Şəhid  Nicat Xəlilli bulağı
Sosial həyat

Şəhid  Nicat Xəlilli bulağı

Zaqatala gəncləri də torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmişə ön sırada olmuş, ölkə rəhbərliyinin bütün əmr və çağırışlarına hazır olmuş, tarixi Zəfərimizə böyük töhfələr vermişlər. Məhz həmin vətənpərvərliyin nəticəsidir ki, rayonun 196 sakini Birinci, 33 nəfər isə İkinci Qarabağ savaşında şəhidlik zirvəsinə yüksəlib.

Vətən müharibəsinə könüllü qoşularaq canını fəda edən gənclərdən biri də Zaqatalanın Muğanlı kəndində doğulub böyümüş Xəlilli Nicat Əli oğludur. Xəlilli Nicat Əli oğu 9 dekabr 1994-cü ildə Zaqatala rayonunun Muğanlı kəndində doğulub. 2020-ci il sentyabrın 29-da könüllü Vətən muharibəsinə qatılıb, Kəlbəcər, Ağdam, Ağdərə, Goranboy rayonlarının düşməndən təmizlənməsində şücaət göstərib. 9 oktyabrda Goranboyun Gülüstan kəndi istiqamətindəki döyüşlərdə şəhidlik məqamına yüksəlib. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad edilməsinə görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Şəhidimizin doğma yurdunda onun adını daşıyan, unudulmaz xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılış mərasimi keçirildi.  Tədbirdə Elşən Musayev şəhidin ömür və döyüş yolu barədə qısa məlumat verdi.  Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə qalibiyyət dolu Vətən müharibəsindən söhbət açaraq, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, rəhbər-xalq birliyi, insanların aşıb-daşan vətənpərvərlik duyğuları, eləcə də Vətəni azad görmək əzmini cəbhədəki uğurlu əməliyyatların və qazanılan qələbələrin əsası olduğunu söylədi: "Bununla da Azərbaycan məğlubdan qalibə çevrildi, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirdi, öz şərtlərini diqtə eləməyə başladı... Həmin tarixi Zəfərdə digər vətən övladları ilə yanaşı, şəhid balamız Nicatın da payı var. Ruhu şad olsun, onu belə mərd, cəsur, doğma məmləkətə sevgi ilə böyüdüb tərbiyə edən valideynlərinə təşəkkür edirəm! İstər şəhid ailələri, istərsə də qazilər və digər müharibə iştirakçıları dövlətimizin mütəmadi qayğısı ilə əhatə olunublar".

Kənd ziyalılarından Firəngiz Əhmədova, Muğanlı orta məktəbində şəhid Nicatın müəllimi olmuş Nəsib Yusifov və başqaları Azərbaycanın daim sülhməramlı siyasət yeritdiyindən, hələ torpaqlarımız düşmən tapdağında qalan vaxtlarda ölkə rəhbərliyinin dəfələrlə sülh və diplomatik yollarla münaqişənin həlli təkliflərindən danışaraq, Cəbrayıl və Tovuz istiqamətlərindəki təxribatlardan sonra səbrimizin tükəndiyini, Nicat kimi minlərlə gəncin döyüşə atıldığını, cəbhədə qəhrəmanlıq göstərdiklərini bildirdilər.

Sonda şəhidin ruhuna dualar oxundu.

Qurban MƏMMƏDLİ.