata keçirilir. Regional inkişaf proqramları isə öz növbəsində ölkəmizin həm iqtisadi, həm coğrafi baxımdan çoxşaxəli şəkildə inkişaf etməsinə şərait yaradır. Belə ki, regionlarda müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisələrinin  tikilib  istifadəyə verilməsi və bunun  nəticəsində yeni iş yerlərinin  yaradılması iqtisadi siyasətin uğurlu təzahürüdür. 

Sənayenin daha sürətlə və innovativ inkişafını təmin etmək üçün biznes sektoruna müəyyən güzəştli kreditlərin və yardımların edilməsi, inzibati prosedurların sadələşdirilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili bu sahənin inkişafını daha da sürətləndirir, sənaye müəssisələrində rəqabətədavamlı məhsul istehsalına təkan verir. Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarını genişləndirən yüzlərlə müasir sənaye müəssisələri, yeni istehsal sahələri, o cümlədən sənaye parkları, sənaye məhəllələri yaradılır. Sənaye məhəllələri və parkları davamlı inkişaf sahəsində iqtisadi artımın təmin olunmasında, sosial bərabərlik və ətraf mühitin qorunmasında, istehsal sahəsinin inkişaf etdirilməsində, investisiya və texnologiyaların cəlb edilməsində vacib amil olaraq dəyərləndirilir.

Ölkə iqtisadiyyatının hərtərəfli inkişafının təmin edilməsi, yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafı və şaxələndirilməsi məqsədilə Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin  “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” fərmanı ilə ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinə xidmət edən sənaye məhəllələri yaradılmışdır. Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi əsas prioritet istiqamət olduğundan, bu istiqamətdə yeni sənaye və emal müəssisələrinin  yaradılması dövlət siyasətinin  əsas hədəflərindəndir. Bu baxımdan sənaye məhəllələri daha çox mikro, kiçik, orta sahibkarlıq subyektləri üçün əlverişli məkandır. Burda sahibkarlara dövlət tərəfindən infrastrukturla yanaşı, eyni zamanda hazır korpuslar tikilib istifadəyə verilir ki,  bu da müəssisələrin qısa müddət ərzində istehsal prosesinə başlamasına yardım  edir.  Sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılması məqsədi daşıyan bu müəssisələr sənayenin inkişafında xüsusi əhəmiyyətə malikdir.

Bu gün ölkəmizdə istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edən  Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərur  sənaye məhəllələri yaradılıb ki, bunlardan Hacıqabul, Neftçala, Masallı sənaye məhəllələri artıq fəaliyyətə başlayıb. Sabirabad sənaye məhəlləsində rezidentlər tərəfindən avadanlıqların quraşdırılması, Şərur sənaye məhəlləsində isə tikinti işləri davam etdirilir.

Ərazisinə görə Azərbaycanın, hətta Qafqazın ən böyük sənaye müəssisəsi olan Hacıqabul Sənaye Məhəlləsinin açılış mərasimində Prezident İlham Əliyev də iştirak etmişdir. Ölkə başçısının  2017-ci il 25 iyul tarixli sərəncamına uyğun olaraq yaradılan Hacıqabul Sənaye Məhəlləsində qeyri-neft sənaye məhsulları - mineral gübrələr, su qabları, meyvə və tərəvəz qablaşdırılması üçün taraların istehsalı, tikinti avadanlıqları istehsal edən zavod və maşınqayırma zavodu istehsala başlayıb. İzolyasiya materialları, balıq yemi, qablaşdırma məhsulları və digər istehsalat sahələrinin də fəaliyyəti nəzərdə tutulub. Ümumi investisiya həcmi 45,44 milyon manat təşkil edən məhəllədə qeydiyyatdan keçmiş 10 rezidentdən 5-i artıq istehsal prosesinə başlayıb. Ən müasir texnologiyalar əsasında qurulan müəssisə sənaye avadanlıqları ilə yanaşı tikinti  məhsullarını istehsal edən zavodların avadanlıqlarını da istehsal edir.

2017-ci ildə fəaliyyətə başlayan Neftçala Sənaye Məhəlləsində balıq və quş yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, qaynaq materialları, elektrod istehsalı, kənd təsərrüfatında istifadə olunan qoşqular, kotan, toxumsəpən, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi və s. ilə məşğul olan 8 müəssisə qeydiyyatdan keçib. 2018-ci ildə burada fəaliyyətə başlayan “Xəzər” avtomobil zavodunda istehsal olunan avtomobillərin  daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcəyi nəzərdə tutulur.

2017-ci il 28 noyabr tarixində Sabirabad Sənaye Məhəlləsinin də  təməli qoyulub. Bu sənaye məhəlləsində  qeydiyyatdan keçən 8 müəssisədən 2-si artıq fəaliyyətə başlayıb. Ümumilikdə, sənaye məhəlləsində 150-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Masallı Sənaye Məhəlləsi  2018-ci ildə yaradılıb. Sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün zəruri olan xarici və daxili infrastruktur, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri inşa edilmiş, iştirakçı kimi qeydə alınmış doqquz müəssisədən  6-sı artıq fəaliyyətə başlamışdır.

Naxçıvan Muxtar Respublikasında aparılan iqtisadi islahatlar ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun davam etdirilir. Muxtar respublikada ixracyönümlü müəssisələrin yaradılması və ixracın daha da genişləndirilməsi son illərin iqtisadi hədəflərindən biri kimi qarşıya qoyulub. Ölkə Prezidentinin müvafiq fərmanına əsasən 2019-cu ildə muxtar respublikada sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Şərur Sənaye Məhəlləsi yaradılıb. Xidmət infrastrukturunun inkişaf etməsi, eləcə də sosial-iqtisadi inkişafın mühüm göstəricilərinə görə muxtar respublikanın ərazicə ən böyük rayonlarından olan  Şərurda sənaye məhəlləsinin formalaşması üçün geniş imkanlar və gələcək perspektivlər mövcuddur. 6 istehsalat korpusundan ibarət olacaq sənaye məhəlləsində ilkin olaraq bitki yağı, ofis ləvazimatları, kağız-torba və corab istehsalı sahələrinin yaradılması nəzərdə tutulub. Bu, həmin məhsulların idxalının azaldılmasında mühüm rol oynamaqla, ixracın və rəqabət qabiliyyətinin artırılmasında da  xüsusi əhəmiyyət daşıyacaq. Fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun - elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektlərinin qurulmasını təmin etmək məqsədilə dövlət büdcəsindən 5 milyon manat ayrılan sənaye məhəlləsində qeyri -neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, xidmət müəssisələri, o cümlədən xalça fabriki də fəaliyyət göstərəcək.

Ölkə Prezidenti İlham Əliyevin Fərmanı ilə Şərur Sənaye Məhəlləsinin yaradılması Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının şaxələndirilməsi və ixrac potensialının artırılması istiqamətində atılmış mühüm addımdır. İqtisadi inkişafın prioritet istiqaməti kimi muxtar respublikanın xarici ölkələrlə qarşılıqlı ticarət əlaqələri gündən -günə genişləndirilir, mövcud istehsal sahələrinin artırılması və ixracyönümlü istehsal müəssisələrinin yaradılması, idxalın həcminin azaldılması və ixrac potensialının gücləndirilməsi istiqamətində əsaslı işlər görülür.

Şərur Sənaye Məhəlləsi muxtar respublikanın iqtisadi və sosial məsələlərinin həllinə, perspektiv inkişafına mühüm  təsir göstərərək sürətli texniki -iqtisadi yüksəlişi özündə əks etdirməklə son dərəcə müasirliyi və mütərəqqi texnologiyaları ilə seçiləcək. Şərurda yeni iş yerlərinin açılması və  məşğulluq probleminin həllində Şərur  Sənaye Məhəlləsi mühüm rol oynayacaq.

Sənaye məhəlləsinin yaradılması eyni zamanda göstərilən hərtərəfli xidmət, stimullaşdırma tədbirlərinin həyata keçirilməsi ilə rəqabətqabiliyyətli daxili və xarici bazarın tələbatına uyğun məhsul istehsalına, istehsalın perspektiv fəaliyyətinə və istehsal vasitələrindən effektiv istifadəyə imkan verəcəkdir. Sənaye məhəlləsi muxtar respublikada sənayeləşmə prosesləri üçün əsas çətinliklər yaradan texnoloji və maliyyə imkanlarının məhdudluğuna, eləcə də infrastrukturun zəif qurulması ilə əlaqədar əməliyyat xərclərinin yüksək olmasına və digər maneələrin aradan qaldırılmasına da öz töhfəsini verəcək.

Ekoloji təhlükəsizlik tədbirlərinin təşviq olunması, istehsal xərclərinin azaldılması, su və enerjidən səmərəli istifadə olunması, çirklənmənin qarşısının alınması, tullantıların təkrar emalı üçün də əlavə imkanlar yaradacaq Şərur Sənaye Məhəlləsi yeni investisiyalar cəlb etməklə həm bölgə, həm də muxtar respublikanın  iqtisadiyyatında mühüm əhəmiyyət kəsb edəcək.

                                                                  Mehparə ƏLİYEVA,

    “Respublika”.