Şəhidlik qəhrəmanlığın ali zirvəsidir
Sosial həyat

Şəhidlik qəhrəmanlığın ali zirvəsidir

Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. Bu müqəddəs yolda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Şəhidlik vətənpərvərliyin ən ali, yüksək məqamıdır. Belə ucalığa yüksələn, qismətinə bu şərəfli ad  düşən, torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətənin igid oğullarından biri də Azərbaycan Ordusunun  gənc zabiti,  baş leytenant Murad Yusif oğlu İbadovdur.

Qobustan rayon Cəyirli kəndində 1993-cü il dekabrın 29-da anadan olan Murad İbadov orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ildən Bərdə rayonunda yerləşən 1-ci Ordu Korpusunda  “N” saylı hərbi hissədə hərbi qulluqçu kimi fəaliyyətə başlayıb, Aprel döyüşlərinin iştirakçısı olub. Gənc zabit Murad İbadovun da iştirak etdiyi döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnmişdir. Aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri 2000 hektardan çox ərazini azad etmiş, həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi.

27 sentyabr 2020-ci il tarixində başlanmış İkinci Qarabağ Vətən müharibəsinin ilk günlərindən Murad İbadov döyüşə qatılır. Ermənistan Silahlı Qüvvələri tərəfindən iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı  artilleriya qurğuları vasitəsilə Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri intensiv atəşə tutulmuşdu. M.İbadovun xidmət etdiyi hərbi hissə əks-hücum əməliyyatı ilə Qarabağın şimal, şimal-şərq və cənub-şərq cəbhəsi boyunca hücuma keçir. Ordumuz ilk həmlədə Ermənistan ordusunun müdafiə istehkamlarını yararaq cəbhəboyu istiqamətində irəliləməyə başlayır. Əməliyyat nəticəsində düşmən ordusu xeyli canlı qüvvə  və texnika itirir.

Döyüşçülərimiz bu hücumda   Madagizi ələ keçirməklə düşmənin enerji potensialına zərbə vurur və burada Azərbaycan bayrağını qaldırır.  Bu xoş xəbərin ardınca Azərbaycan Prezidenti,Ali Baş Komandan İlham Əliyev bir məlumat paylaşır: “2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır”.

Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə  mühasirəyə düşərək ağır yaralanan Murad son nəfəsinə qədər düşmənlə mübarizə aparır. Oktyabrın 15-də qəhrəmancasına şəhid olur. Gənc zabitin 36 gün neytral bölgədə qalan nəşi ailəsinə təhvil verilir.

Şəhid Murad İbadov noyabrın 22-də doğulduğu Cəyirli kənd qəbiristanlığında torpağa tapşırılıb.

 Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş əməliyyatlarına qatılan, hərbi hissə qarşısında qoyulmuş döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Murad Yusif oğlu İbadov ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.